Hacı Əbdül: "Rafiq Yəhyayeviç bundan şükürlü idi. O, vəzifədə olduğu dönəmdə bir dənə də məscid sökdürmədi. Amma Hidayət Orucov bu vəzifəyə gəlişi ilə 4-5 məscid sökdürdü"
Azərbaycan Servisi/Aran Agentliyi
Azanın səsgücləndiricilərlə verilməsinə qadağanın qoyulması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hətta Gəncədə bununla bağlı etiraz aksiyası da keçirildi. Bunun ardınca isə Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Hidayət Orucov açıqlama verərək, azanın səsgücləndiricilərlə verilməsinin insanları narahat etdiyini bildirdi. Lakin etirazlardan sonra qadağa qismən aradan qaldırıldı. "Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül də azanla bağlı qadağaya sərt formada etiraz edənlərdəndir.
- Bismillahir-Rəhmanir-Rəhim! Əvvəla nəzərinizə çatdırım ki, azan məsələsi birinci dəfə deyil ki, gündəmə gəlir. Bir neçə ildir, çalışırlar ki, azanın səslənməsini ləğv etsinlər. Hər dəfə cəhd ediblər, amma alınmayıb. Bu da növbəti gedişdir. Demək olar ki, bu, yəhudilərin, Amerikanın və daxilimizdə olan münafiqlərin işdir. Burada bir neçə məqsəd var. Həm də ictimaiyyətin bu məsələyə qarşı necə mövqe tutacağını yoxlayırlar.
Torpaqlarımızı aldılar, gördülər ki, biz torpaq haqqında fikirləşmirik. Televiziyalarda verilən şou proqramlarla gənclərin yerlərində otuzdurublar, vətən, torpaq yaddan çıxıb. Gündə bir yığıncaqla, ATƏT-lə, nə bilim AFƏT-lə danışıqlar aparmaqla vaxt keçirirlər və nəticədə vətənə məhəbbət hissi soyuyur. Bir xalqı məhv etmək istəyirsənsə, onun dinini və dilini əlindən al. Bizim də torpağımızı alıblar, artıq dinimizə keçirlər. Bunlar bu xalqı robort eləmək istəyirlər. Ancaq aldıqlarının əvəzinə bizə bir şey verirlər.
- Nə verirlər ki?
- Nə verəcəklər? Gündə televizorda reklamı gedən gümüş filtirlərdən keçmiş "MEN" araqları, narkomaniya, əxlaqsızlıq verirlər. Bunları verməklə, millətin mənəviyyatını məhv elədilər. Diqqət yetirin, bu gün cavanlarımıza silah tutmaq, top atmaq öyrətmək əvəzinə, onları "kuxna pişikləri"nə döndərib, xörək bişirmək öyrədirlər. Budur, Azərbaycanı hazırkı vəziyyəti.
- Hacı, yəhudiləri, Amerikanı başa düşdük, daxilimizdə İslama qarşı çalışanlar kimlərdir?
- Çoxdur. Belələri hakimiyyətdə olub, indi də var. Böyüklərin bir sözü var: dostun düşməninlə dost olsa əgər, bil onu iki düşmən, vur ona iki xəncər.
Bu gün yəhudilərin əməllərini davam etdirən içimizdəkilər onlardan da pisdir. Məsələ ondadır ki, həmin şəxslər öz məkrli işlərini davam etdirirlər.
- İslama qarşı olanlar arasında hakimiyyət nümayəndələri də varmı?
- Niyə yoxdur, elə Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Hidayət Orucovun özü. Hidayət Orucov İslamın düşmənidir. Rafiq Yəhyayeviç bundan şükürlü idi. O, vəzifədə olduğu dönəmdə bir dənə də məscid sökdürmədi. Amma Hidayət Orucov bu vəzifəyə gəlişi ilə 4-5 məscid sökdürdü.
- Bu inandırıcı səslənmir, İslamın düşməni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ola bilməz...
- Bu adam onların göstərişini yerinə yetirir. Bilirsiniz, İslamın düşmənlərinin hamısı buyruq qullarıdır, Allahın qulları yox, şeytanın qullarıdır. Ona görə də şeytani əməllərlə məşğuldurlar.
- Azanın səsgücləndiricilərlə verilməsinə qadağanın qoyulması məsələsi gündəmə gələndə hakimiyyət nümayəndələri də, Hidayət Orucov da bildirdi ki, azan elə verilməlidir ki, insanları narahat etməsin...
- Allah belə fikir bildirənlərə də, bu qərarı çıxaranlara da lənət eləsin! Bunlar xalqın sakitliyinin qeydinə qalandılar? Televiziyalarda dambadurumlardan başqa bir şey yoxdur. Xalqın qeydinə belə qalarlar? Küçələrdə narkotik maddə satırlar. Mənəviyyatımızın, dinimizin simvolunu aradan götürmək olmaz. Azanın səsi kim narahat edir ki, bütün bunlar bəhanədir. Hidayət Orucov deyirsə ki, azan insanları narahat edir, yalan danışır. Ola bilsin ki, azanın səsi Hidayət Orucovun özünü narahat edir.
Onu da deyim ki, Hidayət Orucovun İslama düşmənçiliyi bunlarla bitmir. Birincisi, o, bizim gözəl dini kitablarımızı qadağan edib, qalıblar anbarlarda. Bunun səlahiyyəti ona çatır. Əlində hansı səlahiyyəti varsa, ondan İslama qarşı maksimum istifadə edir. Hansı tapşırığı verirlərsə, artıqlaması ilə yerinə yetirir ki, yerini möhkəmlətsin.
- Sizcə, məscidlərin bağlanmasına səbəb nədir?
