Tarix : 2009 Nov 10
Kod 14844

Bakının mərkəzində aksiya

Əraziyə gətirilən ağır texnikalar vasitəsi ilə binanın suyu və qazı kəsilib. Buna etiraz edən bina sakinləri və burdakı mağaza sahibləri küçələrə tökülüblər
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən saat 12-də şəhərin mərkəzində, Qız qalasının yanındakı, Neftçilər prospekti 79 ünvanında yerləşən bina sakinləri aksiya keçirib. Aksiyaya səbəb isə Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi qərara əsasən qədim binanın sakinlərinin burdan köçürülməsidir. Əraziyə gətirilən ağır texnikalar vasitəsi ilə binanın suyu və qazı kəsilib. Buna etiraz edən bina sakinləri və burdakı mağaza sahibləri küçələrə tökülüblər.
Ərazidə olduğumuz vaxt Səbayel Rayon İcra nümayəndələri ilə sakinlər arasında mübahisə gedirdi. İcra nümayəndələrinə yaxınlaşıb məsələ ilə bağlı ətraflı məlumat öyrənməyə çalışsaq da, bayaqdan sakinləri hədə-qorxu gələrək binanı boşaltmalarını tələb edən şəxslər qaçmağa başladılar. Üstəlik, icra nümayəndələri müxbirimizi hədələyərək ərazidən uzaqlaşdılar.

Binanın birinci mərtəbəsində mağaza sahibi olan Qurban Əliyev bildirdi ki, heç bir əsas olmadan onları bu binadan köçürmək istəyirlər: “Neçə gündür gəlib bizə hədə-qorxu gəlirlər. Səbayel RİH-in nümayəndələri bizə bildirdilər ki, qərar verilib, artıq siz bu ünvandan köçməlisiniz. Səhər traktorlarla gəlib binanın qazını və suyunu kəsdilər”.

Aksiya keçirən bina sakinlərindən öyrəndik ki, tarixi binanın sökülməsinə BŞİH rəhbəri Hacıbala Abutalıbov qərar verib. Qədim binanın birinci mərtəbəsində bir neçə böyük əntiq əşyaların satıldığı mağazalar var. Binada yaşayanlara və mağaza sahiblərinə kompensasiya verilib-verilməyəcəyi məlum olmasa da, qaz və su təchizatı dayandırılan bina sakinlərinin yaxın günlərdə köçürüləcəyi gözlənir.
  • Yazılıb
  • da (də) 2009 Nov 10