Tarix : 2009 Oct 31
Kod 14709

UĞURSUZ XALQ DİPLOMATİYASI

Musa Ağayev: "Belə görüşlərlə vaxtı uzatmaqla Azərbaycan tərəfini mövcud reallıqla, təslimçi sülhlə barışdırmağa çalışırlar"
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşündən bir nəticə hasil olmasa da, Cənubi Qafqazda öz layihələrini həyata keçirməyə çalışan böyük güclər bu mənasız danışıqları zorən davam etdirməkdədirlər. Onlar gah münaqişə edən tərəflərin xarici işlər nazirlərini təkrar-təkrar görüşdürür, gah Ermənistan-Türkiyə münasibətləri ilə bağlı məkrli layihənin uğurla başa çatdırılması üçün ölkəmizə təzyiq göstərir, gah da Türkiyəli millət vəkillərinin Azərbaycana səfərindən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu baxımdan xalq diplomatiyasının yenidən gündəmə gətirilməsi, millət vəkillərimizi erməni deputatları ilə danışıqlar stolu arxasına keçirmələri də maraqlıdır.
Bəli, beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan prezidentlərinin problemin həlli istiqamətin-də indiyə qədər keçirdikləri görüşlərin heç bir nəticə əldə etməyə imkan vermədiyini görsələr də "tarixi barışığın" əsas yolunu deyəsən elə bunda görürlər. Təcrübə isə göstərib ki, Azərbaycan və Ermənistan arasında hərbi, siyasi və iqtisadi qarşıdurmaya səbəb olmuş Qarabağ münaqişəsinin xalq diplomatiyasının üsul və metodları ilə həll olunması hazırkı reallıqlar şəraitində mümkün deyil.
Məsələyə şərh verən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev bu tipli görüşlərin bir neçə dəfə keçirildiyini xatırladaraq hesab edir ki, əvvəlkilər kimi bunun da heç bir perspektivi yoxdur və ola da bilməz: "Bunu deməyə əsasımız var. Məsələn, Ermənistan prezidenti Serj Sərkisyan Kişinyov görüşündən sonra, futbol matçını izləmək üçün Bursaya səfəri ərəfəsində çıxış edərək deyir ki, biz Azərbaycan prezidenti ilə işğal olunmuş torpaqlar haqda danışmamışıq. O bildirir ki, danışıqlar yalnız Dağlıq Qarabağın statusu, onun müstəqilliyi barədə olub. Ermənistanın dövlət başçısı israrla Dağlıq Qarabağa müstəqillik verilməsinin vacibliyini bildirir, ortada başqa heç bir variantın olmadığını vurğulayır. Sərkisyan bu yaxınlarda Dağlıq Qarabağda da olub, bir sıra görüşlər keçirib, müharibə iştirakçılarını mənzillə təmin edib, bu ərazinin müstəqilliyi ilə bağlı söhbət aparıb, neytral ərazilər minalanıb. Yəni əgər bütün bunlar baş verirsə, onda heç bir görüşün əhəmiyyətindən danışmaq olmaz".
M.Ağayev həmçinin belə görüşlərə, konkret olaraq budəfəki görüşə Azərbaycan tərəfinin hansı tərkibdə getməsinə də münasibət açıqladı: "Xüsusən də bu tərkibin keçirdiyi görüşün müsbət nəticəsi ola bilməz. Bunun kökü parlament seçkilərinin necə keçirilməsi ilə bağlıdır. Ölkədə normal parlament formalaşmalıdır ki, belə görüşlərdə iştirak edən nümayəndə heyəti də normal olsun. Və nəticədə görüşlərdən nəsə əldə etmək, yaxud ən azı normal münasibət sərgiləmək mümkünləşsin. Amma təəssüflər ki, mən Azərbaycan parlamentində belələrini görmürəm".
YZP sədri xalq diplomatiyası adı altında keçirilən bu tipli səmərəsiz görüşlərin məqsədinə də toxundu: "Belə görüşlərin təşkil olunmasında məqsəd ondan ibarətdir ki, guya sülh danışıqlarının getməsi görüntüsünü yaratsınlar, müharibə yenidən bərpa olunmasın, atəşkəs rejiminə əməl edil-sin və sair. Yəni məsələ bundadır ki, beynəlxalq güc mərkəzləri öz iqtisadi və strateji maraqları üçün Qarabağda müharibənin əleyhinədirlər. İndiki statuskvo onlar üçün sərfəlidir. Ona görə də bu cür görüşlər, eyni zamanda xarici işlər nazirləri və prezidentlərin görüşləri də davam etdiriləcək. Amma bunun heç bir nəticəsi olmayacaq".

M.Ağayev dedi ki, belə görüşlərlə vaxtı uzatmaqla Azərbaycan tərəfini mövcud reallıqla, təslimçi sülhlə barışdırmağa çalışırlar: "Son zamanlar bu istiqamətdə cəhdlər bir qədər də intensivləşib. Xüsusilə Türkiyə protokolları imzaladıqdan sonra ermənilər daha da aqressivləşib, ambisiyaları artıb. Amma hesab etmirəm ki, hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq Azərbaycan tərəfi təslimçi sülhlə barışacaq".

  • Yazılıb
  • da (də) 2009 Oct 31