Tarix : 2009 Nov 10
Kod 14846

İslamyönümlü təşkilatlar fövqəladə toplantı keçirdi

tədbirin təşkili son günlər məscidlərdə azan verilməsinə olan qadağalar və ümumiyyətlə, ölkədə İslam dinininin məhdudiyyətlərlə üzləşməsi olub
Azərbaycan Servisi/Aran Agentliyi

Dünən 12 İslamyönümlü təşkilatın iştirakıyla fövqəladə məşvərət toplantısı keçirilib. "Yeni Şərq"in Haqqyolu.com saytına istinadən verdiyi məlumata görə, tədbirin təşkili son günlər məscidlərdə azan verilməsinə olan qadağalar və ümumiyyətlə, ölkədə İslam dinininin məhdudiyyətlərlə üzləşməsi olub.

Bildirilir ki, toplantı iştirakçıları son dövrdə respublikada bir neçə məscidin sökülməsi və bir neçəsinin də qapadılması, əqidəsinə uyğun başörtüyü geyən qızların təhsil müəssisələrində və dövlət idarələrində ciddi təzyiqlərə məruz qalması, ona yaxın Quran kursunun bağlanması, dini icma üzvlərinin müntəzəm olaraq hüquq-mühafizə orqanlarına çağrılması, bəzi hallarda hətta “polisə müqavimət” adı ilə həbsə alınması, xaricdə dini təhsil almış müsəlmanların fəaliyyətinin məhdudlaşdırılması və indi də məscidlərdə azan verilməsinə qadağa qoyulması kimi halları İslam dini və ölkə müsəlmanlarına qarşı həyata keçirilən diskriminasiya kimi dəyərləndirib bu siyasətə qarşı etirazlarını bildiriblər.
Toplantıda daimi fəaliyyət göstərən “məşvərət şurasının” yaradılması qərara alınıb. Şura İslam dininə qarşı həyata keçirilən təqiblərin qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək.
Tədbirin maraqlı cəhətlərindən biri iştirak edən təşkilatların ölkənin müxtəlif İslam məzhəblərini təmsil etməsidir. Fövqəladə toplantının təfərrüatı açıqlanmasa da, məşvərət şurasının iclaslarının bundan sonra müntəzəm keçiriləcəyi və ölkədəki dini vəziyyətlə bağlı birgə strategiyanın işlənib hazırlanacağı bildirilir.
 
"Yeni Şərq"
  • Yazılıb
  • da (də) 2009 Nov 10