- Bəlkə də bu işdə bizim bilmədiyimiz gəlir, maliyyə məsələləri də var. Ola bilsin ki, bu gün məscidlərin bağlanmasında, sökülməsində can-başla işləyənlər hardansa, kimdənsə pul alırlar. Belə faktorların da olması istisna deyil.
- Amma bu məsələlərdə QMİ sədri Hacı Allahşükür Paşazadənin mövqeyi lazımi səviyyədə görünmür...
- Əlbəttə, Şeyx öz fikrini bildirməli idi. Artıq Azərbaycan xalqı Şeyxə də inanmır. Təsir əks-təsirə bərabərdir, yəni Şeyxin də inamı yoxdur ki, bir hərəkət edəndə, hansısa addım atanda xalq onun ətrafında olacaq, ya yox.
- Hər halda dəstək gözləmədən də dinə hücum olanda...
- (Sözümüzü kəsərək) Sən dediyin elə bir şəxsiyyətdir ki, o, birbaşa Allahla bağlıdır. Onun üçün xalq və digərləri lazım deyil. Şeyx isə elə bir şəxsiyyət deyil. Əgər o, bilsə ki, bir addım atanda xalq onun yanında olacaq, onda nəsə edər, amma beş-on məscidin axundunu bir yerə yığmaqla nəsə etmək mümkün deyil. Ciddi bir iş görmək üçün böyük kütlənin dəstəyi lazımdır, Şeyxə isə bu dəstəyi verən yoxdur.
- Necə düşünürsünüz, xalqın Şeyxə inamı niyə itib?
- Son dövrlər baş verənlərə görə xalq ona inanmır. Məscidi sökürlər, Şeyx sakit oturur, camaatı yığıb demir ki, axı belə olmaz. Gecə oğruları kimi məscid sökərlər? Məscidi sökməzdən əvvəl heç olmasa, müzakirə elə, sonra qərar çıxar. Camaat da görür ki, Fatimeyi Zəhra məscidini, Neft Daşlarındakı məscidi sökdülər, amma reaksiya olmadı, ona görə də daha heç kimə inanmırlar. Neft Daşlarında gözəl, ağ məscid var idi, cavan, yaşlı gəlib namaz qılırdı. Nə var, nə var, amerikalılar orda işləyirdilər deyə, onu sökdülər.
Şeyx bütün bunlara görə etiraz etməli, ciddi addımlar atmalıdır. Gündə bir konfrans çağırır, məscidlərlə bağlı da konfrans çağırıb, vəziyyəti camaata desə, yaxşı olar.
- Əgər o, bunları edə bilmirsə, tutduğu postdan getməli deyilmi?
- Əgər lazımi vəzifələrini yerinə yetirməyən adamlar postdan getməli olsaydılar, onda Azərbaycanda bir adam da postdan qalmalı deyil. Bu gün Azərbaycanda heç kəs öz vəzifəsini layiqincə yerinə yetirmir. Şeyx də, nazirlər də, komitə sədrləri də öz işlərinin öhdəsindən gələ bilmirlər. O qədər özbaşınalıqdır ki... Əxlaqsızlıq, narkomaniya, mənəviyyatsızlıq baş alıb gedir. Bir məmləkətdə bu qədər əxlaqsızlıq olar, bu qədər narkotik satarlar, bəs Daxili İşlər Nazirliyi hara baxır?
- MTN ardıcıl olaraq narkotik maddə satan dəstələri zərərsizləşidirir...
- Bilirsən, kimlər tutulur? O kəslər tutulur ki, Azərbaycanda narkotik işinə baxanların adamları deyil. Elə bizim məscidin yanında da narkotik satırlar, bunu niyə yığışdırmırlar? Biabırçılıqdır, bəzi qızlarımız, qadınlarımız da narkotikdən istifadə edirlər. Bu millətin anasını ağladırlar. Hidayət Orucov bir tərəfdən, Şeyx digər tərəfdən, nazirlər də öz tərəflərindən bu millətin başına oyun açırlar.
- Sizin vəhhabilərlə bağlı da maraqlı fikirləriniz olurdu, bu sahədə vəziyyət indi necədir?
- Bu gün Azərbaycanda vəhhabilər var və öz fəaliyyətlərindədirlər. Sadəcə olaraq, biri var aktiv fəaliyyət, biri də var passiv fəaliyyət. Bəzən elə olur ki, passiv fəaliyyət aktiv fəaliyyətdən qorxulu olur. Hazırda vəhhabilər passiv fəaliyyətdədir. Ona görə də düşünürəm ki, Azərbaycanı ciddi təhlükələr gözləyir.
- Bu təhlükə özünü hansı formada büruzə verə bilər?
- Bunun müxtəlif formaları olar bilər. Sadə üsulu odur ki, orda-burda xırda terror törətsinlər. Bu gün realdır ki, vəhhabilər Azərbaycanda terror aktı həyata keçirə bilərlər. Əslində bu cür kiçik terrorlarla gözdən pərdə asırlar, sonra isə böyük əməliyyatlara başlayırlar.
- Belə bir təhlükəni aidiyyatı orqanlar görmür?
- Görürlər və belə demək mümkündürsə, müvafiq addımlar da atırlar. Milli Təhlükəsizlik Nazirliyi boş buraxılmış bu cür qurumları aradan götürməyə başlayıb. Elə ona görə də vəhhabilər və digər missioner cərəyanlar passiv fəaliyyətə keçiblər. Ümidvarıq ki, təhlükəsizlik orqanları öz işlərinin öhdəsindən gələcəklər. Əgər belə davam etsələr, inşallah, həmin missioner təşkilatların təhlükəsi bizdən uzaqlaşar.