İmam Sadiq (ə) özündən sonra misilsiz elmi irslə bərabər, kamil şəkildə bütöv bir hüquqi məktəb qoymuşdur
Beynalxalq Servisi/Aran Agentliyi
Hicri tarixilə 148-ci il şəvval ayının 25-də (bu il üçün oktyabr ayının 14-də) müsəlmanların 6-cı məsum imamı Həzrət Cəfər Sadiqin (ə) şəhadəti tarixidir. İmam Sadiq hicrətin 83-cü ilində rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası – 5-ci İmam Mühəmməd Baqir, anası - dövrün ən iffətli xanımlarından olan Ümmi Fərvədir. İmam Cəfər Sadiq (ə) – Kərbəla Şəhidi İmam Hüseynin (ə) nəticəsi, möminlərin Əmiri Həzrət Əlinin (ə) kötücəsidir.
İmam Cəfər Sadiqin (s) mübarək adı ilk növbədə İslamda akademik təhsil sistemi ilə bağlıdır. İmam Cəfər Sadiq (ə) tərəfindən təsisi edilən elmi mərkəzdə 4000-ə yaxın tələbə tədris almışdır. İmam Sadiq (ə) özündən sonra misilsiz elmi irslə bərabər, kamil şəkildə bütöv bir hüquqi məktəb qoymuşdur.
İmam Sadiqin (ə) İlahi dəyərlərin təbliğində göstərdiyi əvəzsiz rolu zəmanə zalımlarını rahat buraxmırdı. İslamın ədalət, bərabərlik, hüquqların qorunması, sinfi istismarın rədd edilməsi, zülmün qəbuledilməzliyi kimi prinsipləri zülm əhlinin maraqlarını pozurdu. Bütün təzyiq və təhdidlər qarşısında geri çəkilməyən İmam Sadiq (ə), hicri 148-ci il şəvval ayının 25-də Abbasi xəlifəsi Mənsur Dəvanaqinin əmri ilə zəhərləndirilərək, şəhid edilmışdir. İmamın (ə) mütəhhər məzarı Mədinənin müqəddəs Bəqi qəbiristanlığındadır.
Hacı İlqar İbrahimoğlu və İçərişəhər “Cümə” məscidinin dini icması bütün müsəlmanlara bü hüznlü tarix münasibətilə başsağlığı verir, Allah Təaladan İmam Cəfər Sadiqə (ə) layiq ardıcıllardan olmağı diləyir. İcma bu münasibətlə anım məclisi təşkil etmişdir. Tədbirdə İmam Sadiqin (ə) mübarək irsinin tədqiqinə həsr olunmuş xütbə oxunmuş, təvəssül duası oxunmuş və əzadarlıq mərasimi keçirilmişdir. Tədbirin sonunda “Fərəc” duası oxunmuşdur.