Tarix : 2009 Nov 22
Kod 14989

İLHAM ƏLİYEV ERMƏNİSTANA ULTİMATUM VERDİ

“Bu danışıqlar da nəticə verməsə, hərbi yol qaçılmaz olacaq” Türkiyə mənbələri isə Laçın dəhlizinə dair “müsbət irəliləyiş” haqda bildirir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan rəhbərliyinin Qarabağ danışıqları dalana dirəndiyi üçün hərbi planlar üzərində ciddi düşündüyü haqda məlumatlar öz rəsmi təsdiqini tapıb. Srağagün prezident İlham Əliyev Goranboy rayonuna səfəri zamanı məcburi köçkünlər qarşısında çıxışı zamanı danışıqlar prosesinə və Qərb ölkələrinin bu prosesdə tutduqları rola dair heç vaxt olmadığı qədər sərt mesajlar verib.
Prezident bəyan edib ki, bu gün Almaniyanın Münhen şəhərində Ermənistan prezidenti ilə aparılacaq danışıqlarda da nəticə əldə olunmasa, o zaman Azərbaycan danışıqlardan çəkiləcək və hərbi yol qaçılmaz olacaq. İndiyə qədər də Azərbaycan rəhbərliyi, o cümlədən dövlət başçısı daxili ictimai rəyə ünvanlanmış bəyanatlarda dəfələrlə sərt ritorikadan istifadə ediblər. Ancaq bu cür konkret mesaj verilməmişdi və ölkə rəhbərliyi məhz hansı konkret situasiyada danışıqlar prosesindən çəkiləcəyini ifadə etməmişdi.
İ.Əliyev çıxışında deyib ki, Azərbaycan güclü olmasa, Dağlıq Qarabağ məsələsini həll edə bilməz. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. “Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır” deyə, o bildirib. Əliyevin sözlərinə görə, Azərbaycan münaqişənin həllində öz gücünə arxalanmalıdır: “Bəzən başqa yerlərdə, başqa ölkələrdə işğalçı beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal altına düşəndə beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi”. Azərbaycanın dövlət başçısı bildirib ki, ölkəmiz bütün səylərini səfərbər edib. İndi növbə Ermənistanın son addımı atmasına - qoşunlarını işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxarmasına çatıb. İlham Əliyevin sözlərinə görə, belə olmasa, bölgədə vəziyyət gərginləşə bilər.
Prezident bu gün Ermənistanın dövlət başçısı Serj Sərkisyanla Münhendə keçiriləcək növbəti görüşündən də danışıb. O deyib ki, Azərbaycan tərəfi danışıqlara öz proqramı ilə gedir: “O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi var. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”. İlham Əliyev bildirib ki, 1918-ci ildə İrəvan xanlığı, Zəngəzur mahalının ermənilərə verilməsi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb. İndi isə Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına cəhd edilir və buna imkan verilməyəcək: “Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə, danışıqlarda Ermənistan ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək. Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir”.
İlham Əliyevin çıxışı zamanı Qarabağ münaqişəsinin həlli yolu bu cür təsvir olunub: Birinci mərhələ: bütün işğal olunan rayonlar azad edilir, qaçqınlar evlərinə dönür.İkinci mərhələ: qaçqınlar Şuşaya və Dağlıq Qarabağa qayıdırlar. Üçüncü və sonuncu mərhələ: Qarabağın statusu məhz Azərbaycanın dediyi kimi həll olunur. Əliyev üstüörtülü şəkildə Qərb dövlətlərini tənqid edərək deyib ki, onlar münaqişə zonasında status-kvonu saxlamaq və prosesi qeyri-məhdud müddətə uzatmaq istəyirlər. Məqsəd də illərlə nəticəsiz danışıqlar aparılmasını təmin etməklə hərbi əməliyyatların yenidən başlamasını əngəlləməkdir: “Bu status-kvo bizi qane edə bilməz. Nə vaxta qədər danışıqlar aparmaq olar? Daha 15 il gözləyək? Bu, olmayacaq! Məsələdən xəbəri olmayan bəzi beynəlxalq dairələr də bizə deyirlər ki, Ermənistanla əməkdaşlıq edin, Azərbaycan niyə əməkdaşlıq etmək istəmir. Mən də deyirəm ki, gəlin, biz sizin torpaqlarınızı zəbt edək, ondan sonra əməkdaşlıq edərik. Necə əməkdaşlıq ola bilər? Bir ölkə o biri ölkənin torpağını zəbt edib, insanları evsiz-eşiksiz qoyub. Etnik təmizləmə siyasəti aparıb, sonra da deyir ki, gəl, əməkdaşlıq edək. Bu, mümkün deyil”.
