Tarix : 2009 Nov 06
Kod 14808

Günahın azı da Allahı tərk etmək deməkdir

.
Azərbaycan Servisi/Aran Agentliyi
30 oktyabr 2009-cu il tarixində İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi.

Xətib ilk olaraq İmam Rzanın (ə) mövludu münasibətilə namaza cəm olanları, bütün Əhli-Beyt (ə) sevərləri təbrik etdi. Cümə xətibi Allaha dua etdi ki, bu dünyada İmam Rzanın (ə) ardıcılı, axirətdə isə onun şəfaətinə nail olanlardan olaq. Daha sonra xətib İmam Rzanın (ə) mübarək bir buyuruşunu səsləndirdi: “Günahın azından qorxmayan çoxundan da qorxmaz”.

Mübarək hədisin açılışında xətib bildirdi: “İmam (ə) buyurur ki, günahın azından qorxmayan onun çoxundan da Allahdan qorxmaz. Günahların azı və çoxu yoxdur. Hər biri Allaha asi olmaqdır. Allahdan diləyimiz budur ki, həyatımızda, o cümlədən günaha münasibətdə İmam Rzaya (ə) layiq olaq”.

Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir.

İmamın (ə) mövluduna bir daha toxunan Hacı İlqar, bu mövludun həm də dünyada İslamın tanınması üçün də gözəl fürsət olduğunu vurğulamışdır: “Çox təəssüf olsun ki, biz hələ də İmamlarımızı dünyaya tanıda bilməmişik. İmam Səccadın (ə) şəhadəti günlərinə internetdə onun mübarək adı haqqında rus və ingilis dillərində axtarış verdiyimizdə, çox acınacaqlı durumla qarşılaşdıq. İmamın (ə) adı ilə bağlı məlumata rast gəlmədik. Bu o deməkdir ki, biz özümüzü tanıda bilmirik”.

Həftənin digər hadisələrinə toxunarkən xətib Əfqanıstan və İraqda son baş verənlərə söz açaraq demişdir: “Məzlum Əfqanıstan bir tərəfdən radikal talibançıların, digər tərəfdən NATO qüvvələrinin işğalı altında əziyyət çəkir. Əfqan xalqı məzlum müsəlman xalqdır ki, o Sovetin qarşısında duruş gətirdi. Bütün bu məzlumiyyətinə baxmayaraq, əfqan xalqı Quranın təhqirinə qarşı çıxıb. Onlara bu işlərində davamlılıq və müvəffəqiyyət arzulayırıq”.

Mövzunu davam etdirən xətib davamında İraq hadisələrindən söz açarkən demişdir: “Bütün batil öz şeytanantında bu qədər israrlıdır. Çox təəssüf ki, haqq tərəfdarları bu qədər çalışmır. Son partlayışda 100-dən artıq insan həlak olub. Son günlərdə belə bir partlayışın biri də İranda baş vermişdir. Bu onu göstərir ki, Əhli-Beyt (ə) yolçularına qarşı sistemli işlər görürlər”.

Daha sonra Yəmən hadisələrinə toxunan cümə xətibi bildirmişdir ki, burada Əhli-Beyt (ə) yolçularını incidirlər: “Yəmənliləri də məzlum halda incidirlər. Yəmən xalqı üçün də dua edək ki, onlar da bu çətin durumlarından nicat tapalar”.

Türkiyə-İran yaxınlaşmasına diqqət çəkərkən, Hacı İlqar demişdir ki, bu mövzuda xüsusilə həssas olmaq lazımdır. Bu yaxınlaşma məzhəblərarası yaxınlaşması baxımından da çox mühümdür. Şəhid Mütəhərri vurğulayıb ki, düşmən bu 3 ölkə üzərində həmişə işləyir: Misir, Türkiyə və İran”.

İnformasiya və kommunikasiya texnologiyalari mövzusuna diqqət etmək istiqamətinə alimlərin təkidlərinə nəzərləri çəkərkən xətib demişdir: “Onların buna diqqət yetirmələri, bu məsələyə ciddi yanaşılmalı olmağa dəlalət edir. Xüsusən də yeniyetmələr, gənclər bu mövzulara xüsusi diqqət yetirməlidirlər”.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
  • Yazılıb
  • da (də) 2009 Nov 06