Gürcüstanın Qardabani rayonundakı məsciddə bir qrup keşiş insident törətmək istəyib
Azərbaycan Servisi/Aran Agentliyi
Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Ağtəhlə kəndində yerləşən məsciddə bir qrup keşiş insident törətmək istəyib.
Hadisə şənbə günü saat 19.00 radələrində baş verib. (apa) Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev bildirib ki, 7-8 keşiş Ağtəhlə kənd məscidinə daxil olaraq burada ibadət edən gənclərdən məsciddən çıxıb, ibadət ocağını bağlamağı tələb ediblər: “Onlar kənd sakinlərinə məscidin qeyri-qanuni tikildiyini, onun yaxın günlərdə söküləcəyini bildiriblər. Keşişləri təmkinlə dinləyən sakinlər rayonun rəsmi orqanlarına müraciət ediblər. Həmin gün hadisə yerində Qardabani rayon İcra Hakimiyyətinin başçısı Zviad Epitaşvili, rayon Polis İdarəsinin rəisi Levan Aburcaniya ilə birlikdə mən də oldum. Biz keşişlərlə xeyli söhbət etdik. Onlar bizə bildirdilər ki, bir daha Ağtəhlə kənd məscidinə gəlməyəcəklər. Bazar günü rayon rəhbəri və mən yenə həmin kənddə olduq. Kənddə sakitlik hökm sürür”.
Qeyd edək ki, Ağtəhlə kənd məscidi 2007-ci ildə tikilərək istifadəyə verilib. Savalan Mirzəyev məscidin qanuni fəaliyyət göstərdiyini deyib.