Tarix : 2009 Nov 14
Kod 14881

YAP-çı deputat seçkilərin ləğv olunmasını təklif etdi

Aydın Həsənov: "Parlament seçkiləri keçirilməsin, mən və burada oturanlar millətin ən layiqli övladlarıdır" Əli Əhmədov: "Bu, çox qiymətli təklifdir"
Azərbaycan Servisi/Aran Agentliyi

Milli Məclisin dünən keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi ilə bağlı müzakirələr zamanı YAP-çı deputat Aydın Həsənov sensasion təkliflə çıxış edib. Əvvəlcədən hazırlanmış yazılı mətni oxuyan deputat deyib ki, ölkədə seçkilərin keçirilməsinə kifayət qədər vəsait xərclənir: «Gələn ilin dövlət büdcəsində seçkilərin keçirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Böhran dövründə bu qədər vəsaitin seçkiyə ayrılmasını lazımsız hesab edirəm. Hər dəfə seçkiləri müşahidə etmək üçün ölkəyə xaricdən çoxlu adam da gəlir. Onları qarşılayıb yola salmaq üçün xeyli vəsait xərclənir, onlar da gedib bizim haqqımızda müxtəlif rəy verirlər. Ona görə hesab edirəm ki, parlament seçkilərini keçirməyə ehtiyac yoxdur. Onsuz da Konstitusiyamıza yazılıb ki, hərbi əməliyyatlar dövründə seçkilər təxirə salına bilər. Müharibə şəraitində olan bir dövlət kimi biz qanunlara dəyişiklik edə bilərik. Mən parlament seçkilərinin təxirə salınmasını təklif edirəm. Birdə  burdakı deputatlar xalqın ən ləyaqətli övladlarıdır, o cümlədən mən də».
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun isə məsələyə münasibəti belə olub: «Siz xalqın ləyaqətli övladlarından birisiniz və sizə minnətdarlığımı bildirəm. Amma gərək siz müzakirə olunan məsələ haqqında danışaydınız».
Növbəti çıxışçı YAP-çın icra katibi Əli Əhmədov isə həmkarının fikirlərini dəstəkləyib: «Sonra deyirlər ki, lazım olan yerlərə haradan vəsait tapmaq olar. Deməli istəsək tapmaq mümkündür.  Bu çox qiymətli təklifdir».
Aydın Mirzəzadə: «Bu təklifi səsləndirmək olmaz (bizimyol)»
Onlardan fərqli olaraq, digər YAP-çı deputat Aydın Mirzəzadə həmkarının bu təklifinə qarşı çıxıb: «Mən deyə bilmərəm ki, səslənən bu fikir ciddi təklifdir, yoxsa qeyri-ciddi. Hətta bu təklif bir nəfər adamın dilindən səslənsə belə, doğru deyil. Belə fikirlər səsləndirilməməlidir. Sabah bu təkliflər beynəlxalq təşkilatların hesabatlarına düşür və Azərbaycan hakimiyyətinin, o cümlədən Milli Məclisin mənfi imicinin formalaşmasına səbəb olur. Gələn il parlament seçkiləri keçiriləcək və demokratik şəkildə baş tutacaq. Kim seçicilərin səsini toplayacaqsa, deputat olacaq. Parlament qanunların keşiyində olduğunu istənilən formada bildirməlidir».
Bu boyda da zarafat olar?
Nə qədər qəribə də olsa, həm Aydın Həsənov, həm də Əli Əhmədov fasilə zamanı bu fikirlərin zarafatla deyildiyini bildiriblər. Əli Əhmədov deyib ki, ciddi və gərgin işdən sonra bu zarafatla insanlar dincəlib. Gələn parlament seçkiləri keçiriləcək və çox maraqlı olacaq». Aydın Həsənov isə jurnalistlərə açıqlamasında fikirlərinin zarafatla söylədiyini deyib. Ancaq çıxışını yazılı mətndən oxumasını ona xatırlatdıqda isə deputat «bu mənim şəxsi fikirlərimdir» deyə bildirib: «Həm həm zarafat etdim, həm də xalqın fikirlərini çatdırdım. Fikirləşdim ki, seçkiyə ayrılan vəsaitin xalqın sosial müdafiəsinə yönəltmək yaxşı olardı».

  • Yazılıb
  • da (də) 2009 Nov 14