AZAL prezidenti ilə “xan” arasındakı çəkişmə insanların həyatını risk qarşısında qoyub
Azərbaycan Servisi/Aran Agentliyi
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla AZAL prezidenti Cahangir Əsgərov arasında münasibətlər son vaxtlar daha da gərginləşib və hətta düşmənçilik həddinə çatıb. Bir neçə il əvvəldən pozulan münasibətlər pis durumda konservləşmişdi; amma son günlər proses yenidən başlayıb.Etibarlı mənbələrdən aldığımız xəbərlərə görə, Naxçıvan Beynəlxalq Aeroportunun tikintisi zamanı AZAL prezidenti ilə toqquşan V.Talıbov C.Əsgərovun faktiki olaraq səlahiyyətlərini mənimsəyib. Xüsusilə yükdaşımalarda yüksək gəlirlə işləyən Naxçıvan aeroportu C. Əsgərovun nəzarətindən çıxarılıb. Hətta münasibətlər o qədər gərginləşib ki, yaranmış vəziyyət bir neçə dəfə Prezident Administrasiyasında müzakirə edilib.
Dövlət başçısına heç də Vasif Talıbovdan uzaq olmayan AZAL prezidentinin yaranmış vəziyyətdən narazılığının İ.Əliyevə də çatdırıldığı deyilir. Amma belə görünür ki, V.Talıbov Naxçıvanın “hakimi-mütləqi” olaraq hər hansı nazirin ( və ya komitə sədrinin) qarşısında hesabat verəcək qədər zəifləməyib.
Deyilənə görə, Bakı-Naxçıvan reysində istismar müddəti bitmiş təyyarələrdən istifadə edilməsi də Talıbovla Əsgərovun arasındakı çəkişmənin nəticəsidir. Sərnişin təyyarələri qəza vəziyyətində olsa da, C.Əsgərov “Naxçıvan mənim kurasiyamda deyil”, deyib aeroporta dövlət hesabına yeni hava gəmilərinin alınmasını əngəlləyir. V.Talıbov isə problemlə bağlı daha xansayağı düşünür. Naxçıvandakı mənbələrimizin sözlərinə görə, Ali Məclisdə bu məsələ ilə bağlı bir müddət əvvəl keçirilən müzakirələrdə V.Talıbov açıq şəkildə bunları deyib: “Mən lazım gəlsə Cahangirə təyyarə alaram”.
C.Əsgərova yaxın mənbədən aldığımız bir xəbər də mövzuya əlavə rəng verir. Mənbə bildirib ki, C.Əsgərovun iş otağındakı masanın üstündəki Azərbaycan xəritəsində Naxçıvanın üzərinə “quş” qoyulub...
Qeyd edək ki, Naxçıvan ərazisində yerləşən bütün dövlət strukturlarında vəziyyət eynidir. Heç bir sahə rəhbərinin muxtar respublikadakı strukturlarına aid qərar vermək səlahiyyəti yoxdur.
İş o yerə çatıb ki, hətta Kəmaləddin Heydərov da Naxçıvanda heç nəyə nəzarət edə bilmir. Bütün istiqamətlərə aid hesabları şəxsən Vasif Talıbovun özü həll edir. Kəmaləddin Heydərov Gömrük Komitəsinin sədri olanda da Naxçıvandakı gömrük məntəqələrindən ona heç nə çatmırdı.
Bir sözlə, Naxçıvan əhalisi ilə bir yerdə Vasif Talıbova verilib...