Tarix : 2009 Oct 23
Kod 14592

Azərbaycan Rusiya ilə anlaşmayacaq?

Hikmət Hacızadə: "Qarabağ münaqişəsi həll ediləcəyi halda Azərbaycan həmin hərbi birliyə daxil ola bilər"
Azərbaycan Servisi/Aran Agentliyi
Rusiya Azərbaycanı itirmək niyyətində deyil. Belə ki, şimal qonşumuz MDB çərçivəsində ölkəmizi hərbi əməkdaşlığa cəlb  etmək istəyir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Bakıya son səfəri zamanı rəsmi Bakı ilə apardığı danışıqlarda da bu məsələnin müzakirə edildiyi bildirilir. Qeyd edək ki, Rusiya Azərbaycanla hərbi əməkdaşlığı Ermənistanın da yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində görür. Təşkilatın baş katibi Nikolay Bordyuja da mətbuata son açıqlamasında rəsmi Bakını KTMT-yə qoşulmağa çağırıb. O deyib ki, KTMT-nin yeni yaradılan Kollektiv Çevik Qüvvələri keçmiş sovet respublikaları ərazisindəki münaqişələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində iştirak etməyəcək. N.Bordyuja Azərbaycanı bu qüvvələrin yaradılmasından narahat olmamağa və ona daxil olmağa səsləyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndələri Çevik Qüvvələrin bəzi tədbirlərində, məsələn, narkotik maddələr ticarəti ilə mübarizə istiqamətində addımlarında iştirak da edib. Onun fikrincə, KTMT-yə qoşulmaq Azərbaycanın özünə lazımdır, belə ki, ölkə öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz.
 
Politoloq Arif Yunus hesab edir ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olacağı inandırıcı deyil. Onun fikrincə, Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycanın quruma daxil olmasına imkan vermir: "Rusiya bu məsələdə maraqlıdırsa, Ermənistana təzyiq edib münaqişənin hər iki tərəfi razı salan variantda həllinə nail olmalıdır. Bundan sonra quruma daxil olmaq mümkündür. Rusiya isə Qarabağ münaqişəsinin həll olunmamasında maraqlıdır. Ona görə də Ermənistana Azərbaycana nisbətən daha çox üstünlük verir. Azərbaycanın da öz növbəsində Rusiya tərəfinin məlum təklifinə "yox" deməsi təbiidir. İkinci tərəfdən, Qarabağ münaqişəsi istisna olmaqla, rəsmi Moskvanın Azərbaycana təzyiq etmək imkanları məhduddur. Əvvəllər təbii qaz və Rusiyada yaşayan azərbaycanlıların geri qaytarılması adı ilə təzyiqlər olunurdu. İndi bu məsələlər ortadan çıxıb".
A.Yunusun sözlərinə görə, Gürcüstanda baş verən avqust hadisələrindən sonra regionda Rusiyanın fəallığı hiss olunsa da, rəsmi Moskva Azərbaycanı KTMT-yə daxil etmək imkanında deyil: "Cənubi Qafqaz geosiyasi oyun mərkəzlərindən birinə çevrilib. Bölgədə Türkiyə də fəallaşıb. Son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlərdə xeyli yaxınlaşmalar olsa da, bu, rəsmi Bakının Qərb ölkələrinə bir mesajıdır. Münasibətlər bu səviyyədən o tərəfə getməyəcək. Rusiya Qarabağ münaqişəsi ilə Azərbaycana necə təsir edirsə, hakimiyyət Rusiyadan Qərbə qarşı eyni cür istifadə edir. Başqa tərəfdən, Azərbaycanın sözügedən quruma daxil olması bizə heç nə verməyəcək".
 

Politoloq Hikmət Hacızadə də hesab edir ki, Qarabağ münaqişəsi həll ediləcəyi halda Azərbaycan Rusiyanın nəzarətində olan hərbi birliyə daxil ola bilər. Onun sözlərinə görə, KTMT-yə daxil olmaq məsələsində Rusiyanın Azərbaycana təzyiqlər edəcəyi gözlənilən deyil. 

  • Yazılıb
  • da (də) 2009 Oct 23