İcra başçısı ... yeyir, qələt eləyir
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi bir neçə gün əvvəl Masallıda bələdiyyə üzvlüyünə namizədlər Çingiz Həşimov və onun oğlu Yavər Həşimov həbs edilib.
Xatırladaq ki, onların yaxınları bu həbsin sifarişli olduğunu bəyan edirlər. Çingiz Həşimov iş adamıdır, Masallıda Mərkəzi Bazarın rəhbəridir. Onun yaxınlarının dediyinə görə, icra başçısı Qəzənfər Ağayev Çingiz Həşimovdan 500 min dollar tələb edib. Şərt qoyub ki, pulu ödəməsə bazardan əl çəkməlidir.
Xatırladaq ki, həbsə Masaaldına seçilən deputatlar kəskin etiraz bildirib. Deputat Əhəd Abıyev mətbuata bildirmişdi ki, həbs sifarişlidir, arxasında icra başçısının pul maraqları dayanır.
Ötən həftə sonu həbs edilən iş adamlarının ailə üzvlərinin dəvəti ilə Masallıya yollanıb problemi araşdırmağa çalışdıq.(Bizim Yol)
İcra başçısı iş Adamı ilə nə üstündə çəkişib?
Əvvəlcə iş adamı Çingiz Həşimovun evində olduq. Biz orada olarkən ona dəstək olan yüzlərlə rayon sakini onların evinə baş çəkirdi. Sahibkarın qardaşı Əlikram Həşimov Ç.Həşimovun və onun oğlunun həbsinin arxasında icra başçısı Qəzənfər Ağayevin dayandığını bəyan etdi. İcra başçısının hələ bir neçə il əvvəl onların ailəsinə qarşı qənim kəsildiyini vurğulayan həmsöhbətimizin sözlərinə görə, Qəzənfər Ağayev qardaşını son illərdə bir neçə dəfə böyük məbləğdə zərərə salıb: «Qardaşımın stadionun yanında bazarı, anbarları var idi. İcra başçısı çağırıb dedi ki, oranı sökürük. Həmin mülkiyyət üzərində hüquqlarımızın olmasına baxmayaraq, bununla razılaşdıq. Və heç bir kompensasiya almadan bunun əvəzində rayonun dəmir yolu ərazisində bir yer ayırdı. Çingiz orada xeyli vəsait xərcləyərək, mağazalar inşa etdirdi. Amma bazar istifadəyə verilməmiş Qəzənfər Ağayev başqa bir yer ayırdı ki, bazar burada inşa olunmalıdır. Qarşılıqlı mübahisələrdən sonra belə qərara gəlindi ki yeni bazar 50/50 prinsipi ilə fəaliyyət göstərsin».
Bu prinsiplə bir müddət çalışdıqlarını deyən Ə.Həşimov bildirdi ki, sonradan Qəzənfər Ağayev qardaşından iri məbləğdə rüşvət tələb edib: «Amma qardaşım bununla razılaşmadı. Bazarda meyvə-tərəvəz satılır. Ay ərzində yığılan pulu nəzərə alanda Qəzənfər Ağayevin tələb etdiyi məbləğ ağlasığmaz görünür. Beləliklə, uzun zamandan bəri davam edən konfilikt bu hadisə ilə nəticələndi».
Ç.Həşimovun həbsinə səbəb olan olaya gəlincə, Ə.Həşimov dedi ki, icra başçısı bir nəfər Qarabağ əlilinə bazarın yaxınlığında torpaq sahəsi ayırıb: «Həmin şəxs isə ona ayrılan sahəyə deyil, Çingizin bazarına məxsus yerə iddia edib. Kiçik narazılıq olub, bu da söz-söhbət səviyyəsindən o yana keçməyib. Amma bir neçə gün sonra Çingizi polisə dəvət ediblər. Oğlu da özü ilə gedib. Qəflətən hər ikisinə həbs verdilər. Təsəvvür edin, döyüldüyü iddia edilən Zaur Abbasov həm məhkəməyə, həm istintaqa ifadə verərək, bəyan edir ki, onu heç kəs döyməyib. Amma onlar bunu qəbul etmək istəmirlər».
Rayon mərkəzində izdiham
Daha sonra Əlikram Həşimovla birlikdə rayonun Mədəniyyət Mərkəzinə yollanırıq. Qeyd edək ki, YAP-dan olan deputatların gələcəyini eşidən rayon sakinləri kütləvi şəkildə oraya axışırdı. YAP-çı deputatların gəlişinə səbəb isə partiyanın bələdiyyə üzvülüyünə namizədlərinin sakinlərlə görüşündə iştirak idi.
