Tarix : 2009 Oct 21
Kod 14582

QARABAĞ FORUMUNDA HAKİMİYYƏTİN İSTEFASI TƏLƏB OLUNDU

Demokratiya Uğrunda İttifaqda cəmləşən partiyalar iqtidarın siyasətinin iflasa uğradığını bəyan etdi
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə növbəti Qarabağ forumu keçirildi. Tədbirin aparıcısı Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verdi ki, forum Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar, Ermənistan-Türkiyə protokollarının Qarabağ münaqişəsinə təsiri və digər məsələlərin müzakirəsinə həsr edilib. Ə.Oruc bu yaxınlarda Azərbaycan prezidenti ilə Ermənistan prezidentinin Kişinyovda apardığı danışıqların da nəticəsiz bitməsini işğalçı ölkənin son vaxtlar daha da sərtləşməsinin sübutu adlandırdı: “Kişinyov görüşündə irəliləyişin olacağı gözlənilirdi. Lakin məlum oldu ki, əksinə, ermənilər mövqelərində daha sərtləşib.Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması isə Ermənistanı daha da sərtləşdirib”.
Partiya sədri Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir uğurlu addım ata bilmədiyini bəyan etdi: “Artıq hamıya aydın olmaqdadır ki, hakimiyyət Azərbaycanın resurslarından Qarabağın azad olunması istiqamətində istifadə edə bilməyib. Resursları öz iqtidarlarını saxlamağa xərcləyiblər. Azərbaycan Qarabağ məsələsində 16 il ərzində daha da geri düşüb, uduzub”.
Ə.Oruc ruspərəst qüvvələrin Türkiyə ilə düşmənçilik yaratmağa çalışdıqlarını, bu prosesin qarşısının alınmasının vacib olduğunu vurğuladı.
Təkamül Partiyasının sədri Teyyub Qəni Azərbaycanın Qarabağ məsələsində hazırda çıxılmaz duruma düşməsində Azərbaycan hakimiyyətinin də böyük günahının olmasından danışdı: “Yanlış xarici və daxili siyasət bizi bu vəziyyətlə üzləşdirib. Azərbaycan xarici təzyiqlər qarşısında duruş gətirə bilməyib. İqtidardan tələb etməliyik ki, mövqeyini sərtləşdirsin. Mövqeyini Türkiyəyə qarşı yox, Azərbaycanın düşmənlərinə qarşı sərtləşdirsin. Türk xalqı ilə düşmənçiliyə rəvac verəcək hərəkətlərə yol vermək olmaz”.
Neft Akademiyasının professoru, müharibə veteranı Əhəd İbrahimov ATƏT-in Minsk Qrupu həmsədrlərini və Azərbaycan hakimiyyətini sərt tənqid etdi: “Minsk Qrupu həmsədrləri turistlik etməklə məşğuldur. Neytral olmaq əvəzinə işğalçının xeyrinə bəyanatlar səsləndirirlər. Hakimiyyət isə iqtidarda qalıb ölkəni talan etməyə davam etmək naminə bu cür məsələlərə və Qarabağın birdəfəlik ermənilərə verilməsinə göz yumur. Bunlar hakimiyyətdə qalmaq üçün Qarabağı satmağa hazırdır”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev beynəlxalq güclərin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını dəstəklədiyini bildirdi və qeyd etdi ki, belə vəziyyətdə Azərbaycan hazırda özünün ən təhlükəli dövrünü yaşayır: “Reallıq Azərbaycanın xeyrinə deyil. Hakimiyyət isə cəmiyyəti sıxmaqla məşğuldur. Qarabağ da əldən gedir. Türkiyədəki hakimiyyət molla hakimiyyətidir. Biz problemimizi ilk növbədə özümüz həll etməyə başlamalıyıq. Türkiyənin üstünə düşməməliyik. Azərbaycan hakimiyyətinin xarici siyasəti fiaskoya uğrayıb. Bu hakimiyyət milli deyil. Ona görə də Qarabağ onlar üçün maraqlı deyil. Maraqlı olsaydı, heç olmasa milli həmrəylik yaradardı. Telekanallarda, xüsusən də İTV-də ölkənin həssas problemlərinin həllinə yardımçı olacaq heç bir veriliş yoxdur. Təklif edirəm ki, ilk növbədə İTV-nin qarşısında etiraz aksiyası keçirək”.
Tərtər Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sərdar Həmidov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın türk olmadığını və onun hökumətindən kömək gözləməyin mənasız olduğunu dedi: “Biz niyə onlara yalvarmalıyıq? Onlara yalvarmamalıyıq, öz ölkəmizin hakimiyyətini isə çox sıxmamalıyıq. Azərbaycanın ən məsuliyyətli və ağır dövrüdür. Bu vəziyyəti dəyərləndirib iqtidarla müxalifət bir araya gəlməlidir. Bir araya gəlib vətəndaş həmrəyliyi yaratmasalar, Azərbaycanı fəlakətlər gözləyir”.
Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan qeyd etdi ki, hakimiyyət Türkiyənin əleyhinə təbliğat aparmaq əvəzinə Qarabağ probleminin həlli üçün real addımlar atmalıdır: “Əks halda, hakimiyyət istefa verməlidir”.
