Tarix : 2009 Oct 26
Kod 14651

QƏRBİN MƏKRLİ SİYASİ PROJESİ

Qarabağ probleminin sərhəd açılımı fonunda həlli Azərbaycan üçün uğurlu və ədalətli görünmür
Azərbaycan Servisi/Aran Agentliyi
Hacı Mövsüm Səmədov: "Qarabağ probleminin sərhəd açılımı fonunda həlli Azərbaycan üçün uğurlu və ədalətli görünmür"

"Xüsusilə də ölkədə mənəvi böhranın yarandığı indiki şəraitdə AİP-in qeydiyyata alınması vacibdir"
 
 
Azərbaycan İslam Partiyası (AİP) ölkədə və dünyada gedən proseslərə, baş verən hadisələrə özünün fərqli baxışları ilə seçilir. İstər Dağlıq Qarabağ probleminin həlli yolları, istər son vaxtlarda Türkiyə-Ermənistan münasibətlərinin yaranması istiqamətində atılan addımlar, istərsə də digər hadisələrə bu qurumun fikirləri diqqəti daha çox cəlb edir. Bu məqsədlə AİP sədri Mövsüm Səmədovdan bəzi məsələlərə münasibət öyrənməyə çalışdıq.
 
- Hacı, bu günlərdə İslam müqəddəslərindən olan xanım Həzrət Fatimeyi-Məsumənin (s.ə) mövludu idi. O Həzrətin məqamı haqda qısaca nələri deyə bilərsiniz?
- Bismillahir Rəhmanir Rəhim. Əvvəla, biz bu müqəddəs gün münasibətilə müsəlman Azərbaycan xalqını, bütün dünya müsəlmanlarını təbrik edirik. Xatırladım ki, Həzrət Fatimə (s.ə) həm də Əhli-Beytin (s.ə) kəliməsi kimi qəbul olunur. Elə bu ad onun məqamından böyük bir nişanədir. Qeyd edim ki, İmam Rza (ə) Abbasi xəlifəsi tərəfindən Mərvəyə aparılanda ona kömək edənlərdən biri Həzrət Fatimeyi-Məsumə (s.ə), digəri isə Həzrət Həkimə (s.ə) idi.
İslam ölkəsi olan İranın Qum şəhərinin dini mərkəz olmasının səbəblərindən biri Həzrətin orda müqəddəs məqbərisinin yerləşməsidir. Mənəviyyat aşiqləri bu məkanda cəm olurlar. Həzrət Fatimeyi-Məsumənin (s.ə) mövlud günü haram aylardan olan Zilqədə ayının 1-nə təsadüf edir. Hər kəsin bu ayda hörmət və ehtiramını gözləməsi onun ibadətlərinə də öz təsirini göstərər.
 
- Yeri gəlmişkən, qonşu İran İslam Respublikasında çoxlu sayda azərbaycanlılar dini təhsil alır. Amma Azərbaycana qayıdandan sonra müəyyən problemlərlə qarşılaşır, təzyiqlərə məruz qalır, dini mərasimlərin bu adamlar tərəfindən təşkilinə qadağalar qoyulur və sair.
- Əfsuslar olsun ki, ölkəmizdə inanclı kəsimə, ümumiyyətlə müqəddəs dinimizə qarşı təzyiqlər doğrudan da var. Və hətta bu təzyiqlərin forması vaxtaşırı dəyişir. Onsuz da mənəviyyatına böyük zərbə dəymiş məzlum xalqın imdadına xarici ölkələrdə mükəmməl dini təhsil alıb vətənimizə qayıdan adamlar yetişə bilərlər. Amma İslama təzyiqlər azmış kimi, belələrinin fəaliyyətinə qadağa qoyan qanunlar da qəbul edilir. Bu mənada dini etiqad və vicdan azadlıqları ilə bağlı qanundakı dəyişikliklər mürtəcedir. Və demokratiya ilə bir araya sığmır. Müsəlman ölkələrində belə bir təcrübə yoxdur. Bizdə isə belə bir addımın atılmasına yalnız təəssüflənmək olar.
Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan xalqı mənəvi böhran keçirir, əxlaqsızlıq baş alıb gedir. Digər tərəfdən torpaqlarımız işğal altındadır. Bu problemlərdən çıxış yolu mənəviyyatın bərpasına yönəlik addımların atılmasındadır. Amma Azərbaycanda bunun əksi olan proseslər baş verir. Konstitusiyaya görə hər bir kəsin azad surətdə təhsil almaq hüququ var. Bu baxımdan dini təhsillə bağlı sözügedən qadağanın qoyulması həm Konstitusiyamıza, həm də insan hüquqları ilə əlaqədar beynəlxalq qanunlara ziddir. Halbuki bizim müqəddəs kitabımızda da təhsil almağa, bilik əldə etməyə, elmə yiyələnməyə yüksək önəm verilir. Bir də ki, müxtəlif ölkələrdə dini təhsil alan vətəndaşlarımız bizim ənənəvi dinimizi öyrənir, Azərbaycana qayıdıb xalqın xidmətində durur, mentalitetimizi formalaşdırır, dəyərlərimizi qoruyurlar. Burda pis nə var ki? Bu dəyərlərin sayəsində bizim xalq Nizami, Füzuli, Sabir və sair kimi şəxsiyyətlər yetişdirib. Biz öz dəyərlərimizə qiymət verməsək, onda başqaları da bizə hörmət etməyəcək, əksinə, bu vəziyyətdən istifadə edib manqurtlaşdıracaqlar. Ona görə də elmin qapılarını bağlamaq olmaz.
 