Bu görüşdən məlumatlı olan minlərlə rayon sakini iş adamına azadlıq tələbi ilə hələ bir neçə saat əvvəl mədəniyyət mərkəzinin həyətinə yığışmışdı. Əllərində hakim partiyanın bayraqları və dövlət başçısının şəkilləri olan kütlə icra başçısı Qəzənfər Ağayevin ünvanına kəskin şüarlar səsləndirirdilər.
Çingiz Həşimovun «döydüyü» şəxs də ona azadlıq tələb edir
İnsanların arasına daxil olarkən Ə.Həşimov bizi Çingiz Həşimovun və onun oğlunun həbsinə səbəbkar olan Zaur Abbasovla tanış etdi. Baş verənlərdən dəşətə gəldiyiyini deyən Zaur nə Çingiz Həşimovun, nə də Yavər Həşimovun onu döymədiyini deyir: «Mənim mağazamı başçı sökdürdü. Məni bu insanlarla üz-üzə qoymaq üçün bu addımı atdılar. Məni kimsə döyməyib. Çingiz müəllim çıxanda onu qarşılayan özüm olacağam. Orada dava olmayıb, adi narazılıq olub».
Bələdiyyə sədri də icra başçısından narazılıq edir
Masallı şəhər bələdiyyəsinin sədri Nizami Alışov da sakinlərin tələblərini haqlı sayır. Onun sözlərinə görə, həbs edilən Çingiz Həşimov rayonda xeyriyyəçi insan kimi tanınıb: «Belə bir adamı qondarma ittihamla həbsə atmaq gülüncdür. Mən Masallı sakinlərinin tələblərini haqlı sayıram və Çingiz Həşimovun günahsız oldğunu bəyan edirəm. Hər iki şəxs bələdiyyəyə namizəd idi. İnsanların ümumi rəyi bundan ibarətdir ki, bu həbs sifarişli həbsdir.
Masallı ağsaqqalı: «Qəzənfər Ağayev nə qədər pul istəyirsə, yığıb verək, Masallıdan getsin»
78 yaşlı Masallı ağsaqqalı Tofiq Babayev juralist olduğumuzu bilib, ürəyini bizə boşaltdı: «Mən 1948-ci ildə ağaclar əkmişəm. Həmin ağacları bu doğradı. Bu gün Masallıda mindən artıq çoxillik şam ağacları kəsilib, satılır. Bu adamın niyyəti Masallını məhv etməkdi. İnsanların başına oyuna açır, dolanışıq yerlərini əlindən alır. Özünə malikanələr tikib. Bu adam nə istəyir, camaatdan. Nə qədər pul istəyirsə, yığıb verək, çıxıb getsin».
YAP-çı deputatlar protestlə qarşılaşdı
Elə, bu vaxt izdiham yola axışdı. Məlum oldu ki, YAP sədrinin müşaviri Kərim Kərimov və bu partiyadan olan deputatlar Əhəd Abıyev və Mirkazım Kazımov oraya gəlir. Çoxminlik kütləni görən deputatlar ətrafdan yüzlərlə şikayət, müraciət, tələblə qarşılaşdılar..
Deputat Əhəd Abıyevin üstünə gələn kütlə ondan baş verənlərlə bağlı dövlət başçısına müraciət etməyi tələb etdilər. Camaatın qarşısına çıxan Əhəd Abıyev isə YAP-ın tədbirindən sonra onları dinləyəcəyinə söz verdi. Bu vədindən sonra YAP-çı deputatlar görüş keçirilən Mədəniyyət Mərkəzinə daxil oldular.
Təxminən 1 saat sonra yenidən kütlənin qarşısına çıxan deputatlar vətəndaşları dinlədilər.
Etiraz edənlər əsas tələblərinin iş adamı Çingiz Həşimovun azad edilməsi və Qəzənfər Ağayevin cəzalandırılmasının olduğunu dedilər.
Bu arada Çingiz Həşimov tərəfindən döyüldüyü iddia edilən Zaur Abbasov YAP funksionerlərinə yaxınlaşıb, döyülmədiyini dedi.
Deputat: «Masallının çörəyini yeyənlər, onun torpağında gəzənlər əmlak ələ keçirmək üçün insanları tutdururlar»
ZAbbasovun sözlərini uca səslə təkrarlayan Əhəd Abıyev icra başçısını camaat arasında nifaq salmaqda ittiham etdi: «Bu gün Masallının çörəyini yeyənlər, onun torpağında gəzənlər əmlak ələ keçirmək üçün insanları tutdururlar. Belə adamlara ar olsun. Mən sizin bu narazılıqlarınızı möhtərəm prezidetmizə çatdırmağa nail olacam. Söz verirəm ki, Çingizin azad olunması üçün əlimdən gələni edəcəyəm. Çingiz bu xalqı, bu dövləti, ölkənin prezidentini sevən adamdır. Biz hamımız ölkə başçısının siyasətini dəstəkləyirik. Bu adam isə istəyir ki, Masallı camaatını dövlətdən narazı salsın. Mən bığımı və saçımı bu dövlət yolunda ağartmışam. Ölənə kimi də bu dövlətə sədaqətli olacağam».
