Tarix : 2009 Oct 16
Kod 14518

BAKIDA ŞƏHİDLƏR XİYABANINDA TÜRK BAYRAQLARI YIĞIŞDIRILDI

Şəhidlər Xiyabanındakı Türkiyə bayraqları bu gündən yığışdırılıb. Günorta radələrində bayraqlar flaqştoklardan götürülüb
Azərbaycan Servisi/Aran Agentliyi
Şəhidlər Xiyabanındakı Türkiyə bayraqları bu gündən yığışdırılıb. Günorta radələrində bayraqlar flaqştoklardan götürülüb.
Bu barədə həmin prosesin şahidi olan əməkdaşımız məlumat verib. Redaksiyamıza telefon açan oxucularımız və ictimaiyyət nümayəndələri də bu faktı təsdiqləyib. Daha sonra hadisə yerinə yola düşən əməkdaşımız Fərahim İlqaroğlu xəbər verib ki, bayraqları flaqştoklardan götürənlər Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri olublar. O, bu barədə Şəhidlər Xiyabanının nəzarətçilərinin birindən məlumat alıb. Nəzarətçi əməkdaşımıza deyib ki, özünü BŞİH-in işçiləri kimi təqdim edən şəxs bayraqların götürülməsi barədə qərar olduğunu deyiblər və əlavə ediblər ki, bundan sonra burada Türkiyə bayraqları olmayacaq.
“Media forum”un əməkdaşı bayraqların, həmçinin bayraqların sancıldığı dirəklərin yığışdırıldığını, dəmir dirəklərin xüsusi avadanlıqla kəsilib götürüldüyünü müşahidə edib. Dirəklərin boş qalan yerinə daş piltələr düzülüb.
Nəzaətçinin sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları oktyabrın 15-də və 16-da Şəhidlər Xiyabanında olublar, Səbail Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə danışıqlar aparıblar: “Türkiyə səfirliyinin hərbi attaşesi də burda olub”. Nəzarətçi deyib ki, abidə ətrafındakı bayraqlar burdan çıxarılandan sonra Türkiyə səfirliyinin əməkdaşlarına təhvil verilib.
Xatırladaq ki, hələ bu ilin mart-aprel ayında Şəhidlər Xiyabanındakı "Türk camesi" kimi tanınan məscid təmir adı bağlanıb və bir daha açılmayıb. Qeyd edək ki, məscidin bağlanması Türkiyə-Ermənistan sərhədinin açılması barədə söhbətlərin intensivləşdiyi vaxta təsadüf edirdi.
"Media forum"un yazdığına görə, abidə 1999-cu ildə qoyulub. Ətrafında tək Türkiyənin yox, Azərbaycanın da dövlət bayraqları olub.
2008-ci il aprelin 25-də prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanuna görə, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları bu yerlərdə qaldırıla bilər: xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları üzərində; xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə; xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycanın daxili sularında üzərkən və ya Azərbaycanın limanlarında dayanarkən həmin gəmilərdə; Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə.
Mİllət vəkili Pənah Hüseyn məsələ ilə bağlı əməkdaşımızla söhbət edərkən deyib ki, Türkiyə bayraqları Azərbaycan xalqının qəlbindədir: “Milli Məclisdə Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanun qəbul olundu. Hələ o zaman mən buna etiraz etdim. Çünki qanunun tətbiq olunacağı təqdirdə Türkiyə bayraqları da yığışdırılacaqdı. İstənilən halda mən 1918-ci ildə Bakını, bütövlükdə isə Azərbaycanı xilas etmiş türk əsgərlərinə qoyulmuş abidədən bayraqların çıxarılmasını olduqca yanlış bir addım sayıram. Bunu narahatlıq doğuran və əndazəni aşan bir hərəkət hesab edirəm”.
  • Yazılıb
  • da (də) 2009 Oct 16