Tarix : 2009 Nov 10
Kod 14847

Viza rejiminin ləğvi casusluq planlarıyla bağlıdır?..

.
Azərbaycan Servisi/Aran Agentliyi
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu günü Azərbaycan millətinin birlik şüarının simvolik günü də adlandırırlar. 20 il əvvəl, 1989-cu ilin dekabr ayının son günlərində Araz boyu uzanan tikanlı məftillər yıxıldı, o taylı-bu taylı xalqımızın ayrılıqda titrəyən əlləri yenidən bir-birinə toxundu. Millətimiz öz iradəsini ortaya qoyub, nümayişkaranə şəkildə İranla aramızda olan sərhədlərin şərti xarakter daşıdığını, bu tikanlı məftillərin qəlblərimiz qarşısında aciz olduğunu göstərdi. İnsanlar o taydakı qardaş-bacılarının görüşünə min cür maneələrdən, tikanlı məftillər arasından, bürokratik əngəllərdən keçib getmək istəmədiyini bildirib, uzun sürən həsrətə son qoymaq niyyətini gerçəkləşdirməyə çalışdı. Millətimizin bu cəhdi İran tərəfindən də alqışlandı və İran sərhədçiləri heç bir maneə törətmədən bu xoşməramlı istəyin həyata keçməsinə şərait yaratdı. Bir neçə ay Azərbaycanla İran sərhədi demək olar ki, şəffaf oldu. Eynilə, Avropa dövlətləri, yaxud ABŞ ilə Kanada arasında olan sərhədlər kimi. Axı nə üçün bu taydakı Culfada yaşayan qardaş o tay Culfasındakı qardaşını, yaxud Bakıda yaşayan bir bacı Təbrizdə yaşayan bacısını ziyarət etmək üçün viza növbəsinə düşməli, öz təbii haqqını gerçəkləşdirmək üçün həm xeyli vaxt, həm də xeyli pul xərc etməlidir? Nə üçün Almaniyadan Fransaya gedən birisi maşınına minib, heç bir inzibati əngəllərə rast gəlmədən rahatca sərhədi keçməli, özü də artıq qonşu ölkənin ərazisində olduğunu sadəcə yol kənarındakı tablodan anlamalı, amma Astaradan Astaraya, Biləsuvardan Biləsuvara, Culfadan Culfaya gedən birisi əzab-əziyyətli sərhədkeçmə prosedurunu aşmalıdır?
Yüzilliklərlə aralarında ciddi problemlər yaşamış, bir-birilə müharibələr etmiş, bir-birinin milyonlarla əhalisinin qanını tökmüş Avropa dövlətləri günümüzdə ilbəil, aybaay, günbəgün daha da yaxınlaşır, vahid Avropa çətiri altında birləşir, vahid parlament, vahid iqtisadi məkan, vahid pul vahidi, vahid ordu qurur, sərhədləri şəffaf edib xalqları arasında sıx təmasın yaranmasına, vahid ictimai atmosferin ərsəyə gəlməsinə şərait yaradır, bizlər isə hələ də Arazın bu tayından o tayına keçmək üçün min cür əziyyətlə üzləşirik.
1997-ci ildə bu əziyyətli prosedurun aradan qaldırılması istiqamətində əlverişli təklif irəli sürüldü. O zaman İranın xarici işlər nazirliyi Azərbaycanla İran arasında viza rejiminin ləğv edilməsi təşəbbüsü ilə çıxış etdi. Lakin naməlum səbəblərlə bağlı Azərbaycan tərəfi bu təşəbbüsü dəstəkləmədi. Nəhayət bu ilin oktyabr ayında, yəni Araz boyu uzanan tikanlı məftillərin ayaqlar altına atılmasının 20-ci ilində İran İslam Respublikası birtərəfli qaydada Azərbaycanla viza rejiminin aradan qaldırılmasına qərar verdi. İranın xarici işlər naziri Mənuçöhr Müttəki Tehranda keçirdiyi mətbuat konfransında bildirdi ki, ölkəsi Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayır: “Viza rejiminin ləğvi Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq. İran öz tərəfindən viza rejiminin ləğv edilməsini məqsədəuyğun hesab edir. Artıq Türkiyə ilə İran arasında viza rejimi ləğv edilib. Azərbaycanla da bu məsələni həll etmək istəyirik. Azərbaycan tərəfinin də belə addım atmasını istərdik”.
