Mehdiabaddakı Allah evi qəsəbə icra nümayəndəliyindən gələn qəfil əmrlə qapadılıb; qardaş ölkə əleyhinə başlanan kampaniya getdikcə güclənir
Azərbaycan Servisi/Aran Agentliyi
Türkiyə-Ermənistan yaxınlaşmasından narazı qaldığını ən yüksək səviyyədə ifadə edən Azərbaycanda dünən qardaş ölkə əleyhinə daha bir addım atıldı. Ölkəmizdəki türk məscidlərinin daha biri bağlandı. Dünən redaksiyamıza Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsində yerləşən məscidin bağlanması haqda məlumat daxil oldu. Müxbirimiz bu məlumatı alan kimi hadisə yerinə yollanaraq, deyilənlərin nə dərəcədə doğru olduğunu araşdırmağa çalışıb.
“Yeni Müsavat”ın əməkdaşı məscidin giriş qapısında Mehdiabad qəsəbəsi dini icmasının rəhbəri İsmayıl Süleymanovla və məscidin gözətçisi ilə rastlaşıb. İsmayıl Süleymanov qəzetimizə açıqlamasında məcidin fəaliyyətinin dayandırılmasını təsdiqlədi. Onun sözlərinə görə, oktyabrın 17-də qəsəbə icra nümayəndəsindən onlara məscidin fəaliyyətinin dayandırılması haqda tapşırıq gəlib: “Həmin gündən məsciddə ibadətlər dayandırılıb. Qəsəbə icra nümayəndəliyindən bildirdilər ki, məsciddə təmir işləri aparılacaq. Buna görə də məscidin fəaliyyətini dayandırmağı tapşırdılar”.
Məsciddə 400-500 nəfərin ibadət etdiyini deyən icma rəhbəri bildirdi ki, buraya həm sünnilər, həm də şiələr gəlirdilər. Məscidin üzərindəki lövhədə qeyd edilib ki, bu Allah evi 1999-cu ildə Türkiyə Diyanet Vakfı tərəfindən inşa edilib.
İ.Süleymanov onu da əlavə etdi ki, məsciddə 2007-2008-ci illərdə təmir işləri aparılıb. Bu isə məscidin təmir adı ilə bağlanması barədə deyilənlərin inandırıcı olmadığını deməyə əsas verir. Bundan başqa, məsciddə azan verilməsi də dayandırılıb. İ.Süleymanov məscidin nə vaxt fəaliyyətə başlayacağını dəqiq deyə bilməyəcəyini söylədi.
Mehdiabad qəsəbə sakinləri isə əməkdaşımızla söhbətində məscidin fəaliyyətinin dayandırılmasından narazı olduqlarını bildirdilər.
***
Xatırladaq ki, son günlər Azərbaycanda açıq-aşkar anti-Türkiyə kampaniyası gedir. Rəsmi Bakı Ankaranın İrəvanla yaxınlaşmasını özünə qarşı çevrilmiş addım sayır, bunu Qarabağ məsələsi baxımından hətta xəyanət adlandırır. Türkiyə iqtidarının Azərbaycanın çıxarlarına zidd davranması və Qarabağ məsələsində bizə xəyanət etməsi hər kəs tərəfindən - daha çox da qardaş ölkənin mediası və müxalifətinin ifasında - qəbul edilir. Lakin Azərbaycan hakimiyyətinin təmkinini itirməsi və geniş anti - Türkiyə kampaniyası başlatması da üzücü olaydır.
Mehdiabaddakı məscidin bağlanması da bu silsilədən olan növbəti addım sayıla bilər. Türkiyənin inşa etdirdiyi bu məscid qəsəbədə yeganə ibadət evidir. Doğrudur, oraya son vaxtlar vəhhabilərin də getməsi barədə bilgilər var; amma nəticə ümumi iman əhlinə qarşı oldu. Qeyd edək ki, bundan bir neçə ay öncə Bakıdakı “Şəhidlər” məscidi də (Türkiyə inşa etdirib -red.) təmir bəhanəsi ilə qapadılıb.
Xatırladırıq ki, Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları stadiona buraxılmamış, azarkeşlərin əllərindəki bayraqlarımız polis tərəfindən toplanaraq, zibil qutularına atılmışdır. Bu olay Türkiyə ictimaiyyəti tərəfindən hələ də qınanmaqdadır. Lakin bunun qarşılığında Azərbaycan iqtidarı da çox ciddi addımlar atıb. Artıq Bakıda Türkiyə bayraqları sözün həqiqi mənasında yasaqlanıb.
Türkiyə-Ermənistan protokollarına etiraz əlaməti olaraq Bakıda keçirilən aksiyada Türkiyə prezidentinin, baş nazirinin və xarici işlər nazirinin portretləri yandırıldı; bir neçə gün öncə isə Bakıdakı Türk Şəhidliyində asılan türk bayraqları yığışdırıldı. Bundan əlavə, prezident İlham Əliyev Azərbaycanın Türkiyəyə ucuz təbii qaz satmayacağını açıq söylədi. Ardınca isə Mehdiabaddakı məscid bağlandı.
Bunun davamının olacağı bəri başdan aydın görünür. Bütün bunlara Türkiyədən hər hansı adekvat cavab olsa, vəziyyətin daha da dramatikləşəcəyi şübhəsizdir.
AKP iqtidarının səbatsızlığı ucbatından ermənilər iki qardaşın arasına girə bildilər. Hələ bir müddət hər şeyin əvvəlki kimi olmayacağı məlum.