Tarix : 2009 Nov 09
Kod 14837

İKT-nin növbəti iclası bu gün İstanbulda keçiriləcək

Bu gün Türkiyədə İslam Konfransı Təşkilatı (İKT) iqtisadi və ticari əməkdaşlıq daimi komitəsinin toplantısı keçiriləcək
Türkiyə Servisi/Aran Agentliyi
Bu gün Türkiyədə İslam Konfransı Təşkilatı (İKT) iqtisadi və ticari əməkdaşlıq daimi komitəsinin toplantısı keçiriləcək. İstanbulda keçiriləcək toplantıda iştirak etmək üçün artıq bir sıra dövlətlərin liderləri, o cümlədən İran prezidenti Mahmud Əhmədinejad Türkiyəyə gəlib. Tədbir həmçinin komitənin yaranmasının 25 illik yubileyi ilə də bir vaxta düşür. Səfərindən əvvəl jurnalistlər qarşısında təkliflə çıxış edən Mahmud Əhmədinejat bildirib ki, İslam ölkələri arasında valyuta səbəti yaradıla bilər. Onun sözlərinə görə, valyuta səbətinin yaradılması İslam ölkələri arasında ticarətin inişafını daha da sürətləndirəcək. Əhmədinejat həmçinin əlavə edib ki, dünyanın güclü valyutaları İslam ölkələrinin iqtisadiyyatlarında problemlər yaradır və bu səbəbdən də valyuta səbətinin yaradılması zəruridir.”Biz İslam ölkələri arasında valyuta səbəti yarada bilərik. Bundan sonra İslam ölkələri öz xarici ticarətlərini bu valyutaya əsaslanaraq qura bilərlər. Yeni valyutanın təyin olunması İslam ölkələrinin iqtisadiyyatlarında problem yaradan güclü dünya valyutalarını əvəz edə bilər”.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad artıq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Türkiyədə səfərdə olan Əfqanıstan prezidenti Həmid Karzai isə prezident Abdullah Güllə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq və terrorizmə qarşı mübarizədə qarşılıqlı yardım məsələri müzakirə olunub. Gözlənildiyinin əksinə olaraq isə beynəlxalq cinayət məhkəməsi tərəfindən barəsində cinayət hökmü çıxarılan Sudan prezidenti Ömər əl-Bəşir Türkiyəyə səfərini təxirə salıb.
  • Yazılıb
  • da (də) 2009 Nov 09