İmralıdan gələn təlimatla PKK-dan bir qrup terrorçu təslim olmaq üçün Türkiyəyə keçdi
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyədə hökumətin başlatdığı, detalları hələ məlum olmayan “kürd açılımı” ilə bağlı mübahisələrin və müzakirələrin getdiyi bir vaxtda İmralıdan da bu təşəbbüsə cavab gəlib. PKK lideri Abdulla Öcalanın həbsxanadan verdiyi təlimatla terror təşkilatının İraqın şimalındakı düşərgələrindən bir qrup terrorçu “Demokratik açılım və barış təşəbbüsü” adı altında təslim olmaq üçün Türkiyəyə keçib. Öcalanın ötən həftə verdiyi təlimat PKK-nın silahlı qanadının rəhbərləri tərəfindən dərhal yerinə yetirilib və Türkiyəyə təhvil verilmək üçün PKK üzvləri seçilib.Qrupa PKK-nın əlisilahlı üzvləri ilə yanaşı bu terror təşkilatının İraqın Mahmur qaçqın düşərgəsində yerləşən mülki tərəfdarları da daxil edilib. Məlumatlara görə, bazar günü Türkiyəyə keçmək üçün yola çıxan 29 nəfərlik qrupda 4 uşaq və 4 qadın da yer alır. Qalanlar isə PKK-nın Qəndil düşərgəsindən seçilən yaraqlılardır.
“Barış qrupu” İraqın şimalından “Yeep”lərlə yola çıxıblar, onları çoxsaylı PKK tərəfdarları müşayiət edib. Məlumatlara görə, Türkiyəyə doğru hərəkət edərkən PKK-çıların kortejində qəza baş verib və bir nəfər ölüb. BMT-nin nəzarətində olan və 15 minə yaxın kürdün yerləşdiyi bildirilən Mahmur düşərgəsindən ayrılan qrupla Qəndil dağlarından enən qrup İraqın Mosul və Ərbil şəhərləri arasında bir araya gəlib, oradan isə birlikdə Türkiyənin İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsinə doğru hərəkət ediblər. Sərhəddə isə onları qarşılamaq üçün PKK-ya bağlı kürd partiyası DTP-nin minlərlə tərəfdarı toplaşıb. Partiyanın lideri Əhməd Türk də sərhəd-keçid məntəqəsinə gedib. Türkiyə tərəfi isə təslim olmağa gələn PKK-çıları qarşılamaq üçün Diyarbəkir Cümhuriyyət Prokurorluğundan 4 prokuror ayırıb. Təlimata görə təslim olmağa gələnlərin hamısı ifadələri alınmaq üçün saxlanılacaq, onların terror aktlarında iştirakı araşdırılacaq və daha sonra barələrində müvafiq qərarlar veriləcək. Lakin Əhməd Türk deyib ki, “barış üçün” gələnlər həbs olunmalı deyillər. PKK isə bu terror təşkilatına bağlı internet saytlarında Qəndil düşərgəsindən ayrılan PKK-çıların şəkillərini yerləşdirib. Kadrlardan görünür ki, PKK-çıları xüsusi mərasimlə yola salırlar və onların silahlarını təhvil alırlar.
Qrupun Türkiyəyə günorta saatlarında daxil olduğu bildirilirdi. Onları DTP tərəfdarları milli qəhrəman kimi qarşılayıblar. Məlum olub ki, qrupun başçısında baş nazirə, prezidentə və məclis başqanına çatdırılmaq üçün məktub da var. Məktubda PKK-nın silahlı qanadının Türkiyədə kürd probleminin həllinə dair tələblərinin yer aldığı bildirilirdi. Həmçinin məlum olub ki, Mahmur düşərgəsindən gələn qrup sərbəst buraxılmaları halında parlamentə gəlib görüşlər keçirmək istəyir. Qeyd edək ki, AKP hökuməti ilə bərabər PKK lideri Abdulla Öcalan da özünün “kürd açılımı”nı başladıb. Əvvəlcə o problemin həlli yolları barədə öz fikirlərini vəkilləri vasitəsilə Türkiyə rəsmi məqamlarına çatdırıb. Müxalifət Öcalanın məktubunun baş nazir Ərdoğanın əlində olduğunu iddia edir. Hökumət isə problemlə bağlı PKK-nın tərəf olmadığını bildirsə də DTP ilə müzakirələr aparır. Ancaq DTP-nin bu prosesdə həm də PKK-nın adından danışdığı, yəni “kürd açılımı”na Öcalanın əslində dolayısı ilə də olsa cəlb olunduğu görünür. Öcalandan gələn son təşəbbüs də bunu təsdiq edə bilər. AKP hökumətinin “kürd açılımı”nın detalları bəlli olmasa da orada PKK-çılara geniş amnistiyanın verilməsi, kürdlərin mədəni muxtariyyət hüquqlarının təmin olunması və digər məsələlərin yer alacağı deyilir.