Tarix : 2009 Nov 18
Kod 14929

ABŞ AZƏRBAYCANLA DEMOKRATİYA DİALOQUNU DAYANDIRDI

Vaşinqtonla Bakı arasında gərginlik pik həddə İki ölkə arasındakı münasibətlərdə hər şey korlanıb və daha da pisləşməyə doğru gedir
Azərbaycan Servisi/Aran Agentliyi
Vaşinqtonla Bakı arasında gərginlik pik həddə
İki ölkə arasındakı münasibətlərdə hər şey korlanıb və daha da pisləşməyə doğru gedir
ABŞ-la Azərbaycan arasında siyasi münasibətlərin getdikcə pisləşməsinə dair xəbərlərə daha biri əlavə olunub. Məlum olub ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında demokratiya və insan haqlarına dair ənənəvi illik danışıqlar dayandırılıb. Bu danışıqlar ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq haqda müqavilədə əksini tapmışdı və ikitərəfli münasibətlərdə əsas istiqamətlərdən biri idi.
Xəbərlərə görə, dünən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə ikinci köməkçisi Tina Keydenau və dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Maykl Pozner Tiflisə gəliblər. Gürcüstan KİV-lərinin xəbərlərinə görə, bu səfər iki ölkə arasında ənənəvi demokratiya danışıqlarını aparmaq üçün edilir. Yüksək rütbəli amerikalı diplomatlar Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə görüşərək ölkədə demokratiyanın gücləndirilməsinə dair birgə səyləri müzakirə etməlidir.
ABŞ-ın Bakıdakı səfirliyindən “Yeni Musavat ”a bildiriblər ki, Pozner və Keydenaunun Tiflisdən sonra Bakıya səfərləri nəzərdə tutulmayıb. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun bildirdiyinə görə, ümumiyyətlə yaxın zamanlarda Vaşinqtondan Bakıya demokratiya və insan haqları ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyətinin gəlişi gözlənilmir. Qeyd edək ki, ötən il bu məsələ ilə bağlı Vaşinqtonla Bakı arasında intensiv dialoq olub. Rəsmi olaraq sonuncu Amerika-Azərbaycan demokratiya dialoqu ötən ilin iyun ayında keçirilib. Həmin vaxt danışıqları dövlət katibinin insan haqları, demokratiya və əmək məsələləri üzrə müavini Devid Kremer aparmışdı.
Amerika-Azərbaycan təhlükəsizlik dialoqları 2006-cı ilin dekabrından başlayıb. Bu danışıqlar həm Vaşinqtonda, həm Bakıda olub və Azərbaycanda seçkilər, mətbuat və söz azadlıqları, sərbəst toplaşmaq azadlıqları və digər mühüm mövzuları əhatə etməklə konkret məsələlər ətrafında aparılıb. Eyni cür danışıqlar ABŞ-la Gürcüstan və Ermənistan arasında da gedir. İndiyə qədər ABŞ-la Azərbaycan arasında altı belə danışıq olub. Lakin göründüyü kimi, bu il ərzində Vaşinqtonla Bakı arasında belə dialoq olmayacaq. İkitərəfli strateji tərəfdaşlıq müqaviləsinə görə tərəflər hər il demokratiya və insan haqları məsələsi ilə yanaşı təhlükəsizlik və enerji dialoqları da keçirirlər. ABŞ-Azərbaycan illik təhlükəsizlik danışıqları bu yaxınlarda olub və onu Vaşinqtonda xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti aparıb.
Ötən ilin iyununda aparılan və əsasən yaxınlaşan prezident seçkiləri ilə bağlı vəziyyətə həsr olunan danışıqlardan sonra dövlət katibinin müavini Devid Kremer noyabr ayında yenidən Bakıya səfər etmişdi. Bu dəfə onun səfərində əsas müzakirə mövzusu seçkilərdən az sonra hakimiyyətin gözlənilmədən xarici radiostansiyaları FM tezliyindən çıxarmaq barədə verdiyi qərar idi. Həmin vaxt səlahiyyətləri başa çatmaqda olan respublikaçılar administrasiyasının təmsilçisi Bakını xəbərdar etmişdi ki, prezident seçilmiş Barak Obama səlahiyyətlərinin icrasına başlayan kimi onun masası üzərinə Azərbaycanla bağlı mühüm məqam kimi məhz radiostansiyaların bağlanması qoyulacaq. Ona görə də əgər Bakı Vaşinqtonla və hakimiyyətə yeni gələn demokratlarla münasibətlərinin korlanmasını istəmirsə, yanvar ayına qədər radioları FM tezliyinə qaytarmalıdır. Lakin hakimiyyət bu tövsiyəni rədd etdi və münasibətlər davamlı olaraq korlanmağa başladı.
Doğrudur, bu ilin yazında xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona dəvət edilib və onun keçirdiyi görüşlərdə Azərbaycanda demokratiya və insan haqları məsələləri qaldırılıb. Lakin həmin səfər Ermənistan-Türkiyə yaxınlaşması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Münasibətlərin korlanması o həddə çatıb ki, ABŞ Azərbaycana yeni səfir təyin etmir və belə görünür ki, ən azından yaxın bir neçə ayda təyin etməyəcək. Səfirin təyin edilməməsi ilə bağlı narazılığı Vaşinqtonda səfərdə olarkən xarici işlər nazirinin müavini A.Əzimov da dilə gətirmişdi. O, həmçinin təsdiqləmişdi ki, iki ölkə arasında münasibətlər yaxşı deyil; yəni Azərbaycan ABŞ-dan arzu etdiyi tərəfdaşlıq münasibətini görmür. Rəsmi Bakı o cür tərəfdaşlıq istəyir ki, ABŞ Azərbaycanda demokratiya və insan haqları məsələlərinə, seçkilərə və başqa bu kimi işlərə qarışmasın. Lakin belə tərəfdaşlıq modeli ABŞ üçün yaramır. Birləşmiş Ştatlar ən azından formal şəkildə nümayiş etdirmək istərdi ki, demokratiya və insan haqları onun Bakı ilə münasibətlərində əsas prioritetlərdən biridir. Ancaq Bakıdan davamlı olaraq bu sahədə verilən tövsiyələrin rədd edilməsi ona gətirib çıxarır ki, Vaşinqton münasibətlərə yenidən baxır və demokratiya məsələsi ilə bağlı danışıqları kəsir. Eyni zamanda bu məsələlərlə məşğul olan siyasi institutlarının fəaliyyətlərini dayandırır. Yəni Azərbaycanla münasibətlər tam kəsilməsə də əhəmiyyətli ölçülərdə geriləyir və artıq strateji tərəfdaşlıq kimi xarakterizə edilə bilməz. Azərbaycanın öz xarici siyasətində uzun illərdir əldə etdiyi ən ciddi nailiyyətlərdən biri də dünyanın ən böyük dövləti ilə yaxın münasibətlər idi. Ancaq indi hər şey korlanıb və daha da korlanmağa doğru gedir...
  • Yazılıb
  • da (də) 2009 Nov 18