Azərbaycan Servisi/Aran Agentliyi
Gəncə sakinləri xeyli müddətdir ki, hər ayın sonunda, yəni əmək haqqı və təqaüdlərini alan zaman bankomatların qarşısında növbəyə dayanırlar. Uzun-uzadı növbələr bəzən axşam saatlarına qədər çəkir. Sakinlər iki ildən çoxdur ki, kart sistemi ilə maaş almağa başlayandan bu problemi yaşadıqlarını deyirlər. Bankomatların qarşısında yaranan növbələrdə bəzən vətəndaşlar arasında qarşıdurma da yaşanır.
Gəncə sakini Nurayə Məmmədova bankomatların az sayda olduğundan hər ay növbəyə dayanmaqdan zara gəldiyini deyir: "Əmək haqqını köçürürlər, gedirik, çox adam olur, saatlarla növbədə dururuq. Sonra da ya bankomat yazır ki, istədiyiniz məbləğ yoxdur, ya da bankomat donur. Həmişə bu problemlə üzləşirik. Nə qədər növbədə durmaq olar"?
Səbuhi Ramazanov Gəncə Dövlət Universitetində müəllim işləyir. O da hər ay əmək haqqını alan zaman xeyli vaxt itirdiyini deyir: "Biz maaşlarımızı bankomatlarda kartlar vasitəsi ilə götürürük və müəyyən problemlərimiz yaranır. Bankomatların sayı azdır və uyğunsuz yerdə yerləşir. Eyni zamanda bəzi təşkilatlar çox pul aldığından bu əməliyyatı bir neçə dəfə həyata keçirirlər, bu səbəbdən də sakinlər arasında münaqişə yara-nır".
S.Ramazanov kimi bütün müəllimlər, o cümlədən təqaüdçülər bankomatlardan pul çəkərkən yaşadıqları narahatlıqları vəsaitin az olması və bankomatların çatışmaması ilə əlaqələndirirlər.
Əlaqədar qurumların təmsilçiləri bankomatların qarşısında hər ayın sonu uzun növbələrin yaranmasını sözügedən aparatlardan düzgün istifadə olunmaması ilə izah edirlər. Bundan başqa, o da iddia olunur ki, vətəndaşların hamısı öz pullarını hesaba köçürülən gün çıxarmaq istədiyindən bankomatların qarşısında problemlər yaranır.
Əlbəttə, bu doğrudur. Ancaq bankomatlardan öz maaş və pensiyalarını çıxaranların əksəriyyəti maddi təminatı aşağı olan təbəqədir. Odur ki, min bir dərdi olan vətəndaşın öz halal pulunu tez çıxarmaq istəməsi başadüşüləndir. Amma bankomatların sayını artır-maq istəməyənlərin mövqeyi heç bir halda anlaşılan deyil.