- Bəs, sizcə müsəlman ölkəsində dinə, İslam elminə bu cür münasibət hardan qay-naqlanır?
- Bilirsiniz, son zamanlar insanların kütləvi şəkildə İslama üz tutması beynəlxalq imperializmin, Amerika və Qərb kimi bir sıra hegemon, təcavüzkar dövlətlərin, sionizmin narahatlığına səbəb olur. Ona görə də İslam əleyhinə təbliğat aparır, guya zərərli bir din kimi təqdim etməyə çalışırlar. Azərbaycan da cəmi 18 ildir müstəqilliyə yetişmiş müsəlman ölkəsi olaraq özünü İslamsız təsəvvür edə bilməz. Qeyd edilən dövlətlər isə ölkəmizin inkişafının, xalqımızın İslama tapınmasının qarşısını almaq, buna mane olmaq və bununla da bizi məzlumiyyətdə saxlamaq istəyirlər.
Əgər nəzər salsaq, dünyanın zalımlar və məzlumlardan ibarət olduğunu görərik. Amma İslam bunlardan heç birini qəbul etmir. Xalqlar da həmçinin. Ona görə də beynəlxalq imperializm, sionizm, Amerika və Qərb dövlətləri öz əlimizlə İslama, İslam müqəddəslərinə qara yaxmağa, onları nüfuzdan salmağa çalışırlar.
 
- Bu yaxınlarda rəsmi Tehran Zahidanda baş verən terror hadisəsində Amerika və İngiltərənin izinin olduğunu bəyan etdi. Bu versiyanı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, İslamın terrora münasibəti necədir?
- Adı çəkilən dövlətlər həmişə İslam ölkələrində sabitliyi pozmağa, iğtişaş yaratmağa, müxtəlif məzhəblər və dinlər arasında nifaq salmağa çalışıblar. Bu ilin yayında İranda keçirilən prezident seçkiləri zamanı da bunun şahidi olduq. Onlar bu üsuldan istifadə etməklə bütün müsəlman ölkələrində inkişafın qarşısını almaq istəyirlər. Amma İranda buna nail ola bilmədilər. Ona görə də terror yolunu seçdilər. Amma əminəm ki, bu da onların istədiyi nəticəni verməyəcək. O ki qaldı İslamın terrora münasibətinə, bu din qətliamı, zalımlığı, qəddarlığı, bütün naqislikləri həmişə pisləyib. İslam insanları xeyirxahlığa, yaxşılığa, sülhə dəvət edir. Ona görə də nəinki terroru pisləyir, hətta özü onun qurbanı olur.
 
