Azərbaycan Servisi/Aran Agentliyi
İndi kilsə zənginin səsinə təkcə provaslavlar deyil, bəzi «müsəlmanlar» da toplaşır.
Zəng səsi ətrafa yayılır. İbadət etmək istəyənlər metronun “28 May” stansiyasının yaxınlığındakı provaslav kilsəsinə tələsirlər. Mən də onlara qoşuluram. Amma ibadət etməyə yox, reportaj hazırlamaq üçün. İçəri keçənlər əvvəl alnına və sinəsinə xaç çəkir, sonra divardakı şəkilləri öpürlər. İbadət vaxtı yenicə başlasa da, artıq xeyli adam var. Qadınların əksəriyyətinin başı bağlıdır. Amma bəziləri başlarını bağlamağa ehtiyac görməyib. Bizdən bir neçə dəqiqə sonra içəri daxil olanlar içəridəkilər kimi gətirdikləri şamı yandırıb şamdanlara düzürlər.
Biz də paytaxtımızdakı provaslav kilsəsindəyik. İlk gəlişimiz deyəsən diqqətdən yayınmır. Sonradan adının Aleksandr olduğunu öyrənəcəyimiz keşiş baxışları ilə bizi bir qədər də yaxına dəvət edir. Bir azdan salam verib özü bizə yaxınlaşır. Amma kilsəyə sadəcə, baxmaq üçün gəldiyimizi bilən kimi bizi tək qoyub harasa gedir.
Divarlar, tavan dini şəkillər – müxtəlif ikonalarla bəzədilib. Kilsəni ziyarətə gələnlər ikonaların, asılmış xaçların və İsa peyğəmbərin çarmıxa çəkilməsini əks etdirən (xatırladaq ki, İslam dini Hz.İsanın xaça, çarmıxa çəkildiyini qəbul etmir) fiqurun qarşısında durur, dua edir və sonra qarşılarındakı fiqurları öpürdülər.
Azərbaycanlı olduğunu deyən orta yaşlı qadın da bizim bura ilk dəfə gəldiyimizi hiss edən kimi yaxınlaşıb kilsəni, Aleksandr atanı tərifləyir. Xaç çıxarıb, ikonaların qarşısında dua oxumağımızı məsləhət görür. Kilsəyə gələndə adamın necə rahatlanmasından, günahlardan təmizlənməsindən danışır. Bircə özü barədə heç nə danışmaq istəmir. Deyir ki, buna icazəsi yoxdu. Aleksandr atanı tərifləməkdən doymur: “Ata elə yaxşı adamdı ki… Adamlara kömək eləyir. Kimin nə problemi var, ataynan söhbət eləyəndən sonra rahatlanır”.
Heç bir reaksiya vermədiyimizi görüb özündən bir qədər cavan azərbaycanlı xanıma tərəf gedir. Onların söhbəti alınır.
- Beş manat verdim. İşim düzəlsin, – demişəm nə qədər imkanım çatır, gətirib çoxlu pul verəcəyəm.
- A… beş?! Yaxşı, eybi yox. Amma gələn dəfə bir az çox ver də. Ata sənin üçün dua edir, əlini çəkir sənə ki, təmizlənəsən, arzun həyata keçsin. Elə bil ki, Allahla müqavilə bağlayırsan da. Sən Onun yolunda pulunu qurban verirsən kilsəyə, keşişə, buranın işçilərinə, süpürgəçisinə… Allah da sənin bu qurbanına görə arzunu yerinə yetirir…
Bu vaxt iki qadın və bir kişi kilsəyə daxil olur. Hara, kimə yaxınlaşmalı olduqlarını bilmirlər. Deyəsən kilsəyə birinci dəfə idi gəlirdilər. Mənə Aleksandr atanı tərifləyən xanım dərhal onlara yaxınlaşır. Xristian olub-olmadıqlarını soruşur. Nə cavab verdiklərini eşidə bilmirəm. Kilsədəki qadının səsi isə aydın gəlir: “Eybi yox, Allah birdir. O hamımızın Allahıdır. Harada dua edirsən et, fərqi yoxdu”. Hə belə, yeni gələnlər də müsəlmanlardı.
Məlum olur ki, Aleksandr ata məşğul olduğu üçün bir qədər gözləməli olacaqlar. Yaxınlaşıb kilsəyə gəlmələri ilə maraqlanıram. Qadınlardan biri – Arzu xanım birinci dəfədir ki, bu kilsəyə gəldiklərini deyir. Ağır xəstəliyə düçar olan anasına şəfa axtarır. Deyir, neçə müddətdir müqəddəs yerləri dolaşır. Məscidlərə, pirlərə (!) gedir. Bura gələnəcən iki dəfə kilsəyə gedib. Həmin kilsələrdə də məhz bura- Aleksandr atanın yanına gəlməyi məsləhət görüblər.
Aleksandr atanın xeyir-duasını yenicə alıb qayıdan Nailə xanım da müsəlman olduğunu deyir. Onun üçün fərqi yoxmuş: “Məscid də, kilsə də Allah evidir. Mənim bəzi problemlərim var idi. Ata onları həll etməyimə kömək edir. Başıma sığal çəkən kimi xəstəliyim yadımdan çıxır. Özümü gümrah hiss edirəm”.
Kilsənin qapısı ağzında dayanan oğlan diqqətimi çəkir. Səhv etmirəmsə, o da bizimlə eyni vaxtda kilsəyə gəlib. Amma içəri keçmək barədə fikirləşmir. Deyir ki, bunun səbəbi var. Emin Məmmədov müsəlmandır, namaz qılır. Amma yaxın dostlarından biri xristiandır. Ona yoldaşlıq etmək üçün gəlib bura. Deyir, əslində müsəlman kilsəyə də girə bilər, orada namaz da qıla bilər. İçəridən çıxan iki qadını göstərir: “Bunlara bax, gör necə açıq-saçıq geyiniblər. İçəridəki qadınların çoxu belədir. Gedib onların yanında necə dua etmək olar?”. Ancaq Emin cəmi bir dəfə içəri keçib, hələ şam da yandırıb: “Elə-belə bir arzu tutub yandırdım. Arzum da nə olacaq – çoxlu pul istədim Allahdan”.
İçəridə şam yandıran Bəhram da müsəlman olduğunu dedi. Özü də dini təhsil alıb. Suriyada İslam Universitetində oxuyub. Şamı cadu sındırmaq üçün yandırır. Bizə demədiyi bir problemi var. Məsləhət görüblər ki, kilsədə 7 şam yandırsın. Ancaq vaxtı olanda kilsəyə tez-tez gəlir. Buranı ziyarət edən azərbaycanlıları və başqa müsəlmanları öz yoluna qaytarmaq üçün. Dediyinə görə, içəridən çıxan onlarla adam olub ki, onlara dua üçün məscidə getmələrini, islam qaydalarına əməl etmələrini məsləhət görüb. Aralarında səhv etdiklərini qəbul edənlər də olub. Bəhramın Aleksandr atayla da bəzi dini mübahisələri olub. Ataya da, kilsəyə gələnlərə də Qurandan bir ayəni xatırladır: “Siz öz dininizdə qalın, mən öz dinimdə”.