Qubad İbadoğlu: “Növbəti il Azərbaycan hakimiyyəti üçün ciddi çətinliklər vəd edir”
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Müsavat Partiyasının qərargahında 2010-cu il üçün büdcəsi ilə bağlı geniş dəyirmi masa keçirildi. Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən müzakirələrdə tanınmış iqtisadçılar, millət vəkilləri və partiya yetkililəri də iştirak edirdi. Müsavat başqanı İsa Qəmbər tədbirin mahiyyətindən danışıb bildirdi ki, dünyada baş verən maliyyə böhranı Azərbaycandan da yan keçməyib.
“Məqsədimiz 2010-cu il üçün Azərbaycanın büdcə layihəsi ilə bağlı müzakirələr aparmaqdır. İlham Əliyev bu yaxınlarda çıxış edərək dedi ki, maliyyə böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanda heç kimin həyatına təsir etməyib. Bu, fantastik bəyanatdır. Bəlkə İlham Əliyev neftin Azərbaycan xalqına aidiyyətinin olmadığını düşünür və fikirləşir ki, bu sərvət bir ailəyə aiddir. Neftin xalqa aid olmaması həqiqət olsa da onun qiymətinin dəyişməsi elə dəhşətli miqyas alıb ki, hər hansı bir şəxsin bundan ziyan çəkməməsini təsəvvür etmək çətindir. İqtidar bildirir ki, guya müxalifət onların hazırladığı dövlət büdcəsinə alternativ büdcə layihəsi hazırlaya bilməz. Hesab edirəm ki, müxalifətdə kifayət qədər savadlı iqtisadçılar var. Əgər bizə də dəqiq rəqəmlər verilsə, biz də büdcə layihəsini yüksək səviyyədə təşkil edərik. Mövqeyimizi siyasi bəyanatlarla da bildirəcəyik. Parlamentdə büdcə müzakirələrinə gücümüz çatan qədər təsir etməliyik. Biz həm də ölkədə baş verənlərə görə məsuliyyət daşıyırıq”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu isə ölkənin iqtisadi həyatında yeni prosesin başladığını, növbəti illərdə büdcədəki dəyişikliklərin fəsadlarının hiss olunacağını dedi: “Bu istiqamətdə baş verənlərin bir nümunəsi də gələn il dövlət büdcəsinin bu illə müqayisədə 18,9 faiz azalması olacaq. Biz növbəti il üçün 10 milyard 15 milyon manatlıq büdcə proqnozlaşdırırıq. Bu ilin büdcə icrası növbəti ildə Azərbaycan üçün vəziyyətin çətin olacağını göstərdi”.Son 9 ayın yekunlarını diqqətə çatdıran ekspert büdcənin 19 faizlik kəsirlə yerinə yetirildiyini qeyd etdi: “Ən çox paya malik olan isə Dövlət Neft Fondundan olan transferlərdir. Büdcənin əsas gəlirləri neft sektorundan daxilolmalar hesabına formalaşıb. 2010-cu il büdcəsinin xərcləri 11 milyard 264 milyon manat olacaq. Bu, əvvəlki illə müqayisədə 8,8 faiz azdır. Büdcənin azaldılması tarazlığın pozulmasına gətirib çıxaran hadisəyə çevrilə bilər. Nəticədə Azərbaycan hakimiyyəti investisiya, sosial, pul-kredit siyasətinə yenidən baxmaq məcburiyyətində qalacaq. Növbəti il tək iqtisadiyyatımız üçün yox, həm də hakimiyyət üçün ciddi çətinliklər vəd edir. Ötən il büdcə üçün 70 dollar müəyyənləşdiriləndə bu proqnozlaşdırmanın düzgün olmadığını qeyd etdik. Bu il dünya bazarında neftin qiymətinin orta səviyyəsi 55 dollardır. Azərbaycan hakimiyyəti 70 dollarla 55 dollar arasındakı fərqin yaratdığı çətinlikləri idarə edə bilmir. Növbəti ilin büdcəsi üçün 1 barrel neftin qiymətini 45 dollar götürüblər. Bu ilin orta qiymətindən çıxış edəndə bu rəqəm 55 dollardan yuxarı olmalı idi. Çünki ilin ikinci yarısında neftin dünya bazarında qiymətinin bahalaşması müşahidə olunur”.
