Tarix : 2009 Oct 14
Kod 14493

YAP-çı DEPUTATIN OBYEKTİNDƏ QAN TÖKÜLDÜ

«Avtoqarant» ASC-nin mühafizəçiləri arasında bıçaqlaşma olub
Azərbaycan Servisi/Aran Agentliyi
Srağagün gecə Xətai rayonu ərazisində, NSZ qəsəbəsi, Mingəçevir küçəsində yerləşən «Avtoqarant» Açıq Səhmdar Cəmiyyətinin mühafizəçiləri arasında yaranmış mübahisə sonradan qan tökülməsi ilə nəticələnib (ANSpress). Məlumat üçün bildirək ki, cəmiyyətin səhmləri iki sahibkara məxsus olduğundan hələ bir müddət öncə tərəflər arasında idarəçilik üstündə məhkəmə davası yaranıb. Nəticədə hər iki sahibkar müəssisədə öz mühafizəçilərindən ibarət qrup təşkil edib. Elə mübahisə də həmin qruplar arasında meydana gəlib.ANSpress-in yaydığı məlumatda bildirilir ki, baş vermiş münaqişə zamanı müəssisənin mühafizəçiləri 26 yaşlı Əli Musa oğlu Dadaşov və onun qardaşı 22 yaşlı Tariyel Dadaşov müxtəlif bədən xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Xəstəxananın həkimləri tərəfindən Əli Dadaşova qarının ön divarının kəsilmiş deşilmiş yarası, Tariyel Dadaşova isə burnunun kəsilmiş yarası diaqnozu təyin edilib. Tariyelin xəsarəti yüngül dərəcəli olduğu üçün ona ambulator müalicə təyin edilib, Əli Dadaşov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisənin hansı zəmində baş verməsinə gəlincə, qardaşların Elşad adlı digər bir mühafizəçi ilə əlbəyaxa olduqları məlum olub. Şahid Tural Cəfərov deyir ki, hadisə baş verərkən yemək yeyirmişlər: «Bəyəli deyilən şəxs gəlib dedi ki, bunları atın bayıra. Bu vaxt Elşad, Əlini kənara çəkib şirin-şirin söhbətə başladı. Birdən ona bıçaq vurdu. İkinci bıçağı vurmaq istəyəndə özümüzü yetirdik». Cəmiyyətin mülkiyyətçisi Ədalət Bağırov ANSpress-ə açıqlamasında bunları deyib: «Mənə zəng elədilər gəldim. Gördüm təcili yardım iki nəfəri aparır. Birinin qarnında yara var idi, o birisinin də burnunda».
«Avtoqarant» Açıq Səhmdar Cəmiyyətinin 62 faiz səhminin sahibi olan Ədalət Bağırov onu da əlavə edib ki, buna bənzər hadisələr əvvəllər də bir neçə dəfə olub. Ədalət Bağırovun sözlərinə görə, cəmiyyətin hazırkı idarə heyətinin sədri Bəyəli Hacıyev onun müəssisəyə daxil olmasına qadağa qoyduğundan, o da öz mühafizəçilərini oraya yerləşdirib. Bu isə digər tərəfin qəti narazılığına səbəb olub. Odur ki, onların bayıra atılmasına qərar verilib. İdarə heyətinin sədri Bəyəli Hacıyevin bildirdiyinə görə isə Elşad yaranmış vəziyyəti yoluna qoymaq istəyərkən hücuma məruz qalıb.
«Avtoqarant» ASC-nin sədri Bəyəli Hacıyev ANSpress-in müxbiri ilə söhbətdə bildirib ki, hadisə haqda ona məlumat verilən kimi təcili yardım çağırıb: «Gəldim idarənin qarşısına. Dedilər, Elşad burda dayanıb. Getdim onu görməyə ki, necədi? Sonra onların adamları mənim üstümə cumanda uşaqlarımız məni qaçırtdılar ki, vurmasınlar».
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırmalara başlanılıb. Hadisə şahidlərinin, eləcə də münaqişənin iştirakçılarının ilkin ifadələri alınıb. Bölmədən bildirilib ki, faktla bağlı hələlik saxlanılan olmayıb.
Xatırladaq ki, «Yeni Müsavat»ın ötən saylarında «Avtoqarant»ASC-də baş vermiş bir münaqişə barədə xəbər vermişdik. Belə ki, «Avtoqarant»ın İdarə Heyətinin keçmiş sədri Elmar Musayev və mülkiyyətçi səhmdar Ədalət Bağırov ASC-nin ofisinə gedərək orada dava salmışdılar. Onlar özbaşına müəssisənin gözətçisini dəyişdiriblər. Bu barədə ASC-nin təsisçi-səhmdarı Aydın Xıdırova, digər səhmdar, YAP-çı deputat Nazim Məmmədova məlumat verilib. Bundan sonra adıçəkilən şəxslər müəssisənin qarşısına gələrək içəri daxil olmaq istəyiblər. Həmin vaxt tərəflər arasında qarşıdurma yaranıb.
Dünən əməkdaşımız deputat Nazim Məmmədova telefon aşaraq ondan hadisə barədə rəy almaq istəyib. Deputat isə açıqlama verməkdən imtina edib.
  • Yazılıb
  • da (də) 2009 Oct 14