Tarix : 2009 Oct 19
Kod 14567

Ağdaşda polisə avtomatdan atəş açdılar

Azərbaycanın Ağdaş rayonunda silahlı insident baş verib, 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanın Ağdaş rayonunda silahlı insident baş verib, 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

APA-nın yerli bürosunun məlumatına görə, oğurluqda təqsirləndirilən Ağdaş rayonunun Kotalan kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Ruzman Şamil oğlu onu həbs etmək istəyən rayon Polis Şöbəsinin əməkdaşlarına avtomat silahdan atəş açıb. Ötən gün saat 17.00 radələrində rayon Polis Şöbəsinin əməkdaşları R. Hüseynovun evinə gəlib. Bu zaman axtarışda olan şəxs avtomat silahdan atəş açaraq polisə müqavimət göstərib. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Bu dəfə R. Hüseynov polis əməkdaşlarına qumbara atıb. Dörd saatdan sonra əraziyə Bakıdan Daxili Qoşun əsgərləri gəlib. R. Hüseynovun evi 6 saata yaxın mühasirədə saxlansa da, o, gizli yola hadisə yerindən qaçıb.
Axşam saat 22.00 radələrində isə R. Hüseynov kəndin keçmiş icra nümayəndəsi, 1971-ci il təvəllüdlü Seyfənov Baxşəli Siyas oğlunun evinə gedib. B. Seyfənova “məni polisə sən satmısan” deyən R. Hüseynov ona avtomatdan atəş açıb.
B. Seyfənov hadisə yerində dünyasını dəyişib. R. Hüseynov həmçinin kəndi sakini, 1972-ci il təvəllüdlü Əhmədov Famil Qurban oğluna avtomatdan atəş açaraq onu ağır yaralayıb və qaçıb. F. Əhmədov Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 5 maddəsi üzrə cinayət işi başlanıb. Hazırda Ağdaş rayonunda və ətraf rayonlarında polis gücləndirilmiş iş rejiminə keçib, R. Hüseynovun axtarışları davam etdirilir.

Məlumata görə, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları Ağdaşa gəlib.

  • Yazılıb
  • da (də) 2009 Oct 19