Büdcənin neftdən asılılığının getdikcə gücləndiyini deyən Q.İbadoğlu onu da vurğuladı ki, hesablamalar bu il gəlirlərin 70 faizinin neft sektorundan daxilolmalar əsasında formalaşacağını göstərir. Onun sözlərinə görə, dövlət büdcəsində qeyri-neft sektorunun payı azalır və 2009-cu illə müqayisədə bu sektordan daxilolmalar təxminən 620 milyon manat az proqnozlaşdırılır: “Bu isə iqtisadi - sosial yönlü və sahibkarlıqla bağlı proqramların ciddi effekt vermədiyini söyləməyə əsas verir. Nefti və Dövlət Gömrük Komitəsinin yığdığı vəsaiti kənara qoyanda qeyri-neft sektorunun daxilolmaları 2,5 milyard manat təşkil edib. Azərbaycanın maliyyə potensial, daha yüksək olduğu halda, hökumətin sahibkarlıq sektoru ilə bağlı siyasəti iflasa gətirib çıxarıb. Əksəriyyət tədiyyəçilərin ödəniş imkanları pisləşdiyindən növbəti ildə qeyri-neft sektoru büdcədə əhəmiyyətli rol oynaya bilməyəcək. Bu il büdcədə mənfəət və əlavə dəyər vergisi hesabına daxilolmalar üstünlük təşkil edib. Amma onların da büdcədə payı azalır. Bu ilin büdcəsində mənfəət vergisindən daxilolmalar 18 faiz olduğu halda növbəti ildə 10,8 faiz olacaq. Bu il ABƏŞ büdcəyə 18, Dövlət Neft Şirkəti isə 641 milyon manat vergi ödəyib. Dövlət Neft Şirkəti həm də xarici borc öhdəliklərinə görə ciddi problemlərlə üzləşib. Bir vaxtlar dövlət büdcəsinin 74 faizini Vergilər Nazirliyi toplayırdı. 2010-cu ildə 40 faizə yaxın vəsait bu nazirliyin xətti ilə daxil olacaq. Regionlarda 4,6 faiz yerli vergilərin payına düşür. Regionların sosial-iqtisadi inkişafı proqramının tətbiqinə 7,4 milyard manat ayrılsa da büdcəyə çatan vəsait 463 milyon manatdır”.
Yeni pensiya konsepsiyasının bəzi vətəndaşlara mövcud pensiya imkanlarını itirmək problemini yaradacağını deyən ekspert maaş və pensiyaların artırılmasında ciddi dəyişikliyin gözlənilmədiyini söylədi: “2009-cu ilin Pensiya Fondunun 29 faizi büdcədən daxilolmalar hesabına formalaşmalı idi. 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi azalıb. Amma büdcədə fonda 35 milyon manat ayırmalar olacaq. 2010-cu ildə pensiya şəklində vətəndaşlara çatan vəsait bu illə müqayisəyə azalacaq. Əməkhaqlarının artırılmasında ciddi dəyişikliklər gözlənilmir. Çünki Əməyin Ödənilməsi Fonduna büdcədən ayırmalar 2008-ci ildə 2 milyard 228 milyon manat olduğu halda 2009-cu ildə bu vəsait 2 milyard 557 milyona manata qədər artırıldı. 2010-cu il üçün bu rəqəm 2 milyard 386 manata qədər azaldılıb”.
