Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Milli Məclisin plenar iclasında “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, dövlət büdcəsi layihəsinin müzakirəsi noyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub. Gələn ilki büdcənin gəlirləri 10 milyard 15 milyon, xərcləri 11 milyard 264 milyon manat, büdcə kəsiri isə 1 milyard 249 milyon manat həcmində proqnozlaşdırılıb. Ötən ilin büdcəsinə nisbətən gəlirlərin 17,8 faiz, xərclərin isə 8,8 faiz azalmasının müşahidə olunacağı gözlənilir.
Büdcə layihəsində hərbi xərclərə ayrılan vəsaitin cari ilə nisbətdə azaldıldığı bildirilsə də sonradan bu, rəsmilər tərəfindən təkzib edildi. Bunu Maliyyə Nazirliyinin büdcə şöbəsinin müdiri Fazil Fərəcov bildirib. Deputat Rəfail Cəbrayılov 2010-cu ilin büdcəsində qeyd olunan bölmə üzrə xərclərin 2009-cu ildə nəzərdə tutulandan 145 milyon manat az olduğunu bəyan edərək Maliyyə Nazirliyinin nümayəndəsindən buna aydınlıq gətirməsini istəyib. Maliyyə Nazirliyinin rəsmisi onu da əlavə edib ki, bu bölmədə azalma olmayacaq. Qeyd olunan 145 milyon manat vəsait Xüsusi Müdafiə Fonduna köçürüləcək.
Məlumata görə, gələn ilin büdcəsində müdafiə xərcləri 1 205 827 744 manat təşkil edir. Bunun 1 120 991 187 manatı müdafiə qüvvələri, o cümlədən 856 586 973 manatı Müdafiə Nazirliyi, 89 306 570 manatı Dövlət Sərhəd Xidməti, 6 652 000 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə, 80 026 523 manatı Milli Təhlükəsizlik Nazirliyi, 2 425 271 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 384 763 manatı isə digər kateqoriyalara aid edilməyən xərclər çərçivəsində Müdafiə Sənayesi Nazirliyi üçün nəzərdə tutulub.
Müsavat deputat qrupundan aldığımız məlumata görə, onlar büdcə layihəsi ilə bağlı çox ciddi arqumentlər səsləndirəcəklər. Xatırladaq ki, millət vəkili Pənah Hüseyn “bu büdcənin qəbulundan sonra varlılar daha da varlanacaq, kasıblar daha da kasıblayacaq” deyib. Təkliflərinin qəbul olunmayacağı və layihəyə ciddi düzəlişlər edilməyəcəyi təqdirdə Müsavat deputat qrupu büdcənin əleyhinə səs verəcək.
Onu da qeyd edək ki, bugünkü müzakirələrin gərgin keçəcəyi, Milli Məclisdə hətta qalmaqal düşəcəyi gözlənilir. Məsələ burasındadır ki, iqtidarı müdafiə edən deputatlar hər dəfə büdcə müzakirələrində haqlı tənqid səsləndirən deputatlara aqressiv münasibət bəsləyir. Həmin haqlı sözü deyən şəxs iqtidarın adamı olsa belə. 2007-ci ilin martında deputat Hüseyn Abdullayevin (“Quska”) başına gələnlər bunun bariz sübutudur.