Hakimiyyəti dəstəkləyən əsl insanların qarşısında olduğunu deyən Ə.Abıyev YAP-ın namizədlərlə görüşünü cüməaxşamına bənzətdi: «İçəridə 25 nəfər yığışıb, elə bir cümə axşamıdır. Bu qədər insanın səsini eşitməmək gülüncdür. Niyə ortalığa çıxmır, icra başçısı. Mən axtardım yoxa çıxıb. Deyirlər, Naxçıvana qaçıb».
Kərim Kərimov: «Belə izdiham görməmişdim»
Daha sonra insanlar qarşısına çıxan Kərim Kərimov ilk dəfə idi ki, regionda belə izdihamla qarşılaşdığını dedi: «Belə izdiham görməmişdim. Siz bu dövləti, bu ölkəni sevən insanlar kimi haqq sözünüzü burada dediniz».
Sonda qəzəblənmiş kütləyə müraciət edən deputatlar onları təmkinli olmağa çağırırlar.
İcra başçısı: «Mən rayonda deyiləm…»
Bu arada icra başçısı Qəzənfər Ağayevə telefon açıb, baş verənlərə münasibətini öyrənmək istəyirik.
Bizimlə danışmağa həvəs göstərməyən icra başçısı rayonda olmadığını dedi: «Mən bilmirəm orada nə baş verir. Ona görə də bir şeyə deyə bilmərəm».
***
Deputat Əhəd Abıyev bir neçə gün əvvəl parlamentdəki alovlu çıxışından sonra Masallı rayonda olub. Burada o, sayı 2-3 min nəfər olan yerli sakinlərlə görüş keçirib. Seçicilərlə görüşü zamanı Əhəd Abıyev icra başçısı Qəzənfər Ağayevi hədəfə götürüb, onun və himayəçisinin ünvanına kəskin ifadələr işlədib. Q.Ağayevi və himayəçisini “mafioz” adlandıran deputat onları küçə söyüşləri ilə təhqir edib. Həmin görüşdə Ə.Abıyevin dediklərinin videogörüntüləri əlimizə yetişib. Mövzuya olan marağı nəzərə alaraq, deputatın dediklərini olduğu kimi, amma kiçik ixtisarlarla dərc edirik.
“Allah qoysa Qurban bayramı günü Çingiz müəllim (həbs olunan sahibkar - red.) burada bizimlə olacaq. Mənim ən başlıca məqsədim bu rayona, dövlətə, xalqa xidmət etməkdir. Heç kim Masallının çörəyini yeyib suyunu içib bizləri tutdura bilməz. Harınlamış adamlar cəzasız qalmayacaq. Mən bu rayonda böyüyüb başa çatan, bu rayondan seçilən millət vəkili kimi, burada anamın rəfiqələrini də görürəm, sizlərə söz verirəm ki, Çingiz müəllim azad ediləcək. Səbirli olun, təmkinli olun. Respublika rəhbərliyinə, dünən mətbuatda da öz sözümü demişəm. Yəni kimlərsə kimlərinsə təzyiqi ilə burada adam tutduracaq, kimlərsə burada əmlak ələ keçirəcək. Mən burada zala girəndə elə bildim cümə axşamına, yasa gəlmişəm. Bu gün YAP-ın, Heydər Əliyev partiyasının yaranmasının 17-ci ildönümüdür. Bu münasibətlə sizləri də təbrik edirəm. Bu gün bura gəlişinizin səbəbi məlumdur. Qarşıda Qurban bayramı, seçkilər gəlir. Biz həmişə ölkə rəhbərinin ətrafında sıx birləşmişik. Hörmətli seçicilər. Bu günləri sizlər haqq-ədalət yolunda bura yığışmısınız. Masallıda günahsız bir adamın tutulmasına etiraz edib bura yığışmısınız, bunun da bir nəticəsi olacaq. Hamı qanuna tabe olmalıdı. Kimlərsə ölkəni ayrı-ayrı bölgələrə bölüb özünü mafioz, qubernator kimi aparırsa, p..