Tarix : 2009 Nov 18
Kod 14935

İŞDƏN ÇIXARILAN FƏHLƏLƏR «AZNEFT» MEYDANINI BAĞLADI

Bizi işdən çıxardılar. Buna bir söz demirik, amma heç olmasa altı aylıq əməkhaqqımızı versinlər
Azərbaycan Servisi/Aran Agentliyi
«Codest» şirkətinin haqlarını tələb edən işçiləri yolu prezident kortejinin keçdiyi vaxtda kəsmək istədi; aksiya polis gücünə dağıdıldı
Dünən axşam saat 18:00 radələrində bir qrup fəhlə prezident kortejinin keçdiyi vaxtda yolu bağlamaya cəhd etdi. «Codest» şirkətinin 50-yə yaxın işçisinin bu addımı atmasına səbəb isə onların işdən qanunsuz olaraq çıxarılmasıdır. Qeyd edək ki, sözügedən şirkət hazırda «Azneft» meydanında «For season of Baku» adlı hotel kompleksinin inşası ilə məşğuldur. Yolu bağlayaraq aksiya keçirən fəhlələr isə bir ay bundan qabaq işdən çıxarılıb. Aksiya iştirakçıları ilə söhbət zamanı öyrəndik ki, işdən çıxarılan fəhlələrə bununla bağlı heç bir səbəb göstərilməyib. Üstəlik, onların altı aydan bəri yığılıb qalan maaşları da verilməyib. Şirkət rəhbərliyi isə öz növbəsində çalışanlara 2 aydır ki, vəd verir.

Qısa sürən aksiyanın sonunda əraziyə çağırılan çoxlu sayda polis əməkdaşı tərəfindən fəhlələr ərazidən uzaqlaşdırıldı. Nəqliyyatın intensiv olduğu yol açıldı. Bunun ardınca isə fəhlələr şirkət rəhbərliyi ilə görüşmək istədiklərini söylədi. Aksiya iştirakçılarından biri olan Lerik sakini Faiq Qəmbərovdan öyrəndik ki, Türkiyənin «Codest» şirkəti neçə aydır ki, onları get-gələ salır. Üstəlik, şirkət işə götürmə zamanı ciddi qanun pozuntusuna yol verərək hotelin tikintisində çalışanlarla əmək müqaviləsi bağlamayıb. Təxminən altı ay «pul sabah olacaq» vədi ilə işləyən 50-yə yaxın işçini sonradan heç bir səbəb göstərmədən işdən çıxarıblar.
Fəhlələr haqlarını tələb etmək üçün şirkət rəhbərliyi ilə görüşməyə bir neçə dəfə cəhd göstəriblər. Lakin onlar mühafizəçilər tərəfindən hər dəfə ofisdən qovulublar. Əməkhaqlarını ala bilməyən fəhlələrə şirkətdən söyləyiblər ki, sizi işə götürərkən əmək müqaviləsi bağlanmayıb, ona görə gedin, hara şikayət edirsiniz edin.
«Altı aydır ki, evimə bir tikə çörək apara bilmirəm. Bütün bunların günahkarı tikinti şirkətinin rəhbərliyidir. Bizi işdən çıxardılar. Buna bir söz demirik, amma heç olmasa altı aylıq əməkhaqqımızı versinlər».
Bu sözləri isə Binəqədi sakini Elman Mustafayev söylədi. Onun sözlərinə görə, şirkət özü işə götürmə şərtlərini bilərəkdən pozub.
Təxminən bir saatdan sonra fəhlələrlə görüşən iş icraçısı, Türkiyə vətəndaşı İhsan Ünal işçilərə söylədi ki, yaxın günlərdə bütün fəhlələrin pulu veriləcək. Lakin verilən bu vəd də aksiya iştirakçılarını qane etmədi. Onlardan bəziləri bildirdi ki, əməkhaqları verilməyəcəyi təqdirdə səhərə kimi burdan ayrılmayacaqlar.
Fəhlələrin bu israrı isə polisləri hərəkətə gətirdi. Əraziyə çağırılan əlavə polis qüvvələrinin köməyi ilə aksiya dağıdıldı, fəhlələr ərazidən uzaqlaşdırıldı.

  • Yazılıb
  • da (də) 2009 Nov 18