«Konsey» Hacıbala Abutalıbovun əli ilə yol kənarındakı mağazaları sökdürdü; icra nümayəndələri ilə sahibkarlar arasında qarşıdurma oldu; iki nəfər həbs edildi
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən saat 12 radələrində Dərnəgül yolu üzərindəki tikinti materialları satılan mağazalar söküldü. Ziya Bünyadov prospekti boyunca, «Çermet» körpüsündən Karl Marks körpüsünə kimi yolun kənarındakı tikinti malları satılan mağazalar əraziyə gətirilən ağır texnikaların köməyi ilə darmadağın edildi. Ərazidə olarkən öyrəndik ki, qərar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən verilib.
Hadisə yerində olan icra nümayəndələrindən aldığımız məlumata görə, Z.Bünyadov prospekti boyunca bütün qanunsuz mağazaların sökülməsi nəzərdə tutulub. İş icraçıları bizə bildirdilər ki, mağaza sahiblərinə aylar öncə rəsmi xəbərdarlıq etsələr də heç bir sahibkar ölçü götürməyib: «Burada adam var ki, evinin bir hissəsini mağazaya çevirib. Öncə həmin obyektlər müəyyənləşdiriləcək. Hazırda biz mağazaların damlarını və reklam plakatlarını sökürük. Yəqin ki, sabahdan (bu gündən - F.İ.) yol boyunca ticarət obyektlərinin söküntüsünə başlanılacaq. Sökülən obyektlər qanunsuz olduğundan heç bir sahibkara kompensasiya verilməyəcək».
Nəzərə çatdıraq ki, öncə mağazaların reklam plakatları söküldü. Söküntü zamanı xəsarət alanlar da oldu. 10-a yaxın sahibkar isə polisə və icra nümayəndələrinə mağazalarından çıxmayacaqlarını bildirdilər. Taleh Məmmədov adlı sahibkar isə bizə dedi ki, dəymiş ziyanın ödənilməyəcəyi təqdirdə mağazadan çıxmayacaq: «Neçə ildir burada işləyirik. Bizə deyirlər ki, mağazalarınız qanunsuzdur. Necə olur ki, yerpulu yığanda qanuni idi, indi yox? Bizə dəymiş ziyana görə kompensasiya verilməlidir. Əks təqdirdə, obyektlərimizdən çıxmayacağıq».
BŞİH nümayəndələri ilə mübahisə edən sahibkarlardan biri isə çox qəzəbli şəkildə danışdı: «Bakı meri keçən il dedi ki, tikinti bazarı üçün ayrılmış yerdə alver edə bilərsiniz. Hər kəs oradan bir mağaza aldı. İki-üç gün öncə həmin bazarı bağladılar. Yüzlərlə ticarət obyekti qapadıldı. Nəticədə sahibkarlara külli miqdarda ziyan dəydi. İndi isə bizi buradan çıxarmaq istəyirlər. Polisləri töküblər bura, hədə-qorxu gəlirlər bizə. Qoy Hacıbala Abutalıbov özü gəlib bizi çıxarsın burdan».
Qeyd edək ki, mağazalarının sökülməsinə etiraz edən bir qrup sahibkarla icra nümayəndələri arasında qarşıdurma oldu. Əraziyə cəlb olunan polis qüvvələri qarşıdurmanı əngəllədi. İki mağaza sahibi polis maşınına oturdularaq bölməyə aparıldı. Aldığımız məlumata görə, söküntü işləri həftə sonuna kimi davam edəcək.
***
Xatırladaq ki, ötən sayımızda Dərnəgüldəki tikinti bazarının «Sədərək» ticarət mərkəzinə köçürüləcəyini xəbər vermişdik. Bu proses iqtidardakı məmurların iç savaşlarını da özündə əks etdirir. Məmurların ticarət nöqtələri uğrunda amansız rəqabətinin nəticəsidir ki, tikinti bazarı indiyəcən bir neçə dəfə yandırılıb.
İndiki halda yol boyunca tikinti materialları satılan mağazaların sökülməyə başlaması hakimiyyətdaxili vəziyyətin olduqca gərgin olduğunu göstərir. Bütün bu olanlar bir daha göstərdi ki, Bakı meri Hacıbala Abutalıbov, nəqliyyat naziri Ziya Məmmədov və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov arasında gedən savaş olduqca şiddətlənib. Artıq birmənalı demək mümkündür: Vasif Talıbovun Bakıdakı bazarı başlandı, üstəlik də darmadağın edildi. Kimsəyə sirr deyil ki, Dərnəgüldəki nəhəng tikinti bazarına Naxçıvan MR rəhbəri nəzarət edir(di).
Buradaca vurğulayaq ki, «Naxçıvan xan»ı Bakıdakı vəzifəli məmurları saya salmaması ilə ad çıxarıb. O, hətta nazirlərə aid strukturların Naxçıvandakı bölümlərinə belə şəxsən özü rəhbərlik edir; Bakıya nə tabeçilik çatır, nə də hesab...
İndi iqtidarımızın ərköyün oğlu Talıbova qarşı bir alyans yaranıb - Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Cahangir Hacıyev, Ziya Məmmədov və Hacıbala Abutalıbovu birləşdirən «dəyər» Vasif xana olan münasibətdir. Qeyd edək ki, bu «konsey» ancaq Talıbova ortaq münasibətin (mənfi) üzərində formalaşıb, heç bir siyasi mahiyyət kəsb etmir.