Tarix : 2009 Oct 31
Kod 14708

Nalbandyan Türkiyəyə ''yox'' dedi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağda güzəştə getmək haqda Türkiyənin çağırışlarını rədd edir
Ermənistan Servisi/Aran Agentliyi

Türkiyə Ermənistanla münasibətlərin normallaşması müqabilində təklif edir ki, Ermənistan da Dağlıq Qarabağda güzəştə getsin. Ermənistan buna qətiyyən razı deyil. Bunu «Reuters» Ermənistanın xarici işlər naziri Nalbandyanla müsahibə əsasında yazır.

NALBANDYAN «REUTERS»Ə NƏ DEYİB?

Xarici işlər naziri deyib ki, Türkiyə ilə Ermənistanın danışıqları artıq arxada qalıb. Nəticə budur ki, tərəflər tezliklə diplomatik münasibətlər qurmaq və sərhədləri açmaq haqda öhdəlik götürüblər. Türkiyə liderləri isə deyirlər ki, Türkiyə parlamenti Ermənistanla imzalanmış protokolları təsdiq etməmişdən qabaq Dağlıq Qarabağ probleminin həllində tərəqqi görmək istəyir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ sülh prosesi arasında əlaqənin olması fikrini rədd edən Nalbandyan deyib:  «Protokolları ratifikasiya etmək istəmiriksə, onları niyə imzalamışıq? Mən düşünürəm ki, beynəlxalq aləm sənədlərin tezliklə ratifikasiya olunacağını və razılaşmalara hörmət qoyulacağını gözləyir. Tərəflərdən biri protokolların təsdiqini yubatsa və ya əngəllər törətsə, neqativ nəticələrə görə bütün məsuliyyət həmin tərəfin üzərinə düşəcək».

«Reuters» yazır ki, regional güc mərkəzinə çevrilməkdə, Avropa Birliyinə üzv olmaqda Ermənistanla sərhədləri açmaq Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq Türkiyənin dostu Azərbaycan sərhədlərin açılmasına qəzəbli reaksiya verir.  Diplomatlar «Reuters»ə deyirlər ki, bütün bunlara görə Türkiyə Dağlıq Qarabağ sülh prosesində heç olmasa, kiçicik irəliləyiş axtarır.

SİYASİ DİNAMİT


«Reuters» yazır ki, Dağlıq Qarabağla Türkiyə-Ermənistan əlaqələrinin normallaşması arasında əlaqə Ermənistanda siyasi dinamitdir. Onsuz da ermənilərin böyük və nüfuzlu diasporu soyqırımı iddiası tanınmadan Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədir.  Nalbandyan «Reuters»ə deyib ki, Dağlıq Qarabağ və Ermənistan-Türkiyə münasibətləri iki müxtəlif prosesdir:  «Bu, təkcə Ermənistanın mövqeyi deyil. Beynəlxalq ictimaiyyət də eyni fikirdədir».

«Danışıqlar qurtarıb» ifadəsini xüsusi vurğulayan Nalbandyan deyib:  «Türkiyə ilə danışıqlar fevralda qurtarıb».  «Reuters» yazır ki, təhlilçilər Türkiyənin öz ratifikasiya şərtində nə qədər möhkəm olması haqda qəti fikirdə deyillər. Ancaq aprel ayında ermənilər iddia etdikləri soyqırımın 95 illiyini keçirəcəklər. O vaxt Amerika prezidenti ənənəvi olaraq bəyanat verir. Aprelə kimi Türkiyə ratifikasiya etməsə, Türkiyəyə təzyiqlər artacaq.

YAXIN VAXTLARDA DAĞLIQ QARABAĞ ÜZRƏ RAZILIQ OLACAĞI CİDDİ SÖHBƏT DEYİL

«Reuters» Nalbandyandan onu da soruşub ki, Minsk Qrupu həmsədrlərinin dediyi kimi, Dağlıq Qarabağ sülh prosesində irəliləyiş varmı? Nalbandyan yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş olacağı haqda söhbətləri rədd edib:  «Danışıqlarda pozitiv dinamika var. Ancaq bu o demək deyil ki, sabah, bir ay ərzində və ya qısa zamanda biz razılığa gələcəyik. Bu, ciddi deyil».

  • Yazılıb
  • da (də) 2009 Oct 31