Müdafiə nazirinin komissarlıqda ciddi kadr dəyişiklikləri aparmaq tapşırığı aldığı deyilir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın baş komissarı Əliağa Hüseynovun prezidentin sərəncamı ilə hərbi xidmətdən ehtiyata buraxılaraq Salyana İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra KİV-də ordu haqqında mənfi rakursda yazılar xeyli səngiyib. Bunu əski baş komissarın vəzifədən uzaqlaşdırılması ilə əlaqələndirənlər də var, bunun əksini düşünənlər də. Bu cür rəylərin ortaya çıxması təbii qarşılana bilər.
Əliağa Hüseynovun fəaliyyəti dövründə nizamnaməyə görə birbaşa tabe olmalı olduğu müdafiə naziri Səfər Əbiyevlə yola getmədiyi haqda KİV-də dəfələrlə məlumatlar yayılıb. Dəfələrlə yayılan bu cür xəbərlərdə baş hərbi komissarın daha çox daxil olduğu şəbəkənin imkanlarından yararlanaraq Müdafiə Nazirliyi sistemində qurumüstü bir qurum yaratmaqla Səfər Əbiyevə əzələ nümayiş etdirdiyi deyilirdi. Belə bir vəziyyət subardinasiya sisteminin kobud pozulmasına gətirirdi ki, bu da nazirlikdə uzunmüddətli süni konflikt mənbəyinə çevrilmişdi.
Bəzi iddiaçıların fikrincə, məhz bu gözəgörünməz konfliktin nəticəsi idi ki, zaman-zaman ordu və onun rəhbərliyi əleyhinə mətbuatda yazılar dərc olunurdu.
Bu yöndə ədalətsizliyə yol verilməsin deyə, bu qarşıdurmanı yaxından izləyən bəzi mütəxəssislərin fikirlərinə də yer vermək istədik. Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Mirinin fikrincə, mətbuatda ordu əleyhinə qərəzli yazıların səngiməsində baş komissara göstərilən «qırmızı kartın» böyük rolu var. Çünki bunu yaradacaq səbəblər aradan qaldırılmışdır. Ekspert hesab edir ki, əgər əvvəllər həmin sistemdə maliyyə maraqları və müdafiə nazirinin yerinə keçmək, yaxud özlərinə yaxın çevrənin bir nümayəndəsini həmin görə və gətirmək kimi stimul mövcud idisə, bu gün o stimul başqa yerdə axtarılmaqdadır: «Bu gün Əliağa Hüseynovun da daxil olduğu şəbəkə heç də brilyant dövrünü yaşamır. Hakimiyyət mətbuatında bu çevrənin sıxışdırılması da bunu təsdiq edir. Görünür, o dairədə hər şey son inkişaf həddinə çatıb və artıq öz əksinə çevrilməkdədir. Belə hallarda insanlar daha çox vəziyyəti xilas etmək hayında olurlar. Bu, insanların aqoniya halıdır ki, bu zamanda da mətbuatda kimisə vurmağa nə həvəs, nə də lüzum qalmır. Ancaq generallığın da icra başçılığı olmadığı həqiqətdir. Burada təsərrüfat, sosial qayğılar daha çox olur».
N.Miri hesab edir ki, baş komissarın vəzifədən alınması ölkə prezidentinin ordunun mənafeyinin yanında olması anlamına gəlir: «Bizdə olan məlumata görə, prezident komissarlıqda ciddi kadr dəyişiklikləri, islahatların aparılması ilə bağlı müdafiə nazirinə xüsusi göstəriş verib. Artıq bu yöndə fəaliyyətə başlanılıb. Ancaq bütün bunlar orduya qarşı bir daha qərəzli yazıların olmayacağı anlamına gəlməz. Çünki alətlər dəyişər, adətlər dəyişməz. Ordumuz gücləndikcə, bizi zəiflətmək üçün bu cür hücumlar həm ölkə daxilindən, həm də ölkə xaricindən gözləniləndir. Ona görə bu cür hücumlara qarşı cəmiyyətdə dirənmək üçün immunitet formalaşdırılmalıdır. Çünki gələcəkdə məhz Azərbaycan ordusunun vəziyyəti Cənubi Qafqazda geosiyasi təhlükəsizliyin qarantı olacaq».
Hərbi ekspert və jurnalist Üzeyir Cəfərov da bu fikirdədir ki, orduda qruplaşma olduğu haqda yazılara son vaxtlar demək olar ki, rast gəlinmir: «Əslində mən bu fikirdəyəm ki, orduda qruplaşma olduğu haqda müəyyən vaxtlarda yazılanlar əsassız yazılardır. Qruplaşma haqqında yazan adamlar, məncə, bunu yalnız söz olaraq və ya ehtimal olaraq yazırlar. Yəni ortada fakt olmur. Mən uzun müddət Müdafiə Nazirliyi sistemində işləmiş şəxs olaraq deyə bilərəm ki, bu sistemdə hansısa qrupun olmasını görməmişəm. Zaman-zaman mətbuatda Müdafiə Nazirliyi sistemində qruplaşma və digər bu tipli neqativ proseslər barədə yazılar gedir. Hazırda səngiyibsə, bunu müsbət dəyərləndirmək lazımdır. Müdafiə Nazirliyi sistemində qruplaşmadan yox, bir sıra rəhbər şəxslərin vəzifələrindən sui- istifadələrindən söhbət gedə bilər».
Ü.Cəfərov hesab edir ki, Əliağa Hüseynov hərbi komissarlıq sistemində ən təcrübəli zabit idi: «Sözsüz ki, həmin sistemdə müəyyən nöqsanlar olub. Amma bütövlükdə götürdükdə, məncə, Əliağa Hüseynov hələ uzun illər təşkilati və səfərbərlik işini gözəl bilən hərbçi kimi silahlı qüvvələrə xeyir verə bilərdi»./Etibar SEYİDAĞA, (Yeni Müsavat)