- Hacı, Türkiyə ilə Ermənistan arasında sərhəd açılımı ilə bağlı imzalanan protokollar Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaradıb. Bu məsələdə heç də müstəqil olmayan rəsmi Ankara xarici təzyiqlərə davam gətirə biləcəkmi?
- Uzun illərdir ki, Türkiyənin siyasətini, xüsusən də xarici siyasət kursunu Qərb tənzimləyir. Və bunun nəticəsində Türkiyə zaman-zaman bütün istiqamətlərdə böhranla üzləşib. Nəcməddin Ərbakanın hakimiyyətə gəlişindən sonra isə türk xalqı dərk edib ki, müsəlman ölkələri ilə münasibətləri yüksək səviyyəyə çatdırmadan böhrandan çıxmaq çətin olacaq. Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə addımlar atır. Amma görünür, Türkiyə hökumətinin uzun illər apardığı siyasətdən birdən-birə imtina etmək xeyli çətindir. Bununla belə yəqin maraqlıdır ki, Türkiyə öz sərhədlərini Ermənistanın üzünə bağlayanda hakimiyyətdə İslamyönümlülər deyildilər.
Bəs nə üçün indi sərhəd açılımını istəyən Amerika və Qərb o vaxt qapıların bağlanmasına tərəfdan çıxmışdı? Bunun sadə izahı ondan ibarətdir ki, Qərbin və Amerikanın Cənubi Qafqaza Azərbaycan vasitəsilə ayaq açması daha münasib idi. Digər tərəfdən, bununla Ermənistanla sərhədləri açıq saxladığına görə İranın Azərbaycan üçün düş-mən obrazını yaratmağa çalışırdılar. İndi isə eyni məqsəd üçün əks variant seçiblər. Halbuki rəsmi Tehran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və problemin danışıqlar yolu ilə tezliklə həllini istəyib. Və dəfələrlə vurğulayıb ki, münaqişənin həllini onu yaradan dövlətlərin vasitəçiliyinə vermək olmaz. Təəssüf ki, o vaxt buna əhəmiyyət verilmədi.
Əlbəttə, sərhəd açılımı məsələsi ABŞ və Qərbin maraqlarına uyğun bir projedir. Məqsəd regionda möhkəmlənməklə bu ərazidən İrana və Rusiyaya qarşı plasdarm kimi is-tifadə etməkdir. Onlar həm də çalışırlar ki, bu layihənin həyata keçirilməsindən sonra Qarabağ problemini tez-tələsik həll edib maraqlarını həyata keçirsinlər. Amma problemin sərhəd açılımı fonunda həlli Azərbaycan üçün uğurlu və ədalətli görünmür. Onlar da məhz buna çalışırlar. Türkiyəyə təzyiqlər də bunun üçündür. Ancaq hər bir məkrə qarşı Allah-Təalanın da istəkləri var. Və ümid edirik ki, çirkin niyyətlərin həyata keçiril-məsinə imkan verilməyəcək.
 
- Maraqlıdır ki, Ermənistan müxalifəti sərhəd açılımı ilə bağlı ciddi fəallıq göstərsə də, Azərbaycanın "ana müxalifəti" nəzərə çarpan reaksiya vermədi.
- Əvvəla, hesab edirəm ki, Ermənistan müxalifətinin etirazı heç də birmənalı deyil. Yəni əslində sərhədlərin açılmasının bu ölkənin inkişafına müsbət təsir göstərəcəyini on-lar çox yaxşı başa düşür, sadəcə narazılıq görüntüsü yaradırlar. Bizim müxalifətə, xüsusən də özlərini ana müxalifət adlandıranlara gəldikdə isə, onlar bu məsələyə doğrudan da lazımi münasibət göstərmədilər. Bunun üçün müxalifətin həmin kəsimi siyasətində köklü dəyişikliklər aparmalı, özündə yeni, həm də obyektiv baxışlar sistemi formalaşdırmalıdır. İndiki Qərbyönlü siyasətlə onlar təslimçi mövqe tutmağa məcburdurlar.
 
- Hacı, qarşıdan bələdiyyə seçkiləri gəlir. Rəhbərlik etdiyiniz partiyanın rəsmi dövlət qeydiyyatına alınmaması çətinlik törətmirmi? Ümumiyyətlə bununla bağlı nə fikirləşirsiniz?
- Bilirsiniz, bələdiyyələr səlahiyyətsiz, icra orqanlarından asılı qurumdur. Siyasi təşkilatlar, o cümlədən İslam Partiyası da bunu nəzərə alaraq həmin seçkilərə ciddi maraq göstərmir. Digər tərəfdən, bizim dövlət qeydiyyatımızın olmaması seçkilərə bir partiya olaraq qatılmağımızı əngəlləyir. Bunun üçün də öz üzvlərimizə iştirakla bağlı sadəcə sərbəstlik veririk. Bu məsələyə partiyanın Baş Məclisində rəsmi münasibət bildiriləcək.

O ki qaldı AİP-in qeydiyyatı məsələsinə, ölkədə mənəvi böhranın yaranmasının səbəblərindən biri, bəlkə də birincisi elə budur. Əgər partiyamız qeydə alınsaydı, indiyə qədər çox işlər görmək imkanı qazanardı. Xüsusilə də indiki şəraitdə AİP-in qeydə alınmasının zəruriliyini əslində hamı başa düşür. Təəssüf ki, keçirdiyimiz qurultaylardan sonra təqdim etdiyimiz sənədlərdə heç bir qüsur olmadığına baxmayaraq, hansısa təsirlər altında bizi qeydə almaq istəmirlər.

  • Yazılıb
  • da (də) 2009 Oct 26