Tarix : 2009 Nov 22
Kod 14991

BAKIDA MƏŞHUR ÇEÇEN KOMANDİRİ ÖLDÜRÜLDÜ

Kadırovun ölüm timi paytaxtımızda ova çıxıb Vaxtilə Türkiyədə sərnişin teploxodunu qaçıran Abdurrəhmanov Çeçenistan prezidentinin düşməni sayılırdı
Azərbaycan Servisi/Aran Agentliyi
Bu günlərdə Bakıda daha bir çeçen səhra komandiri qətlə yetirilib. Türkiyə mənbələrinin yaydıqları xəbərlərə görə, Çeçenistan prezidenti Ramazan Kadırova bağlı ölüm qrupu vaxtilə Rusiya qüvvələrinə qarşı döyüşlərdə iştirak etmiş səhra komandirlərindən Vişxan Abdurrəhmanovu öldürüb. “Timeturk” saytının xəbərində deyilir ki, ölüm qrupu 6 nəfərdən ibarət olub. Onlar bir müddət Bakıda Abdurrəhmanovu izləyərək oğurlayıblar. İki həftəyə yaxın Abdurrəhmanovdan heç bir xəbər almaq mümkün olmayıb. İki gün əvvəl isə onun cəsədi Bakı küçələrindən birindən tapılıb.
V.Abdurrəhmanov 1996-cı ildə Çeçenistanda Rusiyanın apardığı hərbi əməliyyatlara dünyanın diqqətini cəlb etmək üçün Trabzon limanından “Avrasiya” adlı sərnişin teploxodunu qaçıran “Şamilin nəvələri” adlı qrupa daxil olub. O, Türkiyədə həbs edilsə də, bir neçə ildən sonra azadlığa çıxıb. Daha sonra Çeçenistanda gedən döyüşlərə qatılıb, son bir neçə ildə isə onun Türkiyə və Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə fəaliyyət göstərən çeçen icmalarından yaraqlılara yardımların toplanmasına rəhbərlik etdiyi güman edilir.
Xəbərdə deyilir ki, Çeçenistan prezidenti xarici ölkələrdəki tanınmış səhra komandirlərini və ona qarşı olan digər nüfuzlu çeçenləri aradan götürmək üçün xüsusi qrup yaradıb. Həmin qrupun müstəqillik tərəfdarı çeçen liderlərinin yaşadıqları ölkələrə keçərək onları ovladığı bildirilir. Məlumata görə, ölüm qrupu Bakıdan sonra Türkiyəyə keçib. Ehtimallara görə, qrupun hədəfində Türkiyədəki çeçen səhra komandirlərindən kimlərsə var. Bu il Türkiyədə bir-birinin ardınca 3 tanınmış çeçen səhra komandiri öldürülüb, bütün hallarda onların qətlinin üstü açılmayıb. Türkiyə mətbuatı və hüquq-mühafizə orqanları qatillərin xaricdən göndərildikləri versiyasını araşdırsa da, hansısa detal əldə etmək mümkün olmayıb.
“Timeturk” onu da qeyd edir ki, “Avrasiya” teploxodunu qaçıranlardan milliyyətcə abxaz Roki Gitsba da 2 il əvvəl Bakıda öldürülmüşdü. Onun cümə günü Bakıdakı məscidlərdən birinin qapısından girərkən Kadırovun adamları tərəfindən güllələndiyi bildirilir. Xatırladaq ki, son bir neçə ildə Bakıda bir sıra tanınmış çeçen səhra komandirləri qətlə yetirilib. Bütün hallarda bu qətllərin üstü açılmayıb. Əsas versiya isə çeçen səhra komandirlərinin Rusiya xüsusi xidmət orqanları tərəfindən ovlanması barədədir. Bir neçə il əvvəl Bakıda “çeçen ovu” üçün göndərilən xüsusi təyinatlı qrupun ifşa edilməsi də baş vermişdi. Əvvəllər tanınmış çeçen səhra komandirlərini və liderlərini xarici ölkələrdə ovlamaq işini bilavasitə Rusiyanın xüsusi xidmət orqanları həyata keçirib. Ancaq son illər bu işlə Kadırovun adamlarının məşğul olduğu bildirilir. Məsələn, bu ilin əvvəllərində Dubayda Kadırova qarşı olan məşhur çeçen səhra komandiri İsa Yamadayev öldürülmüşdü.
  • Yazılıb
  • da (də) 2009 Nov 22