Əgər ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə canlı qüvvə göndərilməsini elan etsə, Birləşmiş Ştatlar NATO-dakı müttəfiqlərindən və digər tərəfdaş ölkələrin analoji addım atacağını gözləyir
Azərbaycan Servisi/Aran Agentliyi
Əgər ABŞ prezidenti Barak Obama Əfqanıstana əlavə canlı qüvvə göndərilməsini elan etsə, Birləşmiş Ştatlar NATO-dakı müttəfiqlərindən və digər tərəfdaş ölkələrin analoji addım atacağını gözləyir. Bunu jurnalistlərə Pentaqonun mətbuat katibi Ceff Morrel deyib.
Hazırda Əfqanıstanda 68 min Amerika əsgəri, eləcə də NATO üzvləri və tərəfdaş ölkələrdən 45 min hərbçi xidmət keçir. Bu kontingentlərin komandanı Stenli Makkristal avqustun sonlarında bəyan etmişdi ki, əgər əlavə azı 40 min hərbçi göndərilməsə, müharibə duzula bilər.
Ağ Ev təmsilçilərinin sözlərinə görə, Barak Obama Əfqanıstana əlavə 30-35 min hərbçi göndərməyə meyllidir. Əsas məsələ Vaşinqtonun müttəfiqlərini əlavə 5-7 min hərbçi ayırmaq üçün yola gətirməsidir. Ceff Morrel bildirib ki, NATO üzvləri ilə bu barədə müzauirələr dekabrın 7-də aparılmalıdır.
Qeyd edək ki, hazırda Azərbaycanın dörd taqımı Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda xidmət edir. Milli Məclis 2008-ci il oktyabrın 2-də Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının 45-dən 92-yə çatdırılması barədə qərar qəbul edib.