Əliyevin çıxışında səslənən mesajlar barədə dünən xarici mənbələr də xəbərlər yayıblar. Rusiya və Ermənistan mənbələri Azərbaycanın Qarabağda yeni müharibə ilə hədələdiyini öz xəbərlərində qeyd edirlər. Belə görünür ki, Azərbaycan dövlət başçısının bu bəyanatı eyni zamanda həm daxili ictimai rəyə, həm də münaqişənin həlli prosesinə cəlb olunmuş beynəlxalq güclərə ünvanlanıb. Yəni bildirilir ki, danışıqlarda konkret irəliləyiş baş verməsə, Azərbaycan danışıqlardan çəkiləcək və məsuliyyət həmin güclərin üzərində qalacaq. Lakin bu bəyanatlar təkcə yerli və xarici ictimai rəyə hesablanmır, eyni zamanda Azərbaycanın regionda gedən son proseslərlə bağlı Qarabağ məsələsində dalana dirənməsindən yaranan real vəziyyəti əks etdirir. Belə məlum olur ki, indi Azərbaycanın doğrudan da başqa yolu qalmır.
Azərbaycan tərəfinin danışıqlarda heç bir irəliləyiş olmadığı haqda ən yüksək səviyyədə verdiyi bəyanatla eyni vaxtda Türkiyə qaynaqları ziddiyyətli görünən xəbər yayıblar. “Hüriyyət” qəzeti dünənki sayında Laçın dəhlizinə dair Minsk Qrupunun apardığı müzakirələrdə “müsbət irəliləyişlərin” baş verdiyi haqda məlumat dərc edib. Bildirilir ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu (ABŞ, Rusiya, Fransa) Ermənistan ilə Dağlıq Qarabağı bir-birinə bağlayan bu dəhlizdə texniki araşdırma işlərini başa çatdırıb. Türkiyə Xarici İşlər Nazirliyindən qəzetə bildirilib ki, Minsk Qrupu “çox gizli mesaj” trafiki ilə müzakirələri tamamlayaraq rəsmi Ankaraya, artıq bu istiqamətdə işlərin bitdiyi, müsbət istiqamətdə irəliləyişlərin olması barədə mesaj göndərib (ANS-press). Qəzet müsbət mesajın detallarının önümüzdəki günlərdə dəqiqləşməsini gözləyən rəsmi Ankaranın Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması müddətinin daha da sürətlənməsi üçün Minsk Qrupuna aşağıdakı mesajları verdiyini yazıb:
Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl) geri çəkiləcək və bu bölgələrə yenidən azərbaycanlı məcburi köçkünlər məskunlaşacaq.
Rayonların beynəlxalq miqyasda təhlükəsizliyi və statusu üçün danışıqlar aparılacaq.
Dağlıq Qarabağın gələcəyi və statusu nəzərə alınmamaqla, bu zamana qədər əldə edilən razılıqlarla əlaqədar bir “Ara razılaşması-İnterim Agreement” imzalanacaq.
Türkiyə mətbuatının yazdığına görə, bütün bu məsələlər önümüzdəki həftə iki ayrı görüşdə müzakirə ediləcək. Almaniyanın Münhen şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün növbəti dəfə görüşəcəklər. Daha sonra Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, 1-2 dekabr tarixlərində Afinada təşkil ediləcək ATƏT zirvəsi çərçivəsində erməni həmkarı Edvard Nalbəndyanla bir araya gələcək. Dekabrın ortalarında isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ankaraya səfəri gözlənilir.
Qeyd edək ki, bu gün Əliyevlə Sərkisyan Münhen şəhərindəki Fransa konsulluğunun binasında görüşəcəklər. Bu, prezidentlərin il ərzində sayca 6-cı görüşüdür. Görüş əvvəlki kimi xarici işlər nazirləri və Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə başlayacaq, prezidentlərin təkbətək görüşləri ilə yekunlaşacaq. Münhen danışıqlarından sonra, noyabrın 24-də İlham Əliyev Rusiyaya işgüzar səfər edəcək. Bu səfərin də əsas məqsədinin Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət olduğu güman edilir.
  • Yazılıb
  • da (də) 2009 Nov 22