Tarix : 2009 Nov 03
Kod 14747

AZANA QADAĞA SİYASƏTÇİLƏRİ DƏ NARAHAT EDİR

Sərdar Cəlaloğlu: "Namaz azanla başlayır. Azanın qadağası dolayısı yolla namazın qadağan olunması kimi başa düşülməlidir"
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda İslam kotolikzmi yaranıb. Məscidlərdə azanın qadağan edilməsi, mollaların testdən keçirilməsi, həccə gedənlərin azaldılması, icmaların Qafqaz Müsəlmanlar İdarəsinin icazəsilə fəlaiyyət göstərməsi və sair bütün bunlar göstərir ki, bizdə Kotolik - İslam forması yaranıb. Çünki Kotolik dininin fəlsəfəsinə görə, din xadimləri Allahın əvəzinə vətəndaşları günahdan azad edə bilirlər. Bizdə də şeyxul - islamlıq elə bil vatikantlıq rolunu oynayır - deyə  Azərbaycan

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.  Sərdar  Cəlaloğlu FaktXəbərə verdiyi müsahibədə həmçinin qeyd edib ki: “İndi ölkəmizdə dinin əsas prinsiplərinə riayət etmək üçün şeyxin xüsusi razılığı alınmalıdır. O, cümlədən azanın qadağan olunması da kotolikzmin əlamətlərindən biridir. Roma Papası kotoliklərin həyat tərzini müəyyənləşdirən bəyanatlar verir. İslam dinində isə Müqəddəs İslam Peyğəmbəri (s) vasiytəsilə gətirilmiş ümumi normalar var. Bu qaydaları heç bir dini rəhbərin dəyişmək səlahiyyəti yoxdur. Azanın qadağası faktiki olaraq ateizmdir”.

Sərdar bəy dediklərinə əlavə edib ki,  bu yaxınlarda ABŞ Azərbaycanda dini vəziyyət haqqında hesabat hazırlamışdı. Hesabatda dini azadlıqların pozulması göstərilir. Məscidlərin sökülməsi, icmaların qeyri-qanuni ləğv edilməsi, vətəndaşların ibadətlərinə müdaxilələr, azanın qadağası, həccə gedənlərin qarşısına şərtlərin qoyulması və sair qeyd olunub. Bəzi hallarda QMİ belə məsələlərdə özünü kənara çəksə də, bilməliyik ki, bu olanlar bir başa şeyxul-İslamın xeyir-duası nəticəsində baş verir: “Bizdə din siyasəti çox qüsurludur. Məsələn, dövlət dindən ayrı olsa da, büccədə kəsir olan zaman Təzə Pir məscidinin təmirinə kifayət qədər vəsait ayrılır. Eyni zamanda bəzi məlumatlara görə, orada böyük korrupsiyalar da baş verib. Başqa tərəfdən də ya məscdilər bağlanılır, ya da sökülür. Dərindən düşünsək görərik ki, dünyada elə bir yer yoxdur ki, Allahın olmasın. Çünki “Mən mülkün malikiyəm” deyə buyurub uca Yaradan. Bu halda Allah evinin tikilişi necə qeyri-qanuni ola bilər? Bir tərəfdən hakimiyyət özünü dinə yaxın aparır, Təzə Pirin təmiri və Allahşükürə orden verilməsi və sair. Başqa tərəfdən də dinə qarşı atılan addımların şahidi oluruq”.

Azanın qadağan olunmasını qətiyyətlə pisləyən S.Cəlaloğlu  həmçinin qeyd bildirib ki, azan İslamın atributlarından hesab olunur. Onu məhdudlaşdırmaqla dinin bütün mahiyyəti ləğv olunmuş hesab olunur. Namaz azanla başlayır. Azanın qadağası dolayısı yolla namazın qadağan olunması kimi başa düşülməlidir. Azərbaycanda dinlə dövlət qeyri-rəsmi olaraq birləşib. Bu da orta əsrlərin feodal ənənəsidir. Maraqlısı odur ki, hökumətin dinə qarşı apardığı siyasətdə şeyxul-islam onun yanındadır.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
FaktXəbərə bildirib ki, bu addım insan azadlığına ziddir. Azanın səsucaldıcı ilə verilməsini tənzimləmək olar, ancaq onu məhdudlaşdırmaq yanlışdır. Ən azı ona görə ki, Bakı İslam mədəniyyətinin paytaxtıdır. Belə məsələlərdə hakimiyyətin daha həssas davranmalı olduğunu bildirən F.Mustafa əlavə olaraq deyib: “Din siyasətinin yanlışlığı nəticəsində belə hallara şahid oluruq. Əslində dinə təhlükə mənbəyi kimi deyil, xalqın mənəvi dəyəri kimi baxılmalıdır. Hər halda bu mənfi nəticələr yaradacaq”.

  • Yazılıb
  • da (də) 2009 Nov 03