Azərbaycan Servisi/Aran Agentliyi
Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini Qərib Məmmədov Milli Təhlükəsizlik Nazirliyinə (MTN) aparılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda onun Cavadxan küçəsi, 30 ünvanında yerləşən binada baş vermiş partlayışdan ziyan çəkən ailələrə ayrılan pulların təyinatı üzrə xərclənmədiyinə görə saxlanılaraq dindirildiyi bildirilir.Mənbə bildirib ki, Q.Məmmədov icra başçısının I müavini olmaqla yanaşı həm də Nəsimi Rayon Fövqəladə Hallar Komissiyasının sədridir. Partlayış baş verən binada bərpa-tikinti işləri görülərkən orada yaşayan sakinlərin kirayə mənzil tutması üçün dövlət tərəfindən xeyli vəsait ayrılıb. Bina bu vəsaitlə bərpa olunsa da vətəndaşlara kompensasiya kimi və bina bərpa olunana kimi kirayədə yaşamaları üçün ayrılan pullar mənimsənilib.
“Sərəncama əsasən, ayrılan vəsait Cavadxan, küçəsi 30 ünvanında yerləşən 5 mərtəbəli, 4 girişli, 60 mənzilli yaşayış binasının 4 ay müddətinə bərpası zamanı sakinlərin kirayədə yerləşdirilməsi məqsədilə birotaqlı evi olanlara ayda 250, ikiotaqlı evi olanlara 350, üçotaqlı evi olanlara isə 450 manat verilməli imiş. Lakin vətəndaşların çoxu bu pulu ala bilməyib. Mərhumların yaxınlarına verilmiş 5 min manat, hadisə zamanı yaralananlara verilməli olan 500 manat da verilməyib” - deyə qaynağımız bildirib.
Mənbə deyir ki, sakinlərin bununla bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər də nəticəsiz qalıb. Sakinlər bundan sonra Prezident Administrasiyasına və prezidentə şikayət ediblər. Nəticədə MTN-nə tapşırılıb ki, məsələ araşdırılsın.
Məsələ ilə bağlı MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən münasibət öyrənə bilmədik. Nəsimi RİH-dən isə iş vaxtının bitdiyini əsas gətirərək gələn həftənin əvvəli əlaqə saxlamağımızı məsləhət gördülər. Xəbərdə adı hallanan məmurun mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Xatırladaq ki, bu il yanvarın 16-da Cavadxan küçəsi, 30 ünvanında yerləşən binanın 60-cı mənzilində qaz sızmasından partlayış baş vermişdi. Nəticədə 5 nəfər ölmüş, 10 nəfər isə ağır yaralanmışdı.