İranın bu qərarı bundan sonra İrana gedəcək Azərbaycan vətəndaşlarının vizasız bu ölkəyə girməsinə yol açdı. Beləliklə, bir-birinə qırılmaz tarixi tellərlə bağlı olan iki ölkə arasında gediş-gəlişin sadələşdirilməsi istiqamətində tarixi addım atıldı. Amma əfsuslar olsun ki, vaxtıyla sərhəd boyu uzanan tikanlı məftilləri ayaqlar altına atıb, o taya maneəsiz keçməyi arzulayan millətimizin arasında bu arzunun gerşəkləşməsinə yol açan bu qərarı “top atəşinə” tutanlar da tapıldı. Həm də bu addım ölkəmizi vaxtıyla İran İslam Respublikasında təmsil edən eks-səfir Əliyar Səfərli tərəfindən atıldı. Bu günlərdə “Yeni Müsavat” qəzetinə müsahibə verən eks-səfir Səfərli öz “diplomatiya təcrübəsindən” çıxış edərək, əcaib fikirlər irəli sürüb. Qəzetin 27 oktyabr 2009-cu il tarixli sayında “İran Azərbaycanla viza rejimini nə üçün ləğv etmək istəyir?” adlı məqalədə müəmmalı iddialar ortaya qoyulub. Eks-səfirin iddialarına görə, İranın viza rejimini ləğv etməkdə məqsədi “Azərbaycana casuslarının daha da kütləvi və problemsiz gəliş-gedişinə nail olmaqdır”.
Cənab Səfərli vətəndaşlarımızın və millətimizin maraqlarına cavab verən İranın bu qərarını da qısqanclıqla qarşıladı və “qeyri-səmimi” adlandırdı. Guya viza rejimi hər hansı bir ölkənin digər ölkədə casusluq fəaliyyətinə mane olur. Özü də eks-diplomat nəzərdən qaçırır ki, vizanın ləğvi yalnız İrana gedəcək vətəndaşlarımıza şamil olunacaq. Bu, Azərbaycana gələn İran vətəndaşlarına aid deyil. Sözügedən qərar casusluğa hesablanıbsa, onda İran istədiyi Azərbaycan vətəndaşına pulsuz da viza verə bilərdi. Üstəlik, casusluq fəaliyyətilə xüsusi xidmət orqanları məşğul olur və 40-45 ABŞ dolları onlar üçün elə bir böyük məbləğ deyil ki, bundan ötrü viza rejimi ləğv edilsin. Eks-diplomatın məntiqinə görə, Azərbaycanla viza rejimini daha öncədən ləğv etmiş Türkiyə də bu addımı qara niyyətlərlə atıb. Axı Türkiyə də regionun böyük dövlətidir və bu ölkənin xüsusi xidmət orqanları, kəşfiyyat şəbəkələri də günlərini yatmaqla keçirmirlər.
Eks-səfirin məntiqilə, Avropa dövlətləri özaralarında sərhədləri şəffaflaşdırmaqla milli təhlükəsizliklərini təhlükəyə salıblar. Axı, hər halda, bu dövlətlərin hər birinin kifayət qədər güclü kəşfiyyat şəbəkələri var və onlar bütün dünyada ad çıxarıblar...
Doğrusu, diplomatiya sahəsində təhsili olmayan və üstəlik, səfir təyin edilənədək bircə gün də diplomatik təcrübəsi olmayan birisindən viza rejimi haqda belə fikirlərin səslənməsi, bəlkə də, təəccüblü deyil.
Amma, necə deyərlər, “sən saydığını say...”. İran təkcə regionun deyil, dünyanın nüfuzlu, söz sahibi olan dövlətlərindən biridir və bu ölkənin öz qapılarını üzümüzə açması, o taylı-bu taylı qardaş və bacıların bir-birini maneəsiz ziyarət etməsi üçün şərait yaratması yalnız və yalnız təqdir olunmalıdır. Bakı ilə Təbrizin qardaşlığından dəm vurub, vizasız gediş-gəliş təşəbbüsünü casusluq planlarıyla izah edən “diplomatlar”ın nə deyəcəyindən asılı olmayaraq, İran qapılarını üzümüzə açır və bu dəfə təşəbbüsü ələ alıb, “tikanlı məftilləri” millətimizin ayaqları altına atır. Həm də birtərəfli qaydada. Rəsmi Bakı isə hələ də Təbrizdən, Ərdəbildən, Urmiyadan, Zəncandan və s. şəhərlərdən ölkəmizə gələn qan qardaşlarımızdan viza tələb etməkdədir. Görünür, Dünya Azərbaycanlılarının Həmrəyliyini bizlər də belə anlayırıq...
Elmar / “Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Nov 10