Fuad Qəhrəmanlı: "Türkiyəli siyasətçilər Bakıda İlham Əliyevin qorxusundan müxalifətlə görüşmür"
Azərbaycan Servisi/Aran Agentliyi
Türkiyədə səfərdə olan iki AXCP funksioneri – partiya sədrinin müavini Fuad Qəhrəmanlı və müşaviri Sahib Kərimov ötən gün “Kanal B”nin “Diplomatik kulvari” verilişində qonaq olublar.
Verilişdə gərginləşən Türkiyə Azərbaycan müansibətləri müzakirə edilib.
Ermənistanla Türkiyə arasında imzalan protokolu Azərbaycan və Türkiyə üçün zərərli qiymətləndirən Fuad Qəhrəmanlı “bu hal Azərbaycanın geostrateji seçimini dəyişə bilər” deyib: “Son proseslərdə biz gördük ki, Azərbaycan Rusiyaya bağlanmaq üçün bəhanə axtarır. İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətində çoxsaylı rusiyameylli məmurlar var. Onlar Türk zehniyyətindən uzaqdırlar. Türk cəmiyyəti də çalışmalıdır ki, İlham Əliyevin əlinə Bursdakı kimi bəhanələr verməsin”.
Cənab Qəhrəmanlı Azərbaycanla Rusiya arasında qaz satışı müqaviləsinin imzalanmasını da tənqid edib: “Rusiyaya satılan qazın qiymətləri açıqlanmır. Ona görə ki, bu qiymət Türkiyəyə satış qiyməti ilə eynidir”.
AXCP sədrinin müşaviri Sahib Kərimov isə bayraq krizisindən sonra Türk ictimaiyyətində yaranan yanlış düşüncəyə qarşı fikirlərini söyləyib: “Türk mediası, siyasi partiyaları bilməlidir ki, Azərbaycan xalqının Türkiyəyə münasibəti qardaşlıqdan da irəlidir. “Şəhidlər Xiyabanı”nda o bayraqları götürən İlham Əliyev hakimiyyətidir, Azərbaycan xalqı yox. Bizim partiya sədrinin çağırışı ilə insanlar bayraqlar götürülən yerə ziyarətə axışdı. Bütün cəmiyyətin bu prosesə qoşulmasının qabağını hakimiyyət zorla aldı. Bütün bunlar göstərdi ki, xalqımız Türkiyəyə ehtiramını qoruyub saxlayır”. (azadlıq)
Cəbhəçi funksionerlər Türkiyə siyasətçilərinin Azərbaycanda demokratikləşmə prosesinə yetərincə təsir göstərmək marağında olmadıqlarını da tənqid ediblər. F.Qəhrəmanlı deyib ki, türkiyəli siyasətçilər Bakıya gələndə İlham Əliyevin qorxusundan müxalifət partiyaları ilə görüşmürlər. S.Kərimov isə “Türkiyənin Azərbaycanda demokratik dəyərlərin carçısı olmağa böyük imkanları var və bu imkanları işə salmamaq hər iki ölkə vətəndaşlarının rifahına xidmət etmir”, – deyə bildirib.