İİR Servisi/Aran Agentliyi
Avropa İttifaqı İranla “Nabucco” qaz kəməri layihəsinə dair qeyri-rəsmi danışıqlar aparır. Bu məlumatı ötən gün “Tehran Times” qəzeti İranın Milli Qaz İxrac Şirkətinin icraçı direktoru Rza Kasaizadəyə istinadən yayıb. Mənbə deyib ki, danışıqlara Avropa İttifaqı adından bəzi Avropa şirkətləri cəlb olunub. Məqsəd İran qazının “Nabucco” kəməri ilə nəqli imkanlarını müzakirə etməkdir. Kasaizadə deyib ki, danışıqlar Azərbaycan, İraq, Türkiyə və Türkmənistan arasında qazın bu kəmərlə nəqlinə dair razılaşmanın əldə edilməsinin ləngiməsi ilə start götürüb. “Bir daha təsdiq olunub ki, “Nabucco” İran qazı olmadan fəaliyyət göstərə bilməz. Ona görə də bəzi Avropa şirkətləri ilə İran arasında qeyri-formal danışıqlar başlayıb” - deyə İran təmsilçisi bildirib. Lakin o danışıqlara qoşulan Avropa şirkətlərinin adlarını açıqlamayıb.
İranın “Nabucco” ya qoşulmasına indiyədək Avropa İttifaqı və ABŞ qətiyyətlə qarşı çıxırdı. Bildirilirdi ki,Tehran nüvə məsələsində beynəlxalq birliyin şərtlərini yerinə yetirmədiyindən bu layihəyə qoşula bilməz. Lakin İranın milli Qaz İxrac şirkətinin icraçı direktorunun açıqladığı məlumat da bir daha təsdiq edir ki, situasiya çoxlarının gözləmədiyi istiqamətdə dəyişib. Qərb İran qazının Avropa bazarlarına çıxarılması imkanlarını araşdırır və Tehranla anlaşmaya meyl edir. Əgər anlaşma əldə edilsə İran qazı Türkiyə üzərindən Avropaya nəql olunacaq, yəni “Nabucco” Azərbaycanın iştirakı olmadan həyata keçəcək. Bu isə Azərbaycanın regionda illərdir cərəyan edən mürəkkəb enerji çəkişmələrində mövqelərini əldən verməsi demək olardı.
Xəbər verildiyi kimi ötən həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri zamanı İranla bu ölkə arasında irihəcmli enerji sövdələşmələri əldə edilib. Oktyabrın 27-də Tehranda imzalanan anlaşmaların hələ 3 ay əvvəl razılaşdırıldığı məlum olub. Bu ləngimə ABŞ-ın Türkiyənin İranla strateji enerji anlaşmalarına yaşıl işıq yandırmaması ilə bağlıdır. Belə görünür ki, 3 ay əvvələ nisbətən indi vəziyyət dəyişib və ABŞ Türkiyənin İranla iri enerji sövdələşmələrinə yolunu açıb. Sövdələşməyə görə Türkiyə İranın iri qaz ehtiyatlarına malik “Cənubi Pars” yatağından ildə 35 milyard kubmetr qaz hasil etmək hüququ qazanır. Belə ki, həmin yataqların bir hissəsinin istismar hüququ Türkiyənin dövlət şirkəti olan TPAO-ya (Türkiyə Petrolları Anonim Ortaqlığı) verilir. Həmçinin həmin yataqlardan hasil olunacaq İran qazı Türkiyə üzərindən Avropaya nəql ediləcək. Digər tərəfdən Türkmənistan qazı da İran üzərindən Türkiyəyə nəql olunacaq, oradan Avropaya ötürüləcək. Türkiyənin enerji naziri Taner Yıldız açıqlayıb ki, müqaviləyə görə İrandan hasil edilən qazın yarısını satmaq hüququ Türkiyəyə verilir. İranın “Cənubi Pars” yataqlarından hasilat işləri aparmaq üçün irhəcmli investisiyalara ehtiyac var. Bu vəsaitin Türkiyə tərəfindən Qərbin maliyyə qurumlarından kredit şəklində əldə edəcəyi gözlənilir.
Həmin anlaşmanın rəsmiləşməsindən sonra qəzetimiz Türkiyədəki mötəbər qaynaqdan məlumat əldə edib ki, Amerika da İranla bu ölkə qazının Avropa bazarlarına yolunu açan sövdələşmələr üçün gizli təmaslar qurub. Təmasları Türkiyə üzərindən Türk-Erməni Biznes Şurasının həmsədri, Amerika vətəndaşı olan və bu ölkədə yaşayan türkiyəli erməni iş adamı Kaan Soyak həyata keçirir. İran tərəfdən onunla dini lider ayətullah Əli Xamneynin oğlu təmasdadır.