Tarix : 2009 Nov 09
Kod 14832

İLHAM ƏLİYEV TÜRKİYƏDƏKİ SAMMİTƏ GETMƏDİ

Ankara-Bakı münasibətlərindəki soyuqluq davam edir
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Ankarada İslam Konfransı ölkələrinin İqtisadi və Ticarət Əməkdaşlığı Komitəsinin (İSEDAK) toplantısı işə başlayıb. Tədbirə İKT-yə üzv olan ölkələrin hamısının dövlət və hökumət başçıları dəvətlidir. Ev sahibi kimi Türkiyə tərəfi tədbirə Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib. Lakin Türkiyə mənbələrinin xəbərlərinə görə, Əliyev toplantıya qatılmır və bu iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin davam etdiyini göstərir.
Azərbaycanı toplantıda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın təmsil etdiyi bildirilir. Bu, təşkilata üzv ölkələr arasında ən aşağı səviyyədə təmsilçilikdir. Türkiyə mətbuatına görə, jurnalistlərin suallarına cavab olaraq azərbaycanlı nazir müavini təsdiq edib ki, onun iştirakı tədbirin səviyyəsinə uyğun gəlmir.
“Ancaq nəzərə almaq lazımdır ki, münasibətlərimizdə həssas dönəmdən keçirik. Azərbaycan tərəfindən qatılan hələlik tək mənəm, ancaq həftənin əvvəlində baş nazirin müavini Abid Şərifov da gəlməlidir”.
Qeyd edək ki, Ankara ilə Bakı arasında münasibətlərin yaxşı olmadığı bu günlərdə Türkiyə respublikasının müstəqillik günü münasibətilə Bakıda təşkil olunan qəbulda da özünü göstərmişdi. Həmin tədbirə Azərbaycan hakimiyyəti tərəfindən qatılan ən yüksək səlahiyyətli şəxs baş nazirin müavini Abid Şərifov olmuşdu. Müdafiə naziri, ənənəvi olaraq Türkiyə ilə yaxın münasibətlərə malik olan Səfər Əbiyev istisna olmaqla güc nazirləri və hökumətin digər yüksək səlahiyyətli üzvləri tədbirə qatılmayıb.
Xəbərlərə görə, toplantını açan Türkiyə prezidenti Abdullah Gül deyib ki, islam dünyasında gəlirlərin ədalətli bölünməməsi və yoxsulluq ən önəmli problemlərdən biridir. O, islam ölkələrini təhsil, səhiyyə və əmək şəraitinin yaxşılaşdırılması ilə bərabər gəlirlərin ədalətli bölünməsinə də diqqəti artırmağa çağırıb. Gül xatırladıb ki, dünyanın ən kasıb 49 ölkəsindən 22-si İslam Konfransı Təşkilatının üzvüdür. “Bizim ortaq hədəfimiz bu rəqəmin azaldılması, xüsusən İslam İnkişaf Bankının nəzdində qurulan yardım fondunun gücləndirilməsi olmalıdır. Bu məqsədlə islam ölkələri daha sıx əməkdaşlıq etməlidir” deyə o bildirib. Gül əlavə edib ki, Türkiyənin siyasi islam ölkələri ilə əməkdaşlığı gücləndirmək, qonşuları, xüsusən də İKT-yə üzv olan İranla ticarət-iqtisadi əməkdaşlığını artırmaqdır. O, İranın nüvə proqramı məsələsindəki gərginliyin danışıqlar yolu ilə həll edilməsinin vacibliyinə də toxunub.
İSEDAK toplantısına soyqırımda suçlanan və barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı çıxardığı Sudan prezidenti Ömər əl Bəşir də qatılmalı idı. Lakin Bəşirin Türkiyəyə dəvət edilməsi Avropa İttifaqında, beynəlxalq insan haqları təşkilatlarında və Türkiyənin özündə narazılıqla qarşılanıb. Beynəlxalq Cinayət Məhkəməsi Türkiyədən tələb edib ki, mənəvi baxımdan Sudan prezidentini həbs etməyə borcludur. Son məlumata görə, əl-Bəşir onun səfərinə olan etirazlardan sonra Türkiyəyə gəlməkdə tərəddüd edirdi. “CNN Türk” diplomatik qaynaqlara istinadən xəbər vermişdi ki, onun gəlməsi ehtimalı 50 faizdən azdır.
  • Yazılıb
  • da (də) 2009 Nov 09