Tarix : 2009 Oct 23
Kod 14594

Azərbaycanla NATO arasında xüsusi sənədin imzalanması gözlənilir

Bu sənədi imzaladıqdan sonra Azərbaycan öz hava məkanından NATO-ya üzv ölkələrin təyyarələrinin uçuşu prosesini hüquqi çərçivəyə salacaq və məsələ ilə bağlı bir müddət öncə yaranmış problem çözüləcək
Azərbaycan Servisi/Aran Agentliyi

Bratislava şəhərində keçiriləcək iclasın yekunu olaraq NATO ilə Azərbaycan arasında xüsusi sənədin imzalanması gözlənilir. Bu barədə "MilAz"a eksklüziv olaraq NATO dairələrinə yaxın mənbə məlumat verib. Onun sözlərinə görə, izcasın sonunda NATO üzv və tərəfdaş dövlətlərin müdafiə nazirlərinin xüsusi sənəd imzalayacağı gözlənilir ki, bu da Əfqanıstana hava daşımalarının təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. "Bu sənədi imzaladıqdan sonra Azərbaycan öz hava məkanından NATO-ya üzv ölkələrin təyyarələrinin uçuşu prosesini hüquqi çərçivəyə salacaq və məsələ ilə bağlı bir müddət öncə yaranmış problem çözüləcək" - deyə mənbə bildirdi.

Qeyd edək ki, tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Slovakiyadadır.

Xatırladaq ki, cari ilin iyun-avqust aylarında NATO ilə Azərbaycan arasında hava məkanı ilə daşımalara dair problem yaranmışdı. Nəticədə “AWACS” təyyarələrinə xidmət göstərmək üçün Əfqanıstana əlavə alman kontingentinin göndərilməsinə dair Bundestaqın qərarı gerçəkləşməmiş qalmışdı.

“Alman dalğası” radiosu bildirirdi ki, Türkiyənin Konya şəhərindəki hərbi bazada 3 həftə qalan alman əsgərləri tapşırığın icrasına başlamadan Almaniyaya geri dönüblər. Missiyanın iflasa uğramasına səbəb Əfqanıstana uçan NATO təyyarələrinin Azərbaycan və Türkmənistanın hava məkanından istifadə etməsi üçün bu ölkələrlə razılaşmanın olmamasıdır. Bundestaq üzvləri missiyanın baş tutmamasında Almaniya hökuməti günahlandırıblar. Onlar bildiriblər ki, hökumət Azərbaycan və Türkmənistanla əvvəlcədən danışıqlar apararaq NATO təyyarələrinin bu ölkənin hava məkanından keçməsi üçün razılıq əldə etməli idi.

Alman əsgərlərinin geri qayıtmasını şərh edən Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Raabe bildirmişdi ki, Bakı və Aşqabadın müvafiq razılığını Almaniya hökuməti deyil, NATO-nun baş katibi Rasmussen almalıdır.

Həmin zaman müstəqil mənbələr NATO-nun baş katibi Anders Foqh Rasmussenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon əlaqəsinə çıxdığını və bununla da problemin çözüldüyünü bildirirdilər. Məlumatda bildirilirdi ki, Azərbaycan tərəfi NATO təyyarələrinin öz hava məkanından istifadə edilməsinə razıdır, lakin məsələnin hüquqi nizamlanmasını istəyir.

Amma alyansın Türkmənistan tərəfi ilə apardığı danışıqların nəticəsi bəlli deyil.

  • Yazılıb
  • da (də) 2009 Oct 23