Zərdüşt Əlizadə: "Real güclər öz mövqelərini bizim istəyimizə uyğun dəyişməyəcəklər, Ona görə də siyasətimizi elə qurmalıyıq ki, istəyimizə nail olaq"
Azərbaycan Servisi/Aran Agentliyi
Dağlıq Qarabağ probleminin nizamlanması üçün Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşü keçirildi. Əgər nəzərə alsaq ki, indiyə qədər istər xarici işlər nazirləri, istərsə də dövlət başçıları səviyyəsində belə görüşlər çox keçirilib və heç bir nəticə yoxdur, onda bunu da sıradan bir görüş adlandırmaq olar. Bununla belə ABŞ-ın projesi olan Türkiyə-Ermənistan yaxınlaşması və bu yaxınlaşmaya Azərbaycan tərəfinin etirazı bir qədər fərqli situasiya görüntüsü yaradıb. Yəni belə düşünmək olar ki, rəsmi Bakının etirazı Birləşmiş Ştatların Orta Şərq layihəsini əngəlləyir. Ona görə də belə təsəvvür yarana bilər ki, ABŞ hökuməti Qarabağla bağlı öz siyasətində korrektələr etməyə başlayıb. Bəs Türkiyə-Ermənistan yaxınlaşması və Azərbaycan tərəfinin buna etirazından sonra bu cür görüşlər müsbət perspektiv vəd edirmi?
Politoloq Zərdüşt Əlizadənin fikrincə, son görüşdən hansısa müsbət nəticə gözləmək olar. Türkiyə-Ermənistan münasibətləri istiqamətində atılan addımlardan və Azərbaycan hökumətinin məlum mövqeyindən sonra problemin həlli ilə bağlı şərait yarandığını deyən Zərdüşt bəy bunun səbəbini belə izah etdi: "Türkiyə-Ermənistan münasibətlərində müəyyən edilən çalarlardan biri də Qarabağla bağlıdır. Türkiyə tərəfi bəyan edir ki, Qarabağ məsələsində ciddi irəliləyiş olmasa, sərhədlərin açılmasından danışmağa dəyməz. Əgər Ermənistan Türkiyə ilə münasibətlər qurmaq, Qərbə yolunu açmaq istəyirsə, onda Qarabağ məsələsini Azərbaycanla razılaşdırmalıdır. Bu baxımdan görüşü əhəmiyyətli hesab etmək olar. Çünki prtokolların imzalanmasından sonra ilk görüşdür".
Bəs doğrudanmı indiyə qədər problemin həllinə ikili standartlarla yanaşan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri öz mövqelərini dəyişəcəklər? Politoloq hesab edir ki, həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan prezidentləri də, bu ölkələrin cəmiyyətləri də məsələyə ikili standartlarla yanaşırlar: "Baxmayaraq ki, müqəddəs kitabda özünə rəva görmədiyini başqasına rəva bilməmək məsləhət görülür, amma bəşər cəmiyyəti, insanların əksəriyyəti bunun əksinə hərəkət edir. O ki qaldı həmsədr dövlətlərə, biz onları qəbul edib etməməyimizdən asılı olmayaraq real gücdülər. Onların siyasətləri biz gördüyümüz kimidir və bunu bizim istəyimizə uyğun dəyişməyəcəklər. Ona görə də siyasətimizi elə qurmalıyıq ki, məqsədimizə nail olaq".