Tarix : 2009 Nov 11
Kod 14853

Erməni həqarətinə son qoymağın vaxtı çatmayıbmı?

.
Azərbaycan Servisi/Aran Agentliyi
Biz regionda hamıdan güclüyük?!.
Azərbaycan R-si  üçün ötən ayın ən əhəmiyyət kəsb edən hadisələrindən biri torpaqlarımızı işğal etmiş Ermənistanın prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi olmuşdur. İşğalçı dövlətin prezidentinin saytında bildirildiyi kimi, o, oktyabrın 21-22-də Dağlıq Qarabağda və ona bitişik bölgələrdəki hərbi mövqelərə baş çəkib. Onun kiçikmiqyaslı hərbi təlimə baxdığı, sonra da yerli erməni rəhbərləri ilə sosial və iqtisadi inkişaf məsələlərini müzakirə etdiyi bildirilir. Qeyd edək ki, bu hərbi təlimlərin seyrinə Sərkisyan qondarma “Dağlıq Qarabağ Respublikasının” prezidenti Bako Saakyanla birlikdə çıxıb.
Xatırladaq ki, işğalçı Ermənistanın ali baş komandanının Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərdə iştirak etməsi və burada bir daha “Dağlıq Qarabağın müstəqilliyi məsələsində Azərbaycan tərəfinə heç bir güzəştdən söhbət gedə bilməz”, “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq” kimi bəyanatlar verməsi 15 ildir aparılan və son aylar daha da intensivləşən siyasi danışıqlar fonunda səsləndirilib. Əslində bu, hərbi uğursuzluq nəticəsində itirdiyimiz torpaqların “diplomatik uğurlarımız” sayəsində geri qaytarılacağına ümid edənlərə verilən bir mesaj idi. Görünür Sərkisyan-Saakyan cütlüyü Qarabağ məsələsilə bağlı “uğurlu siyasət” həyata keçirdiyimizi dönə-dönə vurğulayan bizim dövlət rəhbərliyimizin gözü qarşısında 15 illik danışıqlardan sonra “uğurlarımızın” nədən ibarət olduğunu bir daha nümayiş etdirmək qərarına gəliblər. Hadisələrin gedişatının bugünkü kimi həssas bir dövründə Sərkisyanın rahatca Qarabağa səfər etməsi, burada hərbi təlimlərə baş çəkməsi və rəsmi Bakının bütün bunlar qarşısında susması hazırkı reallıqların acı bir göstəricisidir. Əfsuslar olsun ki, sözügedən 15 illik danışıqlar nəticəsində nəinki 15 qarış torpağımızı azad edə bilmədik, hələ üstəlik erməni işğalçı rejiminin başçısının bütün dünyanın gözü qarşısında Qarabağa gəlib, bu ərazilərin heç zaman Azərbaycana verilməyəcəyi haqda bəyanatlar verməsinə, Azərbaycanın hərbi potensiyalı barədə istehza ilə danışmasına və Dağlıq Qarabağın müstəqil bir dövlət olaraq inkişaf etməsi istiqamətində yeni sosial-iqtisadi layihələrin həyata keçiriləcəyini vəd etməsinə şərait yaratdıq. Bütün bu biabırçılıqlar qarşısında rəsmi Bakı hansı addımı atdı? Buna necə qiymət verdi?..
Əslində atılacaq addımın bir adı var – işğal altında olan torpaqlarımızın azad edilməsi! Hələ ki, 15 ildir bu baş verməyib və ağızdolusu danışılan “uğurlu siyasətin” uğurlu nəticəsi, bəhrəsi olmayıb. Söhbət gözəgörünməz, səhnəarxası, məchul, müəmmalı, yaxud hipotetik fenomendən getmir ki, nailiyyəti hamı görə bilməsin. Fakt çılpaqlığıyla göz qarşısındadır. Torpaqlarımız 15 il öncə olduğu kimi, yenə də işğal altındadır. Və o zaman olduğu kimi, bu gün də Şuşada, Xankəndində sərkisyanlar, saakyanlar seyrə çıxır. Üstəlik, arxayınlıqla.  Qarabağda yerli televiziyaya müsahibəsində Sərkisyan Azərbaycan prezidentinin son çıxışları barədə sualları da arxayınlıqla cavablandırdı. İşğal olunmuş torpaqlarımızda hərbi təlimlərə qatılan, buradakı səngərləri gəzib dolaşan, hərbi hazırlıq səviyyəsini əyani müşahidə edən Ermənistan prezidenti Azərbaycan ordusunun regionda ən güclü olması barədə prezident İlham Əliyevin son vaxtlar dönə-dönə səsləndirdiyi fikirlərə atmaca ilə cavab verdi: “Mən təsəvvür edə bilmirəm ki, öz ofisində rahat parketin üstündə gəzə-gəzə ordunun döyüş imkanları barədə necə danışmaq olar?..”.