İqtisadçı - deputat Vahid Əhmədov dedi ki, 2009-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 70 dollardan götürüləndə təkidlə təklif edilib ki, bu hədd 50 dollardan götürülsün. Əsas məsələnin büdcənin şəffaflığının qorunması olduğunu deyən deputat bildirdi ki, hökumət təkidlə 70 dolların üzərində dayandı: “Çətin ki, neftin qiyməti 80 dollardan yuxarı qalxa. Neftin qiymətini 47 dollardan götürdülər. Məncə, neftin qiyməti 50-55 dollar civarında qoyulsaydı, daha yaxşı olardı. Vergilər azalıb. Hökumət rəsmi orqanların büdcəyə ödəmələrinə nəzarət etməlidir. Büdcəyə fiziki şəxslərdən gəlirlər 220 milyon manat azalıb. Başa düşmürəm, əgər gündən-günə iş yerləri açılırsa, nəyə görə büdcədə vergilərin rolu azalmalıdır? İnvestisiya layihələrinə gəlincə, hazırda ”Azərsu" Dünya Bankı ilə birgə 22 layihə həyata keçirmək istəyir. Çünki bölgələrdə su-kanalizasiya sistemlərinin vəziyyəti olduqca bərbaddır. Fikrimcə, nəqliyyata aid olan layihələr çıxarılaraq bura yönəldilməli idi. Düzdür, hökumət bir sıra əhəmiyyətli işlər gördü. Məsələn, manatın məzənnəsinin saxlanılması, banklarda uçot dərəcəsinin azaldılmasını qeyd etmək lazımdır. Ancaq bütün bunlar neft pullarının hesabına oldu. Bölgələrdə kəndlilər öz istehsal etdikləri məhsulları bazara çıxara bilmir, nəticədə məhsulları xarab olur. Hakimiyyət bütün bu problemləri həll etmək üçün bölgələrdə soyuducu kameralar tikir. Ancaq verilən məlumata görə, 1000 ton meyvəni saxlamaq üçün 600 manat ödəməlisən. Pensiyaya edilən dəyişikliklərlə də heç cür razı deyilik. Bu, indiki halda əsla düzgün dəyişiklik deyildi. Azərbaycanda nadir hallarda 5 uşaqlı ana tapa bilərik. Vətəndaş 5 il işləyir və bilirdi ki, müəyyən qədər pensiya alacaq, indi isə ən azı 12 il işləməlisən".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə bildirdi ki, hökumətin büdcədə neftin baza qiymətini 45 dollardan götürməsi bir çox maraqları ifadə edir: “Hazırda neftin qiyməti 70 dollar arasında dəyişir. Hökumətin neftin qiymətini 45 dollardan götürməsi onların bir sıra məqsədlərini ifadə edir. Belə ki, qarşıdan parlament seçkiləri gəlir. Təklif edirik ki, əgər neftin qiyməti gələn il artsa, o zaman artıq gəlirlər Dövlət Neft Fonduna yönəldilsin. Neft Fondundan ildən-ilə artan yeyintilər Azərbaycanı ciddi maliyyə sıxıntısına gətirib çıxara bilər. Büdcədə hüquq-mühafizə orqanlarına ayrılan vəsait elm, təhsil və səhiyyəyə ayrılan vəsaitdən çoxdur. Belə çıxır ki, bu hökumətə elm, təhsil və səhiyyə lazım deyil. Bundan əlavə, maşınların gətirilməsi ayrı-ayrı şirkətlər hesabına olduğu halda bu işin icrası üçün büdcədən vəsait ayrılır. Ona görə də gələn il ölkəmiz üçün həm siyasi, həm də iqtisadi proseslərdə gərginlik olacaq”.
İqtisadçı Qadir İbrahimli isə aqrar sektorun hökumətin nəzarətindən tamamilə kənarda qaldığını vurğuladı: “Böhran başlayanda düşünürdük ki, investisiya layihələri azalacaq, amma tam əksini gördük. İnvestisiya layihələrinə ayrılan vəsait aqrar sektora ayrılan vəsaitdən daha çoxdur. 2010-cu ilin dövlət büdcəsi layihəsi hazırlananda bunun bir daha şahidi olduq. Kənd təsərrüfatının çayçılıq, tütünçülük və üzümçülük sahələri hazırda demək olar ki, sıradan çıxıb”.
İqtisadçı Məhəmməd Talıblının fikrincə, gələnilki dövlət büdcəsi daha çox böhran büdcəsi adlandırıla bilər: “Dövlət büdcəsinin demək olar ki, yarısı Dövlət Neft Fondunun hesabına formalaşdırılır. Dünyada neftin qiyməti 48 dollar olanda bizimkilər büdcədə neftin baza qiymətini 70 dollardan götürdü. İndi isə neftin qiyməti 70 dollar olduğu halda 45 dollardan götürür. Məncə, bu, seçkiyə hesablanmış siyasətdir. Bundan əlavə, büdcədən Prezidentin Ehtiyat Fonduna ayrılan vəsait xeyli yüksəkdir. Bizdə hüquq-mühafizə orqanlarına 25 faiz ayırmalar edilir, amma normal ölkələrdə bu göstərici 10 faizdir. Kənd təsərrüfatına 408 milyon manat vəsait ayrılıb. İndi isə 126 milyon azalmalar edilib”.