Tarix : 2009 Oct 19
Kod 14566

AZƏRBAYCANIN YENİ HAKİMİYYƏT TELEVİZİYASI - NTV GƏLİR

İqtidariçi çəkişmələrin daha bir epizodu 23 dekabrda efirə çıxacaq yeni TV-ni Nərgiz Paşayeva yaradıb; ona siyasi nəzarət üstündə gizli savaş gedir
Azərbaycan Servisi/Aran Agentliyi
Son vaxtlar hakimiyyətin yerli telekanallara sərt münasibəti diqqət çəkir. Özəlliklə Azad Azərbaycan (ATV) “qara siyahı”ya liderlik edənlərdən sayılır. Neyçün ki, istər Prezindent Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin televiziyaların durumu ilə bağlı yazdığı son məqalədə, istərsə bu mövzuda keçirilən irimiqyaslı müzakirələrdə bir qayda olaraq ATV-nin üstünə gedilib. Hər kəs bir qayda olaraq, sözügedən kanalın bayağı, televizyonçuluq normalarından kənar fəaliyyət göstərdiyini iddia edərək, ona qarşı administrativ cəza üsulları tətbiq etməyi məsləhət görüb.Amma əldə etdiyimiz məlumatlara görə, ATV-nin hədəfə çıxarılmasının arxasında çox daha başqa səbəblər var. Bunlardan ilki və ən önəmlisi yaxın zamanda Nərgiz Paşayevanın rəhbərliyi ilə NTV adlı telekanalın fəaliyyətə başlayacağıdır.
Baş direktorluğunu tanınmış aparıcı Nərgiz Cəlilovanın edəcəyi telekanalda şoumen Murad Dadaşovun da strateji statusda təmsil olunacağı gözlənilir. Artıq digər telekanallardan NTV-yə axın və müraciətlər başlanılıb. Hakim ailəylə birbaşa yaxınlığı olan yeni kanalda texniki təchizatın dünya standartlarına yaxın, işçılərin məvacibinin isə maksimum olacağı verilən məlumatlar sırasındadır. Bu səbəbdən də digər kanallara güclü rəqibin gəldiyi deyilə bilər.
Məlumat üçün deyək ki, NTV dekabrın 23-də, dövlət başçısı İlham Əliyevin ad günündən bir gün öncə efirə çıxacaq. O vaxta qədərsə bütün hazırlıq işlərinin yekunlaşması nəzərdə tutulub.
Yeni telekanalın efirə çıxması ilə ATV-nin “vurulması” xəbəri arasındakı paralelə gəlincə, məlum olur ki, burada mürəkkəb siyasi oyun var.
Bilindiyi kimi, ATV hərdən vəzifəsi nazir kimi göstərilən Nazim İbrahimov və onun qardaşlarının nəzarətindədir. Lakin bu kanala siyasi nəzarət birbaşa Prezident Administrasiyasında, konkret olaraq Ramiz Mehdiyevə yaxın adamlardadır. İndi belə məlum olur ki, bu “siyasi nəzarət” yaxşı təşkil olunmayıb. Birbaşa Administrasiyaya bağlı olan əsas kanal cəmiyyətdə çox pis reputasiya qazanıb. Ortaya isə yeni rəqib çıxır.
Düzdür, bəzi abıvatellər iddia edirlər ki, ATV-nin vurulmasında əsas məqsəd məhz hakim ailənin birbaşa nəzarəti altında olacaq yeni telekanala maksimum şərait yaratmaq üçündür; onun əsas rəqibini sıradan çıxarmaq fikri var. Bu cür iddia sahibləri deyirlər ki, televizyonçuluq norması və standartlarına uymayan efir siyasətinə baxmayaraq, hazırda ATV-nin baxımlılıq reytinqi digər yerli telekanalları üstələyir. Bundan başqa, ATV reklam bazarında da əhəmiyyətli yer tutur. Onun efirində yayımlanan reklamın bir dəqiqəsi 1000 manatdır: “Həm tamaşaçı auditoriyasını, həm də reklam bazarındakı yerini ələ keçirmək üçün ATV-nin sıradan çıxarılması ilkin şərt kimi götürülüb. Burda daha bir məqsəd ATV telekanalının sahibləri olan Nazim İbrahimov və onun klanının hakimiyyət tərəfindən vurulmasıdır. N.İbrahimov klanlararası daxili savaşın növbəti mərhələsi üçün qurban seçilib. Bu zaman İbrahimov telekanalı ilə yanaşı, sahib olduğu hər şeyi itirəcək. Ona görə də hazırda durumu kritik olan ATV rəhbərliyi hakimiyyətlə maksimum dil tapmağa çalışır. R.Mehdiyevin tənqidi məqaləsindən sonra dərhal telekanlda təmizləmə əməliyyatı aparılıb, müğənni Aygün Kazımova ekrandan yığışdırılıb, verilişlərin keyfiyyətini artıqmaq üçün millət vəkilləri, ziyalılardan ibarət Ekspert Şurası yaradılıb”. Bunları bizə adının çəkilməsini arzu etməyən təhlilçi söyləyir...
Lakin kim bilməsə də, siyasətlə yaxından maraqlananlara sirr deyil ki, Ramiz Mehdiyev səviyyəsində birisi Paşayevlərin televiziyasının bazara girməsi üçün “meydanaçma ideologiyası” hazırlamaz. Tam əksinə, hakimiyyətdəki köhnə qvardiya ortaya yeni klanın (hətta bu, Paşayev soyadlı olsa da - red.) çıxmasına, yeni iddialarla mərkəzdənqaçma meyillərini yaratmasına qarşıdırlar. Ola bilsin ki, cənab Mehdiyev ortaya yeni televiziyanın çıxacağını bilərək, məhz ona çərçivə cızmaq, fəaliyyətini bəribaşdan məhdudlaşdırmaq üçün məlum konsepsiyanı ortaya atmışdır. Cənab Mehdiyevin məlum məqaləsindəki tezislər əslində iqtidara yaxın tv-lər üçün bir növ yol xəritəsidir. Hörmətli Ramiz müəllim həmin yol xəritəsinə administrasiyanın tam nəzarətində olan MTRŞ-ni də əsas (həm də səlahiyyətləri gələcəkdə artırılacaq) bələdçı kimi salaraq, mövcud və gələcək tv-ləri daha sıx nəzarətə götürmək üçün ustalıqla bir gediş etmişdir.
NTV- nin tv məkanına gəlişi, heç şübhəsiz ki, həmin məkanı hərəkətləndirəcək. Həm də təkcə efiri yox, siyasəti, iqtidardaxili münasibətləri də tətikləyəcək. Kifayət qədər siyasi iddia göstərən Paşayevlərin nəhayətdə özəl televiziyaları da olacaq.
Bu ilin martında keçirilən referendumla böyük siyasətdəki iddiaları vurulan və iqtidariçi təsir imkanı azaldılan (daha sonra onlara yaxın məmurlar - Qaraşov, Məlikov kimi yüksək vəzifəlilər işdən çıxarıldı) Paşayevlər, bir növ, revanş götürürlər.
Prezident Administrasiyası isə arıq bəri başdan bütün televiziyalara, xüsusən də yeni yaradılanlara siyasi nəzarət etmək imkanı yaradır.
Maraqlıdır, NTV ona Prezident Administrasiyasını nəzarət etməyə, ATV-də sınaqdan keçirilən “Ekspert Şurası” modelinin tətbiq olunmasına imkan verəcəkmi?
Cavabın istənilən variantı maraqlıdır.
  • Yazılıb
  • da (də) 2009 Oct 19