Tarix : 2009 Nov 06
Kod 14799

AMERİKANIN DAHA BİR TƏŞKİLATI AZƏRBAYCANDAN GEDİR

Respublikaçılar İnstitutunun ardınca İFES də Bakıdakı fəaliyyətini dayandırır Növbə xarici radiostansiyalarındır?
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin proqram üzrə məsul nümayəndəsi Elçin Rzayev noyabrın 30-dan qurumun Bakı ofisinin fəaliyyəti və bununla əlaqədar olaraq Azərbaycandakı bütün proqramlarının dayandırılacağını açıqlayıb. O qeyd edib ki, gediş əsasən maliyyə məsələləri ilə bağlıdır. Daha bir ABŞ təşkilatının - Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Azərbaycandakı nümayəndəliyinin taleyi qaranlıqdır. Adının çəkilməsini istəməyən qərbli mənbə “Azadlıq” radiosuna deyib ki, bu təşkilat da Azərbaycanda fəaliyyətini dayandıra bilər, ona da maliyyə ayrılmayıb.Bu haqda məlumatı İFES-in Bakı ofisinin direktoru Daniel Blessinqton “Azadlıq” radiosuna belə şərh edib: “Mən bircə onu deyə bilərəm ki, Azərbaycanda ən azı 2010-cu ilin yanvar ayının sonuna kimi qalacağıq. Bundan sonra nə baş verəcəyini deyə bilmərəm. Ümidimiz var ki, parlament seçkilərində burda olacağıq. Biz bu məsələni USAİD-lə növbəti həftələrdə müzakirə edəcəyik”.
Bütün hallarda kifayət qədər böyük nüfuz sahibi olan bu qurumların Azərbaycandakı fəaliyyətlərini dayandırmaları diqqət çəkir. Bunun arxasında dayanan səbəblər isə çox gümün ki, yaxın vaxtlarda bəlii olacaq. Amma maraqlı olan bu gedişlərin növbəti mərhələsinin Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaları əhatə edib-etməyəcəyidir. Bildiyiniz kimi, son bir ildə onların fəaliyyətini əngəlləmək üçün mümkün olan bütün addımlar atılıb. Son olaraqsa hökumət qanunun onların fəaliyyətinə icazə verməyəcəyini bəyan edib. Bu mərhələdə xarici radiostansiyalar beynəlxalq təşlkilatların gediş taktikasını təkrarlaya bilərmi?
Media üzrə mütəxəssis Zeynal Məmmədli bildirdi ki, ümumiyyətlə, Azərbaycanın müasir dünyadan təcrid olunmuş vəziyyətdə yaşamaq istəyi yolverilməzdir. Problemləri həll etməyin ən sivil və normal yolunun məhkəmə olduğunu deyən ekspertə görə, bu məqamda yasaqlayıcı mexanizmdən istifadə müasir dünyanın məntiqi ilə zəiflik sayılacaq: “Açıqlıq güclülük əlamətidir. Sən bu açıqlığa hazır olmalısan. Hazır olduqca daha geniş açılmalısan. Amma eyni zamanda qapalılıq, qapanmağa meyl yaxşı heç nə vəd etmir”.
Z.Məmmədli həmçinin dedi ki, xarici radiostansiyalarla bağlı durum da eynidir. Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyası elə bir həddədir ki, artıq radiostansiyalarla bağlı bundan daha sərt addımlar atmaq mümkün deyil: “Deyirik ki, bu radiolar peyklə yayılır. Peykdən bu əraziyə yayılması üçün Azərbaycanın verdiyi hansısa üstünlüklər lazımdırmı? Inanmıram ki, indiki mərhələdə xarici radiosrtansiyalar ölkədən gedər və ya onlarıln getməsi üçün hansısa adımlar atıla bilər. Çünki bu, Azərbaycan Ermənistan-Rusiya-Türkiyə üçbucağındakı münasibətləri daha da qəlizləşdirər, Azərbaycanın nüfuzunu xeyli azalda bilər. Radiostansiyalarla bağlı son həddə nə edilibsə, edib. Bundan artığını etmək Azərbaycanın Sovet sisteminə qayıtması demək olar”.
  • Yazılıb
  • da (də) 2009 Nov 06