Bakıda lal-kar uşaqları sağaltmaq üçün yəhudi təbiblərdən ibarət komanda fəaliyyət göstərir
Azərbaycan Servisi/Aran Agentliyi
İsrail həkimlərindən ibarət komanda bir neçə aydır Bakıda eşitmə və nitq qüsurlu uşaqları sağaltmaq üçün xüsusi mərkəzdə mətbuatdan gizli fəaliyyət göstərir. “Israel 21C” saytının yazdığına görə, beynəlxalq mətbuatın diqqətindən kənarda qalan bu fəaliyyət yəhudi dövləti ilə İranla həmsərhəd müsəlman ölkəsi arasında müsbət əməkdaşlığa nümunədir.Bildirilir ki, İsrail həkimlərindən ibarət komanda Bakıya bu ilin avqustunda gəlib. Komandaya bu ölkənin lal-kar xəstələri sağaltmaq üçün tanınmış mütəxəssislərindən olan Anat Koçva və “Hadima” institutunun mütəxəssisləri daxildir. İsrail mütəxəssislərinə Bakıdakı xəstəxanalardan birində bir neçə otaq ayrılıb və orada ən müasir avadanlıqlar yerləşdirilib. Avadanlıqların da qısa müddət ərzində İsraildən gətirildiyi bildirilir. Qısa müddət keçməsinə baxmayaraq İsrail həkimləri 150 azərbaycanlı uşağı və yeniyetməni müalicə ediblər. Onlardan bir çoxu ömürlük kar olacaqlarına inanırmışlar və sağalacaqlarına heç bir ümid yox imiş.
Məlumata görə, İsrail həkimləri 70-ə yaxın uşağı eşitmə cihazları ilə təmin ediblər. Onlar vəd ediblər ki, yaxın vaxtlarda İsraildən bu cihazların yeni partiyasını gətirəcəklər. Uzunmüddətli fəaliyyət üçün isə A.Koçva Azərbaycan hökuməti ilə birlikdə eşitmə və danışma əngəlli uşaqların reabilitasiyası üçün xüsusi mərkəzin yaradılması üzərində işləyir.
Lakin həkim Azərbaycandakı fəaliyyətlərini geniş reklam etmək istəmir. O deyir ki, Bakıda bu sahədə çox az mütəxəssis var və peşəkarlıq səviyyəsi aşağıdır: “Burada bu cür qüsurları olan uşaqları xüsusi qapalı məktəblərdə təcrid edirlər və eşitmə problemi olmayan əhalidən ayırmağa çalışırlar. Onların reabilitasiyası, eşitmə cihazları ilə təmin olunma səviyyəsi də çox aşağıdır. Mən 35 ildir bu sahədə işləyirəm, ancaq heç vaxt bu cür səviyyə ilə rastlaşmamışdım”.
Məlumata görə, İsrail həkimlərinin müalicə etdiyi xəstələrdən biri də 16 yaşlı Nicat Əhmədlidir. Nicat ciddi eşitmə problemi ilə anadan olub, sonradan onun vəziyyəti daha da pisləşib. Lakin İsrail həkimləri onu müalicə edən həkimlərin metodlarının düzgün olmadığını sübuta yetirib və yeniyetməni eşitmə cihazı ilə təmin ediblər.
Bildirilir ki, Azərbaycana bu köməyin göstərilməsi təklifini İsrail biznesmeni Neti Markus və bu ölkənin hökuməti irəli sürüb. Markus “Eye from Zion” adlı humanitar təşkilata da rəhbərlik edir və indiyədək dünyanın bir çox ölkəsində görmə əngəlləri xəstələrə yardım edib. A.Koçva deyib ki, Azərbaycanda əhalinin 95 faizi müsəlman olsa da xəstələr yəhudi həkimlərinin köməyindən məmnuniyyətlə istifadə edirdilər. Onların hamısı yəhudilərə qarşı münasibətinin müsbət olduğunu deyib.