Sabiq polk komandiri Arif Paşa türk toplumunun dağılmasının, Azərbaycan ictimaiyyətində Türkiyəyə qarşı aqressiyanın yaradılmasının həm Türkiyə, həm Azərbaycan üçün dəhşətli vəziyyət yaradacağını bildirdi.
Millət vəkili Pənah Hüseyn isə çıxışında öncə dedi ki, Madrid prinsipləri Azərbaycan hakimiyyətinin Qarabağ məsələsində geri çəkildiyinin təsdiqidir: “Madrid prinsipləri Azərbaycanı daha çıxılmaz vəziyyətə salıb. Bu da hakimiyyətin zəifliyi nəticəsində baş verib. Türkiyə ilə Ermənistan arasında gedən proses riskli prosesdir. Ermənistan-Türkiyə məsələsi dünyanın yenidən bölüşdürülməsi məsələsinin tərkib hissəsidir. Bu prosesin Azərbaycanın xeyrinə və ya ziyanına getməsi ölkəmizin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz türk bayraqlarını yığışdırmaqla özümüzə zərbə vurmuş oluruq. Biz Türkiyə türklərini özümüzdən niyə incik salmalıyıq? Niyə Türkiyədə Azərbaycanın maraqları uğrunda çalışan qüvvələri zəiflətməliyik? Nəzərinizə çatdırım ki, 1993-cü ildə Gəncənin işğalının qarşısını məhz Türkiyə aldı. Kəlbəcərin ardınca dərhal Gəncənin işğal edilməsi Ermənistanın planında idi. Murov istiqamətində faktiki olaraq boşluq yaranmışdı. Türkiyə Ermənistanın planının qarşısını aldı. Ermənistanla sərhədi bağladı, BMT-də Kəlbəcərin dərhal azad edilməsi ilə bağlı qətnamələrin qəbulu da Türkiyənin xüsusi səyləri nəticəsində baş verdi. Mən baş nazir olaraq prezident təyyarəsi ilə Türkiyəyə gedib-qayıdanda təyyarə silahla dolu idi. Hər şeyi açıqlamaq olmur. AKP gəldi-gedərdi. Bundan sonra çox partiyalar hakimiyyətə gəlib-gedə bilərlər. Ancaq xalqları bir-birindən incik salmamalıyıq. Öz soykökümüzdən ayrılsaq, Azərbaycan adlı dövlət, bu torpaq qalmayacaq. Sadəcə olaraq, öz işimizi və prinsiplərimizi düzgün şəkildə ortaya qoymalıyıq. Məncə, antitürk siyasət yürütməkdə məqsəd ondan ibarətdir ki, gələcəkdə Qarabağın itirilməsi ilə bağlı məsələ ortaya çıxanda hakimiyyətin bəhanəsi olsun ki, bizi hamı satdı".
P.Hüseyn Milli Müqavimət Hərəkatının bərpa olunması təklifini də irəli sürdü.
AMİP katibi Əli Oruclu bildirdi ki, Azərbaycan hakimiyyəti Qarabağ problemini alver predmetinə çevirib: “Qarabağ probleminin həllini bu hakimiyyətdən gözləmək sadəlövhlükdür. Qarabağ problemini xalqın iradəsinə buraxmaq lazımdır. Bizim Türkiyə və digər ölkələrdən də nəsə ummağımız düzgün deyil. Hesab edirəm ki, hakimiyyət müxalifətlə görüşüb problemdən çıxış yollarını birgə axtarmalıdır”.
Digər natiqlər də çıxış edəndən sonra forum adından bəyanat qəbul olundu. Bəyanatda deyilir: “Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişin olmaması vasitəçilərin və Azərbaycan hakimiyyətinin problemin həlli ilə bağlı nikbin bəyanatlarının heç bir əsası olmadığını üzə çıxardı. ATƏT çərçivəsində 17 ildən artıq müddətdə davam edən danışıqlar problemin həllində Azərbaycanın mövqeyini əsaslı şəkildə sarsıdıb. Vasitəçilərin beynəlxalq prinsiplərdən deyil, öz maraqlarından çıxış etməsi, həmsədr dövlətlərin problemdən istifadə edərək regionda möhkəmlənməsi istiqamətində fəaliyyəti ortadadır. 1992-ci il BMT qətnamələri erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb etsə də bu gün yalnız Dağlıq Qarabağ ətrafı rayonlardan Ermənistan hərbi birləşmələrinin çıxarılması, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi üçün referendum keçirilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında koridorun yaradılması müzakirə mövzusudur. Azərbaycan hakimiyyətinin problemin həlli ilə bağlı aydın təsəvvürünün belə olmaması, böyük dövlətlərin təzyiqləri qarşısında itaətkarlıq nümayiş etdirməsi Azərbaycanı indiki çətin duruma salıb.
Forum iştirakçıları Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından narahat olduqlarını, bu açılımın təcavüzün qarşısının alınmasında əks-effekt verəcəyini bildirirlər. Forum iştirakçıları Azərbaycan hakimiyyətini heç bir əsası olmayan, yalan bəyanatlarla xalqı aldatmağı dayandırmağa, problemin həlli ilə bağlı milli proqramın hazırlanması və həyata keçirilməsi istiqamətində fəaliyyətə başlamağa dəvət edir, Azərbaycan hakimiyyətini istefa verməyə çağırır".
  • Yazılıb
  • da (də) 2009 Oct 21