Tarix : 2009 Oct 14
Kod 14507

BAKIDA ƏRDOĞANIN ŞƏKİLLƏRİ YANDIRILDI

Polis Qarabağ Azadlıq Təşkilatının Türkiyə səfirliyi qarşısında keçirdiyi aksiyanı dağıtdı
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri dünən Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Əllərində plakatlar tutan, Ermənistanla sərhədlərin açılması əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları səfirliyə doğru irəliləməyə çalışıblar. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyiblər.
Aksiya iştirakçıları “Türkiyə, Qarabağı ermənilərə satma!”, “Ya Qarabağ, ya ölüm!”, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaq!”, “Türkiyə iqtidarına ar olsun!”, “Rədd olsun erməni terrorunu dəstəkləyənlər!” şüarları səsləndiriblər. Aksiya iştirakçıları Türkiyə prezidenti Abdulla Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun üzərindən qara xətt çəkilmiş şəkillərini başları üstünə qaldırıb, sonra isə o şəkillərə od vuraraq yandırıblar.
Polis aksiyanın dayandırılacağı təqdirdə üç nəfərə qətnaməni səfirliyə təqdim etməyə şərait yaradılacağını bəyan edib. QAT sədri Akif Nağı jurnalistlərə açıqlamasında Türkiyə hökumətinin verdiyi vədlərə inanmadıqlarını bildirib: “Türkiyə rəsmiləri dəfələrlə Qarabağ münaqişəsi həll edilməyənə kimi sərhədləri açmayacaqlarını bildirib. Ancaq protokollar imzalandı. İndi isə söz verirlər ki, parlament ratifikasiya etməyəcək. Ancaq biz buna inanmırıq. Qoy Türkiyə görsün ki, Azərbaycan cəmiyyəti onların bu hərəkətlərindən narazıdır”.
Bundan sonra polis A.Nağının müsahibə verməsinə icazə verməyərək aksiyanı dağıdıb, onu isə müsahibəsini yarıda kəsməyə məcbur edib. A.Nağı da daxil olmaqla, 6 nəfər (Asif Məmmədov, Şaiq Süleymanov, İlqar Əliyev, Mehman İsmayılov, Fərhad Ələkbərov) saxlanaraq Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsinə aparılıb. Polis bölməsində aksiya iştirakçılarından izahat alınıb, sonra isə onlar sərbəst buraxılıblar. Polis hətta qətnaməni səfirliyə təqdim etmək istəyən üç nəfəri də saxlayıb. Aksiyanın qarşısı alınıb.
QAT sədri aksiyanı baş tutmuş hesab edir: “Biz şüarlarımızı səsləndirdik, plakatlarımızı göstərdik. Polis isə bizi aldatdı. Onlar əvvəl dedilər ki, aksiyaçılardan üç nəfəri ayıraq və onlar qətnaməni səfirliyə təqdim etsinlər. Lakin onlar buna məhəl qoymadılar, həmin üç nəfəri də saxladılar”.
A.Nağı onu da bildirib ki, aksiyanın qətnaməsində Türkiyədən Ermənistanla sərhədlərin açılması siyasətindən geri çəkilmək, danışıqları davam etdirməmək tələb olunub.
Aksiyada saxlanan QAT sədrinin müavini Şaiq Süleymanov 20-ci polis bölməsində özünü pis etdiyindən Binəqədi rayon xəstəxanasına aparılıb. A.Nağının sözlərinə görə, 34 yaşlı sədr müavini çox emosional adamdır, bütün aksiyaların fəal iştirakçısıdır: “Bölmədə birdən onun vəziyyəti pisləşdi və həkim çağırası oldular. İlkin tibbi baxış zamanı ona ürək çatışmazlığı diaqnozu qoydular”.
  • Yazılıb
  • da (də) 2009 Oct 14