Tarix : 2009 Oct 25
Kod 14619

BAKIDA ERMƏNİ ÇAYI SATILIR

Dünən redaksiyamıza Bakıda erməni məhsullarının satılmasına dair bir xəbər daxil oldu. Məlumatda deyilirdi...
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən redaksiyamıza Bakıda erməni məhsullarının satılmasına dair bir xəbər daxil oldu. Məlumatda deyilirdi ki, Bakıdakı iri marketlərin birində Ermənistan istehsalı olan çay satılır. Xəbəri verən mənbə məhsulun markasını da dedi - “Chelton”. Bu məlumat əsasında erməni çayının satıldığı deyilən marketə baş çəkdik.“Nərimanov” metrosunun yaxınlığında yerləşən “Dəniz” marketə alıcı adı ilə girib burada “Chelton” ticarət markalı çayın olub-olmadığını soruşduq. Satıcı vitrinə düzülmüş “Chelton” çaylarından birini bizə verdi. Həmin məhsulun 500 qramı 19 manata satılırdı.
Çayın qutusu üzərindəki məlumatlara göz gəzdirib onun doğrudan da Ermənistanda istehsal olunub-olunmadığını dəqiqləşdirmək istədik. Qutunun bir küncünə ağ kağız yapışdırılmışdı. Onu qopardıqdan sonra üstündə erməni bayrağı və erməni dilində yazılar yazıldığını gördük. Yazılanların çox hissəsi ermənicə olduğundan aşağı hissəsində rus dilində yazılan məlumatları oxuduq. Üstündə erməni bayrağının təsviri olan çay qutusunun aşağı hissəsindəki qeydlərdən belə məlum olur ki, Hindistanın “Ridjenensi Tiz” firması tərəfindən gətirilən bu çay məhsulları Rusiyanın “Dialoqtorq” şirkətinin sifarişi ilə Ermənistanda qablaşdırılır. Bu qeydlər orada açıq-aydın yazılmışdı.
Satıcıdan erməni çayı satdıqlarından xəbərlərinin olub-olmadığını soruşduq. Söhbət zamanı öyrəndik ki, onlar bu məhsulların Ermənistanda istehsal olunmasından xəbərsizdir: “Bura marketdir, gündə bir firma gəlib bizə mal təqdim edir. Bu çayı da firmalardan biri bizə gətirib. İki çəkidə satılır - 500 qramlıq və 1 kiloluq qutularda”.
Satıcıdan qutunun üstündə istehsalçı ölkə haqqında yazılan yazıların üzərinə nədən ağ kağız yapışdırdıqlarını soruşduqda isə o, bundan xəbərsiz olduğunu söylədi. Digər satıcı isə məhsulun dükana firma tərəfindən bu şəkildə gətirildiyini söylədi: “Çay firmadan necə gəlirsə, biz də o şəkildə düzürük vitrinə. Qutunun üzərinə kağız yapışdırıldığını isə indi gördük”.
“Dəniz” marketinin rəhbərliyindən çayın topdansatışı ilə məşğul olan firmanın nömrəsinin aldıq. “Chelton” çayının topdansatışı ilə məşğul olan Rasim adlı firma rəhbəri ilə telefonda danışıb məsələyə aydınlıq gətirmək istədik. Firma rəhbəri çayın Ermənistanda istehsal olunduğu barədə məlumatlı olmadığını söylədi. Onun sözlərinə görə, firma bu kimi məhsulları sifariş əsasında gətir: “Bizim firma ”Chelton" çayını Ermənistandan gətirmir. Xüsusi adamlar var ki, Rusiyadan ərzaq məhsulları gətirir. Biz də onlardan alıb marketlərə satırıq. Bahalı olduğu üçün az sayda gəlir bu çaylardan".
Marketdən onu da öyrəndik ki, Ermənistan istehsalı olan “Chelton” çayları çox satıldığından firma iki gündən bir bu maldan gətirir. Firma sahibinin bu fakta münasibəti isə bu şəkildə oldu: “Axırıncı dəfə mən o marketə iki ay bundan qabaq mal vermişəm. Elə ola bilməz. Rusiyadan gələn alverçilər müxtəlif vasitələrlə malı keçirib bizə satır”.
Biz firma sahibi ilə danışarkən “Dəniz” marketin satıcılarının vitrindəki çoxsaylı “Chelton” çaylarını tələm-tələsik yığışdırdıqlarını gördük. Qeyd edək ki, bu məhsulların satışı ilə təkcə “Dəniz” marketi məşğul deyil. Aldığımız informasiyalara görə, şəhərin bir neçə iri marketində də “Chelton” çayları vitrinləri bəzəyir.
Sonda onu da xatırladaq ki, Bakıda erməni məhsullarının satılması təzə xəbər deyil. Buna qədər də Bakının ərzaq dükanlarında erməni konyakı, düşmən ölkədə istehsal olunaraq hansı yollarlasa Bakıya gətirilmiş şirniyyat, qəhvə, spirtli içkilər, konservlər, habelə Ermənistanda yetişdirilmiş kələm, kök, kartof, soğan və s. məhsulların satılması barədə dəflərlə məlumatlar yayılıb. Mövzunu davam etdirəcəyik.(MÜSAVAT)
  • Yazılıb
  • da (də) 2009 Oct 25