Sərdar Cəlaloğlu: "Bağlanacaq təşkilat öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərmir"
Azərbaycan Servisi/Aran Agentliyi
"ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin fəaliyyəti dayandırılacaq" xəbərindən dərhal sonra başqa bir ABŞ təşkilatının - Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Azərbaycandakı nümayəndəliyinin taleyi də sual altına düşüb. Bu haqda məlumatı İFES-in Bakı ofisinin direktoru Daniel Blessinqton "Azadlıq" radiosuna belə şərh edib: "Mən bircə onu deyə bilərəm ki, Azərbaycanda ən azı 2010-cu ilin yanvar ayının sonuna kimi qalacağıq. Bundan sonra nə baş verəcəyini deyə bilmərəm. Ümidimiz var ki, parlament seçkilərində burada olacağıq".
Xatırladaq ki, hər iki təşkilat seçki məsələlərilə əlaqədar fəaliyyət göstərirdilər. Azərbaycanda bələdiyyə seçkilərinə çox az müddət qalmağına baxmayaraq, bu təşkilatların ölkədə fəaliyyətlərinə xitam vermələri başa düşülən deyil. Yeri gəlmişkən bildirməliyik ki, müxalifət ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) fəlaiyyətindən narazıdır. Əksər partiyalar isə bu təşkilatın Seçki Məcəlləsində (SM) islahatlara dair hakimiyyətlə təşkil etdiyi dialoqa qatılmaqdan imtina edib. Əsas kimi o göstərilir ki, İFES hakimiyyətin maraqlarına işləyən təşkilatdır və qərəzlidir. Təşkilatın internet saytında deyilir ki, İFES seçki islahatları, bələdiyyələr, müxtəlif icma proqramları həyata keçirən qeyri-hökumət təşkilatıdır. İFES Azərbaycanda və başqa ölkələrdə həyata keçirdiyi layihələr üçün maliyyə dəstəyini əsasən ABŞ-ın hökumət agentliyi olan USAİD-dən alır. Lakin təşkilatın başqa beynəlxalq qrant fondları tərəfindən dəstəklənən layihələri də var.
Sözügedən məsələ ilə əlaqədar, daha doğrusu İFES-in Azərbaycandakı fəaliyyəti ilə bağlı siyasilərin fikirlərini öyrənməyə çalışdıq.
ADP sədri Sərdar Cəlaloğlu FaktXəbərə bildirdi ki, bu gün ADP ilə Seçki Sistemləri Üzrə Beynəlxalq Fond (İFES) arasında hər hansı bir əməkdaşlıq mövcud deyil: "Bu təşkilatın əsas məqsədi ölkəyə demokratik seçki təcrübəsi məsələsində yardımçı olmaqdır. Ancaq öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərmir. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun əsas məqsədi isə ötən parlament seçkiləri zamanı ortaya çıxdı. Bildiyiniz kimi həmin dövrdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, dəyişdirilməsi gündəmdə idi. Və ölkə müxalifəti ilə hakimiyyətinin bu istiqamətdə layihələri var idi. Bu ərəfədə Seçki Sistemləri üzrə Beynəlxalq Fond bir neçə tədbirlər düzənlədi. Ancaq az sonra məlum oldu ki, bu təşkilatın Seçki Məcəlləsi ilə bağlı öz layihəsi var və bu layihə daha mürtəcedir. Bu fakt adını çəkdiyim təşkilatın Azərbaycanda nə cür fəaliyyət göstərdiyinin bariz nümunəsidir.".
Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, son dövrlərdə onların Seçki Sistemləri üzrə Beynəlxalq Fondla əməkdaşlığı yoxdur: "Belə bir əməkdaşlıq olmadığına görə, onların Azərbaycandakı fəaliyyətlərinə dair geniş məlumatlara malik deyilik".