Azərbaycan Servisi/Aran Agentliyi
Əldə etdiyimiz məlumata görə, "8-km bazarı" kimi tanınan məkan, "Xalqlar dostluğu" yarmarkası və "Laçın" universamı ilin sonunadək sökülməlidir. Söküntünün göstərişi isə birbaşa Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun göstərişi ilə həyata keçirilir. Çünki sözügedən obyektlər komitənin nəzarətində, yəni mülkiyyətindədir. Artıq bununla bağlı K.Həsənov tərəfindən müvafiq sərəncam da imzalanıb.
Bu haqda məlumatı verən mənbənin sözlərinə görə "Xalqlar dostluğu" yarmarkası və "Laçın" universamı Qara Şəhərdə inşa olunan "Amay" ticarət mərkəzinə köçürüləcək, "8-km bazarı" isə elə həmin ərazidə yerləşən yeni tipli və indiki vəziyyəti ilə müqayisədə xeyli normal sayıla biləcək ticarət mərkəzlərinə.
Paytaxt sakinləri arasında "8-km bazarı" kimi tanınan bu ərazidə isə Avropa standartlarına uyğun yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşa olunması planlaşdırılır. Həmin avtomobil dayanacaqlarının salınmasında əsas məqsədlərdən biri də "Xalqlar dostluğu" və "Neftçilər" metrostansiyası arasında olan tıxacların aradan götürülməsidir.
"Xalqlar dostluğu" metrosu ətrafındakı ticarət obyektlərinin sahiblərinə Yeni Avtovağzal Ticarət mərkəzində yüksək qiymətlər təklif olunduğundan və keçən zaman ərzində bu məkanın ticarət imkanlarının zəif olması aşkarlandığından heç bir sahibkar bu təklifə razılaşmaq istəmir.