Tapança ilə silahlanmış qarətçi millət vəkili Fərhad Qəribova məxsus “Debütbank”ın valyutadəyişmə məntəqəsindən 7 min manat apardı; onu izləyənlərə də atəş açdı
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın olub. anspress-in məlumatına görə, naməlum şəxs səhər saat 09:00 radələrində “Debütbank”ın Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 ünvanında (Atatürk prospekti ilə kəsişmədə) yerləşən 24 saylı valyutadəyişmə məntəqəsinə hücum edib. Kağıza bükülmüş boruya oxşar dəmirlə silahlanmış şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq məntəqənin əməkdaşı, 25 yaşlı Tərlan Məlikova xəsarət yetirərək kassadan 7 min manat pul aparıb. Basqınçı T.Məlikova xəsarət yetirib. Gənc aldığı xəsarətlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, ənsə qişalarının zədələnməsi diaqnozu qoyulub. T.Məlikovun həyatının təhlükədə olmadığı deyilir.
Bu barədə Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev məlumat verib. Prokuror müavini onu da əlavə edib ki, basqınçı valyutadəyişmə məntəqəsindən çıxandan sonra öz binasının qarşısında dayanmış Rəşid Abbasova məxsus 90 FR 828 dövlət nömrə - nişanlı “KİA Optima” markalı avtomobilə əyləşib. O, sürücünü tapança ilə hədələyərək maşını sürməyi tələb edib. Bankın işçiləri banka məxsus avtomobillə onun arxasınca düşüblər. Bunu görən həmin şəxs arxadan gələnlərə atəş açıb. Avtomobilin ön şüşəsindən dəyən güllə xoşbəxtlikdən heç kəsə xəsarət yetirməyib. Həmin şəxs Ziya Bünyadov prospektində avtomobili saxlatdıraraq maşından düşüb və qaçıb. O, qaçarkən sürücünün gödəkcəsini də zorla almağı unutmayıb.
Nərimanov rayon prokurorunun müavini C.Quliyev “Yeni Müsavat”a açıqlamasında hadisənin detallarını açıqlayıb. Prokuror müavini hadisənin valyutadəyişmə məntəqəsinin əməkdaşı Tərlan Məlikovun işə gəldiyi vaxt baş verdiyini deyib: “Həmin şəxs Tərlan Məlikov səhər işə gəlib məntəqəyə daxil olanda ona hücum edib. Başından küt alətlə vuraraq məntəqəyə soxulub. Oradan pulları götürərək qaçıb. Hazırda basqınçının tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir”.
Prokuror müavini quldurun məntəqəni uzun müddət nəzarətdə saxlaması ilə bağlı suala “bu versiya da yoxlanılır, tam mümkündür ki, quldur məntəqəni bir müddət müşahidə edərək sonradan ora basqın edib” deyə cavab verdi.
Qeyd edək ki, hadisə baş verəndən sonra şəhərdə postlar qurulub, avtomatlarla silahlanmış hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə şübhələndikləri bütün maşınları yoxlamağa başlayıblar.
Xatırladaq ki, “Debütbank”ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun adı bir müddət əvvəl məhkəmə qalmaqalında hallanırdı. Sözügedən bank onun atası deputat Fərhad Qəribova məxsusdur.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar gedir.