(söyüş söyür) yeyib, qələt eləyir. Bizim öz içimizdə elə şərəfsiz var ki, ”meşok-meşok" teleqramlar yazıb göndərir. Bu əclaflar, bu şərəfsizlər belə işlərə şərait yaradır. Amma bu günləri mən sizlərə söz verirəm, şəxsən bu məsələ ilə bağlı hamımızın istəklisi, ölkə prezidentinə, İlham Əliyevin özünə bu müraciəti etmişəm. Prezidentimizin başlıca məqsədi də əhalimizin xoş, firavan həyat yaşamasıdır. Onun apardığı siyasət budur. Kimlərsə də yenə deyirəm, belə bir qanunsuz, kiminsə əmlakını zəbt etmək, Masallının çörəyini yeyib suyunu içib kimlərinsə əmlakını zəbt edib özünü bədbəxt etməklə, özünün isə xoşbəxt yaşaması bu gün yolverilməzdir... Sizlərə söz verirəm ki, Çingiz haqqında qanunsuz qərarı ləğv etdirəcəyik. Hüquq - mühafizə orqanlarının burada günahı yoxdur. Onlar kimlərinsə təzyiqi, təkidi altında həbs ediblər Çingizi. Məcbur olublar. Onun günahı yoxdur. Bunu nəinki Masallı, respublikanın aidiyyəti orqanları da bilir. Qanunun aliliyinə güvənirik, ölkə prezidentinin yürütdüyü siyasəti dəstəkləyirik. Biz onun seçiciləriyik. Mən Heydər Əliyevin də, İlham Əliyevin də vəkili olmuşam seçkilərdə. Və mənə bu səlahiyyət verilibsə bu səlahiyyətdən istifadə edərək Çingiz Haşımovun Qurban bayramında bu yerdə olmasını təmin edəcəyəm. Mən saçımı da, bağımı da bu millətin yolunda ağartmışam. Prezidentimizə dəstək vermişəm, bu gün sizlərə də dəstək verirəm".
Zaur AbbasovBu vaxt Çingiz Haşımovun qardaşı onun qardaşının döydüyü iddia olunan Zaur Təvəkkül oğlu Abbasovu Əhəd Abıyevin yanına gətirir. Z.Abbasov isə Əhəd Abıyevə deyir ki, onun adından saxta ifadələr yazılıb. Bu yolla onu Masallı sakinləri ilə üz-üzə qoyublar. Bundan sonra Ə.Abıyev üzünü camaata tutaraq deyir:
“Zaur deyir ki, məni heç kim, Çingiz Haşımov döyməyib. Məni camaatla üz-üzə qoyublar. Bu da bu millətin oğludur. Bu adama vəd veriblər ki, yalançı şahid kimi üzə duranlıq etsə... Bu da gedib notariusdan keçib, yazıb ki, məni heç kim döyməyib, mən də gedib heç yerə ərizə verməmişəm. Ayıb olsun belə adamlara, deyirlər, Qəzənfər Naxçıvana qaçıb. Ay camaat, aclıq eləməyin, özüm aclıq edəcəyəm bundan sonra. Dağılışın evə”.
Xatırladaq ki, icra başçısı Qəzənfər Ağayev Masallı bazarının sahibi Çingiz Haşımovla uzun müddətdir ki, konflikti var. Bu konfliktin kökündə isə Ç.Haşımovun bazarı icra başçısına satmaması dayanır. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliklərini vermiş Çingiz Haşımova və oğlu Yavər Haşımova namizədliklərini geri götürmələri ilə bağlı təzyiqlər olub. Lakin təzyiqlərə baxmayaraq Haşımovlar namizədliklərini geri götürməyiblər. Bundan sonra onları qondarma ittihamla həbs ediblər.
Dünən Şirvan Apelyasiya Məhkəməsində Çingiz Həşimovun və onun oğlu Yavər Haşımovun istintaq dövründə həbsdən azad edilməsi ilə bağlı apelyasiya şikayətlərinə baxılıb. Günün sonunda aldığımız məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, respublikanın cənub bölgəsinin, o cümlədən də Masallının kuratoru fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Masallının icra başçısı da birbaşa onun adamı sayılır. Ötən dəfə də yazdığımız kimi, Əhəd Abıyev əslində Qəzənfər Ağayevlə bərabər, nazir Heydərovu da vurur. Bunun da səbəblərinin iqtidardaxili çəkişmələrə bağlı olması barədə ciddi qənaətlər var.
P.S. Dünən Şirvan Apellyasiya Məhkəməsində Çingiz Həşimov və oğlu Yavər Həşimovun barəsində çıxarılan həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətlərinə baxılıb. Şirvan şəhərində keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.