Zərdüşt Əlizadə: "Etiraf etməliyik ki, Türkiyə Azərbaycana kifayət qədər hərbi, siyasi və iqtisadi köməklik edib"
Azərbaycan Servisi/Aran Agentliyi
"Əminəm ki, Türkiyə Azərbaycan qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcək. Lakin biz Azərbaycan xalqı olaraq bilməliyik ki, Qarabağ məsələsi bizim problemimizdir. Türkiyə isə qonşuluq və bu kimi borcunu yerinə yetirməyə çalışıb". Bu sözləri FaktXəbərin əməkdaşına politoloq Zədrüşt Əlizadə Türkiyə Ermənistan arasında protokolların imzalanmasına münasibət bildirərkən deyib.
"Azərbaycan hakimiyyəti və xalqı anlamalıdır ki, Qarabağ Türkiyənin problemi deyil. Biz özümüz bu problemin həllində yorulmaz fəaliyyət göstərməliyik. Lakin təəssüf edirəm ki, Ermənistanla Türkiyə arasında imzalanan protokollarda Azərbaycanın problemləri qoyulmadı".
Münaqişənin həllində kifayət qədər vaxtın arxada qaldığını xatırladan Zərdüşt Əlizadə bildirdi ki, iyirmi ildir Ermənistan blokada şəraitində yaşayır. Bu vəziyyətdən Azərbaycan hakimiyyəti necə yararlanıb? Düşmən bizim mətbuatı oxuyanda torpaqları azad etmək deyil, tam fərqli münasibət görür. Bu günə qədər olunan yardımları bir anlıq unutmaq olmaz. Etiraf etməliyik ki, Türkiyə Azərbaycana kifayət qədər hərbi, siyasi və iqtisadi köməklik edib.
Türkiyənin siyasi xəttini bəyənən Z. Əlizadə belə əlavə etdi: "Türkiyənin xarici siyasətinə nəzər salsaq aydın olar ki, onun dövlət maraqları hər şeydən üstündür. Deyildiyi kimi, bu məsələ ABŞ-ın təsiri daxilindədirsə Türkiyənin maraqları çərçivəsində reallaşır. Fikrimcə, onlar siyasi gedişdə yanlışlığa yol verməyəcək.