Tarix : 2009 Oct 18
Kod 14553

MÜSAVATLA ÜMİD ARASINDA AÇIQ SAVAŞ BAŞLADI

Partiyalar birgə əməkdaşlığa rəsmən son qoydular Hər iki təşkilat bir-birini hakimiyyətlə gizli əməkdaşlıqda suçlayır
Azərbaycan Servisi/Aran Agentliyi
“Müsavat Ümid Partiyası ilə əməkdaşlığa son qoyur”. Bu bərədə dünən partiyadan yayılan rəsmi açıqlamada deyilir. Müsavat Partiyası Mətbuat xidmətinin yaydığı açıqlamada Ümidlə yaranmış problemin səbəbi izah edilir: “Ölkədə demokratik cəmiyyətin qurulması üçün ilk növbədə azad və ədalətli seçkilər keçirilməli, xalqın iradəsinə uyğun olan hakimiyyət strukturları formalaşmalıdır. Demokratik seçkilərin keçirilməsi üçün isə bütün seçki komissiyalarının hakimiyyətin nəzarəti altından çıxarılması zəruridir.Müsavat Partiyası bu amili nəzərə alaraq hakimiyyət tərəfindən seçki komissiyalarında ona təklif edilmiş minlərlə komissiya üzvü yerindən imtina etmiş, bunun nəticəsində seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrindən ibarət olmaqla paritet əsaslarla formalaşması mövzusunun aktuallığı qorunmuşdur. Belə bir məqamda özünü müxalifət partiyası adlandıran Ümid Partiyası seçki komissiyalarında təmsil olunmağa razılaşmış, bununla da Müsavat və digər müxalifət partiyaları üçün ayrılan yerləri qismən dolduraraq demokratik dövlət quruculuğu istiqamətində aparılan siyasi mübarizəyə xələl gətirmişdir.
Ümid Partiyası adından seçki komissiyalarına təyin edilmiş komissiya üzvlərinin siyahılarının bəzi hallarda yerli icra hakimiyyəti orqanları və YAP rayon təşkilatları tərəfindən müəyyənləşdirildiyi ilə bağlı faktlar üzə çıxmış, bu faktlar Ümid rəhbərliyi tərəfindən qismən etiraf edilmişdir.
Son dövrlərdə Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə əməkdaşlığı, bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının və YAP yerli təşkilatları rəhbərlərinin əlaltısı kimi fəaliyyət göstərməsi barədə məlumatlar artmışdır. Seçki komissiyalarının paritet əsaslarla formalaşması zərurətinə diqqəti bir daha cəlb etmək, eyni zamanda Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə işbirliyi haqda yayılan məlumatlara aydınlıq gətirilməsini zəruri sayan Müsavat Partiyası Ümidə seçki komissiyalarında iştirakdan imtina etmək barədə qərar qəbul etməyi təklif etmişdir. Bu həm də Ümid Partiyasının demokratik dəyərlərə nə qədər sadiq olduğunu, demokratik qüvvələrin mənafelərini nəzərə aldığını müəyyənləşdirmək üçün bir test idi. Təəssüflə qeyd etmək lazımdır ki, Ümid Partiyası Müsavat Partiyasının xoşməramlı təklifinə adekvat reaksiya verməmiş, müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə təklifi qəbul etməkdən yayınmışdır".
Açıqlamada daha sonra bildirilir ki, Müsavat qeyd edilənləri və hakimiyyət dairələri ilə Ümid Partiyası strukturları arasında iş birliyi ilə bağlı məlumatların son dövrlər daha da artdığını nəzərə alaraq bu partiya ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan edir.
Müsavat Partiyasının bəyanatı yayıldıqdan bir neçə saat sonra Ümid Partiyası da bəyanat yayıb. Bəyanatda deyilir ki, müxalifətin son 3 ildə yaratdığı və ən uğurlu koalisiyası hesab olunan Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının dağıdılması hakimiyyətin marağındadır və bu prosesin həyata keçməsi, daha da sürətləndirilməsi üçün hakimiyyət xeyli müddətdir ki, çaba sərf etməkdədir. Bəyanatda hakimiyyətin bu arzularının gerçəkləşməsində əsas missiyanı Müsavat Partiyasının həyata keçirdiyi iddia edilir: “Bu partiyanın son günlər ərzində sərgilədiyi mövqe açıq şəkildə müxalifətin əsas birliyinin sütunlarını hədəfə almış oldu. Burada Müsavat Partiyası tərəfindən ilkin olaraq Ümid Partiyasının hədəf kimi seçilməsi də təsadüfi deyildi. Çünki Müsavat rəhbərliyi məhz Ümid Partiyasının seçki komissiyalarındakı nümayəndələrini bəhanə gətirərək hakimiyyət tərəfindən qoyulan öhdəliyə əməl etmiş oldular. Bələdiyyə seçkilərində iştirak qərarı verdiyimiz anda seçki komissiyalarında müxalifətin yeganə təmsilçiliyini həyata keçirən Ümid Partiyasının qarşısına imtina şərtinin qoyulması faktı əslində Müsavat Partiyasının dağıdıcılıq missiyasının ideya lokomotivi idi. Müsavat Partiyası bu öhdəliyini digər partiyaları hədəf seçməklə də həyata keçirə bilərdi. Əslində bu da gözlənilir”.
Bəyanatda qeyd olunur ki, əslində hər şey 2010-cu ilin parlament seçkilərinə hesablanıb və yenidən müxalifət cameəsinin brendinə tamah salan Müsavat Partiyası məhz hakimiyyətin istəyinə uyğun olaraq Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını hədəfə götürməklə öz dağıdıcılıq missiyasını davam etdirməkdədir: “Müsavat Partiyasının bu dağıdıcılıq fəaliyyətinin durmayacağı təqdirdə əməkdaşlığımızın davam etdirilməsi mümkünsüzdür”.
  • Yazılıb
  • da (də) 2009 Oct 18