Əslində Azərbaycan ordusunun regionda ən güclü olması barədə söylənən fikirlər elə Azərbaycan əhalisi üçün hesablanıb. Onsuz da Ermənistanda da, Qarabağda da bu sözləri hər kəs istehza ilə qarşılayır. Bir ağızdan deyirlər ki, “ordusu güclü olsaydı, indi Şuşada, Xankəndində erməni bayrağı dalğalanmazdı”. Əlbəttə, yəqin ki onda Qarabağdakı hərbi təlimlərə də Ermənistanın ali baş komandanı deyil, Azərbaycanın ali baş komandanı qatılardı. Erməni siyasi və hərbi elitası Azərbaycanı aşağılayacaq tonda bəyanatlar verməzdi. “Dağlıq Qarabağ Respublikası” yeni-yeni sosial-iqtisadi layihələr hazırlayıb, həyata keçirməz, bunu heç ağlına belə gətirməzdi. Və şübhəsiz ki, Qarabağdan olan məcburi köçkünlər üçün yeni-yeni şəhərciklər tikilməzdi.
Bir tərəfdən Qarabağ müharibəsində ad-san qazanmış, müharibə əlili olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan ordusunun nailiyyətlərindən danışır, o biri tərəfdən bu müharibədə iştirak etməyən, ömrü boyü müharibə bölgəsinə heç seyrçi kimi də səfər etməyən, bircə dəfə də olsun döyüş zonasında olmayan bizim Səfər Əbiyev...
Bir tərəfdən Qarabağ müharibəsinin əsas fiqurlarından olan erməni ali baş komandanı nümayişkaranə şəkildə gəlib torpaqlarımızı ayaqları altına alıb, burada ordusunun gücünü göstərir, o biri tərəfdən bircə gün də Qarabağ müharibəsində iştirak etməyən bizim ali baş komandanımız “rahat parketin üstündə gəzə-gəzə ordunun döyüş imkanları barədə” fikir söyləyib, Azərbaycan ordusunun regionun ən güclü ordusu olduğunu dilə gətirir. Özü də, regionun! Görəsən region dedikdə, nə anlaşılır? Bu müqayisə doğrudandamı regionumuzu təşkil edən Rusiya, İran və Türkiyə ordularına da şamil olunur? Yoxsa yenə region dedikdə, ac-yalavac, həm yeraltı və yerüstü sərvətləri, o cümlədən enerji resursları və həm də əhalisinin sayına görə ölkəmizdən geridə olan Ermənistan və Gürcüstanın ordusu nəzərdə tutulur? Axı bizi ən pislərlə, ən geridəqalmışlarla, ən kasıblarla, ən zəiflərlə müqayisə edib, “uğurlarımıza” şadlanmağa alışdırıblar. Yəqin elə bu dəfə də ordumuzun “ən güclü” olması haqda deyilənlər 5 qonşumuz arasında ən zəifi olan 2-si – Ermənistan və Gürcüstanla müqayisədə deyilib. Təəssüflər olsun ki, elə bu müqayisə də praktik cəhətdən özünü hələ ki doğrultmur. “Ən güclü ordu” nə deməkdir? Büdcə göstəricilərimi, yoxsa hərbi arsenal, say göstəriciləri, hərbi hazırlıq?.. Əslində nə qədər ki, torpaqlarımız erməni tapdağı altında, Qarabağımız işğaldadır və bizim ordumuz öz üzərinə düşən öhdəliyi yerinə yetirib ərazi bütövlüyümüzü bərpa edə bilmir, bu ordunun gücündən danışmaq, ən azından, mənasızdır. Bu güc sözdə, şüarda, iddiada deyil, torpaqların azad olmasına nail olmaqla əməldə ortaya qoyulmalıdır.
Təəssüflər olsun ki, bizim ordumuzun gücü hələ ki öz millətimizə göstərilir və bəyan edilir. Həqiqətən də regional müstəvidə belə bir gücə malik ordumuz varsa, onda ili ilə calayıb, əlimizi əlimiz üstə qoyaraq, ermənilərlə mənasız çənə vurmağın adını nə qoyaq? Axı bu, millətimiz üçün böyük bir həqarətdir. Məgər erməni həqarətinə son qoymağın vaxtı gəlib çatmayıbmı?..
 
Elşən Mustafaoğlu / “Yeni Şərq”
  • Yazılıb
  • da (də) 2009 Nov 11